Məhkəmə qərarları › İş №2(103)-6705/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6705/2023

06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6705/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dairmülki iş üzrə (Açar sözlər: Borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(011)-4121/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2023-cü ilin aprel ayı üzrə 1555,20 manat məbləğində borcunun olması qeyd olunmuşdur. 2.İddiaçı hesablanmış borcu qanunsuz hesab edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh tərəfindən yaşayış evinə dair əsassız hesablanmış 1585.20 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki,o, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 47ünvanında yaşayır.Cavabdehin nümayəndələri tərəfindən əvvəlki sayğac dəyişdirilərək mexaniki sayğac quraşdırılmışdır. 2 ay əvvəl sayğacın işləmədiyini görüb “104” çağrı mərkəzinə müraciət etmiş, sayğaca baxış keçirilərək dəyişiləcəyini bildirmişlər. Bir neçə gün sonra ona sayğacın dəyişdirilməsi barədə akt verilmiş, xx.xx.20203-cü il tarixdə isə cərimə olunması barədə məlimat vermişlər. o, 1994-cü il tarixdən Bakı şəhəri X1 inzibati binasında məcburi köçkün kimi 6 ailə üzvü ilə məskunlaşıb. Sayğacın borcunu hər ay kecikdirmədən ödəyir və buna görə heç vaxt mübahisə yaranmayıb. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 10 avqust 2023-cü il tarixli, 2(011)-4121/2023 saylı qətnaməsi ilə (hakim-Pərviz Zamanlı) iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 47 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00470) İddiaçı hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 35,55 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 6.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 47 ünvanı üzrə **********00470 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2023-cü ilin aprel ayı üzrə 1585,20 manat məbləğində borcunun olması qeyd olunmuşdur. 7.Məhkəmə qeyd etmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyətisərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni cavabdehin üzərinə düşür. 8.Bundan başqa, abonent saldosunda “qalıq və aktlar” bölməsində qeyd olunan borc məbləğinin hansı əsasla hesablanmasını təsdiq edəcək heç bir aktı cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. 9.Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan tələb edilən borcun hansı əsasla hesablanmasını sübut edə bilmədiyindən həmin borcun iddiaçıdan tələb edilməsi də əsassızdır. 10.Bununla birlikdə məhkəmə qeyd etmişdir ki, iddiaçı 1585,20 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində borc kimi yalnız 2023-cü ilin aprel ayı üzrə 1555,20 manat göstərilmişdir. İddiaçı isə qalan borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 1555,20 manat borcun silinməsi hissəsində təmin edilməlidir. 11.Məhkəmə xərcləri ilə əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2-ci :Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarının 4.6, 4.7, 4.8-ci: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin ləğv edilməsinə əsasdır.Belə ki, Cavabdeh İBninəməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindənözünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb.Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.İddiaçı tərəfdən qanunsuz qoşulmanıhəyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir.İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı(iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdrilmədən saxlanılmasını xahiş etdi. 17.İş üzrə Cavabdeh İB məkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş,məhkəməyə məktub göndərərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakıolmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 18.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 19.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 20.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 22.Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 23.Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qazpaylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 24.Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 25.Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadanzədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi(yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq,zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabınaqaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacınındəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələbedildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarındagöstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu iləqaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 26.Maddələr 14.2, 77.1, 217.4 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(011)-4121/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 31.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən müvafiq örtüklə örtülməlidir. 32.Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. 33.Cavabdeh apellyasiya şikayətində iddianın əsassız olmasına dair kifayət qədər sübutların (aktlar, faktları təsbitləyən fotoşəkillər və s.) birinci instansiya məhkəmsinə təqdim edildiyini bildirsə də iş materiallarıından cavabdeh tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilməsi müəyyən edilməmişdir. 34.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdeh tərəfindən tərtib olunmuş aktların qanunsuzluğu və həmin aktlar əsasında hesablanmış borcun əsassız olması səbəbindən məhkəmənin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 35.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 36.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 37.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 38.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ prosessual qanunverciliyin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə həll edilmişdir. 40.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(011)-4121/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar