Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6703/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borc məbləğinin silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı Sadiq qızının, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-3820/23 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış elektrik sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və həmin tarixdə NDM 032793 nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın girişində sxemin pozulması, faza xəttinin qrifinə sıfır xəttinin daxil olması, sıfır xəttinin qrifinə isə faza xəttininin daxil olması göstərilmişdir.
2. Həmin akt əsasında iddiaçıya 753,17 manat məbləğində borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən (abunə kodu **********4002A) elektrik sayğacı üzrə xx.xx.2023-cü il tarixli akta əsasən əsassız hesablanmış 763,67 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacına onların məlumatı olmadan xx.xx.2023-cü il tarixdə baxış keçirmişlər və həmin tarixdə 032793 nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın girişində sxemin pozulması, faza xəttinin qrifinə sıfır xəttinin daxil olması, sıfır xəttinin qrifinə isə faza xəttininin daxil olması göstərilmişdir. Həmçinin aktda qapının açılmaması qeyd edilmişdir. Həmin vaxt onlar evdə olmamışlar, göründüyü kimi akt onların iştirakı ilə tərtib edilməmişdir. Nəticədə 763,67 manat borc hesablanmışdır. Elektrik sayğacına heç bir kənar müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş sərfiyyat hesablanmışdır. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan enerji itkisi hesablanmışdır, tərəfindən qeyriqanuni istifadəyə yol verilməmişdir və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Abonentin saldosundan da görünür ki, aylıq ödəmələr elektrik enerjisindən əlavə istifadəyə şübhə doğurmur. Hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir və itirilmiş enerji sərfiyyatı hesablanmışdır. Onlar bu barədə qaynar xəttə müraciət etmişlər, iş günlərində yaxınlaşacaqlarını bildirmişlər, lakin növbəti iş günündə onlara məlumat vermədən xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları sayğacı çıxararaq aparmışlar və evə verilən elektrik enerjisini dayandırmışlar. Bir il əvvəl cavabdehin əməkdaşları sayğacda hansısa təmir işlərini aparmışdılar. Sayğacın az yazdığını bəhanə etmişlər, halbuki sayğacın az yazdığı dövrlərdə evlərində qarət olduğundan onlar evdə olmamışlar. Artıq 4 gündür ki, evə elektrik enerjisi verilmir. Sayğac küçədə yerləşir, sayğacda texniki səbəbdən baş vermiş nasazlıqların aradan qaldırılması birbaşa cavabdeh tərəfin öhdəliyindədir və vətəndaş bununla bağlı məsuliyyət daşımır. Hər hansı bir problem yarandığı təqdirdə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını qabaqcadan xəbərdar etməli və elektrik qurğusuna texniki baxış keçirməli idi. “Elektrik enerjisindən istifadə Qaydaları” cavabdeh tərəfindən kobud şəkildə pozulmalıdır. Həmçinin, sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyildir, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, enerji paylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3820/2023 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli NDM 032793 saylı akta əsasən hesablanmış 753,17 manat məbləğində borcun İddiaçı məxsus **********4002A saylı abunə hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
7. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt etibarlı deyildir. Lakin iddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 763,67 manat borcun silinməsini xahiş etsə də, iş materialları ilə mübahisəli akta əsasən 753,17 manat borcun hesablanmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli və hesablanmış 753,17 manat məbləğində borc silinməlidir.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti də 753,17 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1, 7.1, 7.6, 7.11-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1, 9.1.5-ci, Mülki Prosessual Məcəlləsinin, 14.2, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin olunan hissədə ləğv edilməsini və iddianın bütövlükdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinin (kod: **********4002A) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, mənzilə məxsus elektrik sayğacının girişində sxem pozulmuşdur; faza xəttinin qrifinə sıfır xətti daxil olunur,sıfır xəttinə isə faza xətti daxil olunur; kənar mənbədən götürülmüş sıfır xətti vasitəsilə sayğac dövrədən kənarlaşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları A.Quliyev və G.Vəliyev tərəfindən müvafiq NDM 032793 saylı akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Kənar xəttin qoyuluş gücü p = 6,16 kvt. EEİQ-na uyğun olaraq kənar xəttin ləğv edilməsi, sayğacın sxeminin bərpa olunması qərara alınmışdır. Aktın “abonentin nümayəndəsi” hissəsində “qapını açmadı” qeyd edilmişdir. "xxxx" ASC-nin akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair xx.xx.2023-cü il tarixli qərarına əsasən itirilmiş elektrik enerjinin bərpası məqsədi ilə xx.xx.2023-cü il tarixli NDM 032793 saylı akt üzrə 5.884 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 753,17 manat məbləğində müəyyən edilməklə abonentin abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”: Maddə 1.1. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Maddə 1.3. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğısatqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Maddə 7.1. Əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Maddə 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Maddə 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətində cavabdeh qətnaməni yalnız həmin hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının evinə aid olan elektrik sayğacı iddiaçının yaşadığı evin daxilində deyil, evin hasarının xarici tərəfində yerləşir.
22. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən həmin sayğacın işçi vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh daşıyır. Cavabdeh isə iddiaçının sayğaca müdaxilə olunmasında təqsirini müəyyən etmədən ona əsassız olaraq 753,17 manat məbləğində borc hesablamışdır.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi həmin borcun iddiaçının hesabından silinməsi barədə düzgün nəticəyə gəlmişdir.
24. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
25. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
26. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3820/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: