Məhkəmə qərarları › İş №2(103)-6707/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6707/2020

23.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6707/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qıznın katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əliyeva (Nəsirova) Könül Məmədağa qızının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və sahənin boşaldılması” barədə ilkin, Cavabdeh İddiaçı Məmmədağa qızına qarşı “əmlakın naturada ayrılması, açıq hərracdan satılması və əldə olunacaq vəsaitin bölünməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsindəki 471G saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsindən çıxarılması və yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh onun qardaşı X3 qarşı “evə köçürülmə” barədə ilk iddiası təmin, qardaşının Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” barədə qarşılıqlı iddiası rədd edilmiş, sonradan qardaşının Cavabdeh qarşı qaldırdığı “kompensasiya verməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi də təmin olunmamışdır. Həmin ərəfədə qardaşı Sahib Əliyev xəstə olduğu üçün xüsusi mülkiyyətində olan fərdi yaşayış evini ona bağışlamış, bundan sonra mülkiyyətçi olaraq özü Cavabdeh “yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması” barədə iddia qaldırmış, lakin iddia tələbi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayətinin icraatı Cavabdeh Sabirabad Rayon Məhkəməsində “fərdi yaşayış evinin bağışlamasının ləğv edilməsi” barədə iddia verməsi səbəbilə xx.xx.2018-ci il tarixli qərardadla dayandırılmış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh həmin tələbi təmin olunmamış, lakin onun sözügedən fərdi yaşayış evindən istifadə hüququnun olduğu müəyyən edilmişdir. Məhz bu əsasla Bakı Apellyasiya Məhkəməsi dayandırılmış icraat üzrə onun apellyasiya şikayətinin təmin edilməməsi haqqında xx.xx.2019-cu il tarixdə qətnamə çıxarmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yaşayış sahəsindən Cavabdeh istifadə hüququ olduğundan bu hüquqa bazar qiymətinə uyğun kompensasiya verilməklə xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, Cavabdeh nə qardaşının, nə də onun ailə üzvü olmayıb, Kifayətin evə köçürülməsi yalnız evin mülkiyyətçisinin olmaması ilə bağlı idisə, hazırda ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsindəki 471G saylı evin naturada bölünməsi, evin naturada bölünməsi mümkün olmazsa onun qiymətləndirilərək açıq hərracda satılması və əldə ediləcək vəsaitin İddiaçıyla aralarında ½ hissədə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, Sahib Əliyevlə xx xxxxxx 2000-ci il tarixdə faktiki nikaha daxil olub ailə həyatı qurmuş, övladları olmamış, X1 və X5 aldıqları ünvan 1 ünvanda yerləşən 0,022 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edib 2004-cü ilin oktyabr ayından həmin evdə bir yerdə yaşayıb ümumi təsərrüfat aparmışlar. Sahib Əliyev xx xxxxxx 2015-ci il tarixdə onu həmin evdən qovmuş, buna görə də evə məhkəmə qaydasında məcburi köçürülməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, Sahib Əliyevin apellyasiya və kassasiya şikayətləti isə təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsi icra olunmuşdur və hazırda mübahisəsi gedən evdə yaşayır. Sonradan, xəbəri olmadan ev İddiaçı adına keçirilmiş, X2 ona qarşı "kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbi də Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. X11 birlikdə torpaq sahəsi almasalar idi, orada fərdi yaşayış evi inşa edə bilməzdilər. Həmin torpaq sahəsində onların fərdi yaşayış evi inşa etmələri və həmin evdə yaşamaları qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq olunur. İddiaçı təklif etdiyi kompensasiya məbləği azdır, kompensasiya olaraq ən azı 15 000 manat pulun verilməsi daha ədalətli olar. Evin satış qiyməti hazırda 45 000 manatdır, o isə həmin məbləğdən yalnız 15 000 manat istəyir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, kompensasiya məbləğinin yetərsizliyinə əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və 15 000 manat kompensasiya ilə razılaşacaqlarını bildirmiş, İddiaçı nümayəndəsi X6 isə təklif etdikləri kompensasiyanın ədalətli olduğunu qeyd edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını istəmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, şikayət təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Mülki Məcəllənin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsindəki 471G saylı fərdi yaşayış evi Cavabdeh ilə qeyri-rəsmi (nikaha daxil olmadan) ailə münasibətlərində olan X4 mülkiyyətində olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh həmin evə köçürülməsi qət edilmiş, bu qətnamə apellyasiya və kasassiya instansiyaları tərəfindən qüvvədə saxlanılmış, xx xxxxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsi əsasında ev İddiaçı mülkiyyətinə keçirilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən cavabdehin və əşyalarının çıxarılması” tələbi, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə isə Cavabdeh “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin olunmamışdır. Qanuni qüvvəsini almış həmin məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Cavabdeh sözügedən evdən istifadə hüququ mövcuddur və İddiaçı məhz bu hüquqa kompensasiya verilməklə xitam verilməsini istəməkdədir. Kollegiya qeyd edir ki, ilkin iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal İddiaçı müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə ilkin iddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, ilkin iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş rəydən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsindəki 471G saylı bir mərtəbəli, ümumi sahəsi 46,3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ilə eyni şəraitli, həmin ərazidə 1 (bir) otaqlı orta təmirli yaşayış sahəsinin kirayə haqqı 150-180 manat arası təşkil edir. Başqa sözlə, ilkin iddiaçının təklif etdiyi kompensasiya ilə Cavabdeh təqribən 3-4 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə, evin qiymətinin 45 000 manat olduğu və bu məbləğin 1/3 hissəsinin ona verilməli olduğu barədə Cavabdeh bildirdikləri də əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh evdən çıxarılmasının qarşılıqlı əvəzi kimi təklif olunan kompensasiya məbləğinin onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə hazırda yaşadığı evə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd olunmalıdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsindəki 471G saylı fərdi yaşayış evinin mülkiyyətçisi (paylı mülkiyyətçisi) olmadığından müvafiq iddianı irəli sürmək üçün subyektiv hüquq sahibi deyildir və məhkəmə tamamilə haqlı olaraq onun tələbini əsassız hesab etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1385/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar