Məhkəmə qərarları › İş №2(103)-6713/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6713/2022

27.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6713/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə, Bakı şəhəri 12 saylı Xüsusi Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə, Bakı şəhəri 12 saylı Xüsusi Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı, Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızı, X30) qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1334/2022 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən 42 saylı ev İddiaçı1 mərhum X47un babası Teyyub Adıgözəlova məxsus olmuş, sonuncunun adına həmin evə dair texniki pasport tərtib olunmuşdur.

2. İddiaçı1 ərinin babası Teyyub Adıgözəlovun səkkiz övladı olmuş, onlar mübahisəli evdə yaşamışlar.

3. Teyyub Adıgözəlov 1970-cı ildə, onun arvadı Səkinə Salamova 1989-cu ildə, Teyyubun oğulları Şəmsi Adıgözəlov 1999-cu ildə, oğlu Lətif Adıgözəlov 2013-cü ildə, qızı Rübabə Adıgözəlova 2011-ci ildə ölmüşdür. Şəmsi Adıgözəlovun arvadı (iddiaçının qaynanası) Solmaz Adıgözəlova 1994-cü ildə ölmüşdür.

4. İddiaçının X17 Nazim, Əzim, Elşən və Daşqın adlı dörd oğlu olmuşdur, onlardan Elşən Adıgözəlov (iddiaçının əri) 2012-ci ildə və iddiaçının qaynı Daşqın Adıgözəlov 1993cü ildə ölmüşdür.

5. İddiaçı1 Elşən Adıgözəlov ilə 01 avqust 1998-ci il tarixdə ailə qurmuş, həmin vaxtdan bu günə qədər qeyd etdiyi ünvanda yaşayır və qeydiyyatdadır. Birgə nikahdan xx xxx 1999-cu il tarixdə bir övladı Solmaz Adıgözəlova anadan olmuş, həmin ünvanda yaşamış və qeydiyyatdadır. X47 ölənə qədər mübahisəli ünvanda yaşamışdır.

6. Cavabdeh1 1991-ci ildən ailəsi ilə birlikdə mübahisəli ünvandan başqa ünvana yaşamağa köçmüşdür.

7. Cavabdeh1 27 aprel 2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmiş, ərizədə özündən başqa heç bir vərəsələri qeyd etməmiş, həmin tarixdə mübahisəli evə dair qanun üzrə vərəsəlik şəhadətnaməsini almış və onun əsasında evə dair adına çıxarış əldə etmişdir.

8. Bundan sonra Cavabdeh1 oğlu İsmayıla mübahisəli evin torpaq sahəsinin 0,09 ha hissəsini 16 iyun 2021- ci il tarixdə bağışlamış, sonuncu həmin torpaq sahəsindən 0,04 ha hissəsini cavabdeh Məhəmməd Hüseynova alqı-satqı müqaviləsinə əsasən satmış, sonuncu həmin torpaq sahəsini öz adına rəsmiləşdirərək çıxarış almışdır.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı, Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızı) qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X3 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, Cavabdeh1 Cavabdeh2 arasında 16 iyun 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair iddiaçıların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X3 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində-aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh X9 Cavabdeh2 arasında 16 iyun 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin, Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, Cavabdeh2 X21 arasında 28 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0.04, ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, X4 adına 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xitdmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair onların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X3 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində-aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X9 Cavabdeh2 ilə arasında 16 iyun 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin, Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi,Cavabdeh2 X21 ilə arasında 28 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0.04, ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, X4 adına 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair iddiaçıların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən 42 saylı ev Yeganənin mərhum X7nun babası X11 məxsus olmuş, bununla bağlı onun adına həmin evə dair texniki pasport tərtib olunmuş və həmin texniki passport Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmişdir. Ərinin babası Teyyub Adıgözəlovun səkkiz övladı olmuşdur — dörd oğlu və dörd qızı: X22, X23, Maraqlı şəxs4, Maraqlı şəxs1, X12, X18, X5 və X13. Teyyub Adıgözəlovun arvadı, yəni iddiaçının ərinin nənəsi X20 və onların səkkiz övladları yuxarıda qeyd etdiyi evdə yaşamışlar. İddiaçının ərinin atası (qayınatası) X22 və anası (qayınanası) X14 vəfat edənə qədər yuxarıda qeyd etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evdə yaşamışlar. X24 25 may 1970-cı ildə, onun arvadı isə - X20 17 noyabr 1989-cu ildə vəfat etmişlər. Teyyubun oğlu X22 31 iyul 1999-cu ildə, oğlu X23 28 aprel 2013-cü ildə, qızı X12 09 noyabr 2011-ci ildə vəfat etmişlər. X6 arvadı X14 isə 16 dekabr 1994-cü ildə vəfat etmişdir. X17 üç oğlu olmuş: X27 (iddiaçının əri), Cavabdeh1 (qayını), X25 (qayını). X7 13 iyul 2012-ci ildə, qayını X25 23 mart 1993-cü ildə vəfat etmişlər. İddiaçı1 Elşən Adıgözəlov ilə 01 avqust 1998-ci il tarixdə ailə qurmuş, həmin vaxtdan bu günə qədər qeyd etdiyi ünvanda yaşayır və qeydiyyatdadır. Birgə nikahdan xx xxx 1999-cu il tarixdə bir övladı X19 anadan olmuş və həmin ünvanda yaşamış və qeydiyyatdadır. X47 vəfat edənə qədər qeyd etdiyi ünvanda yaşamış, həmin evi və evin yerləşdiyi torpaq sahəsini idarə etmiş, kommunal xərcləri ödəmişdir. Qaynı Cavabdeh1 1987-ci ildə ailə qurmuş, 1991-ci ildə ailəsi ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvana yaşamağa köçmüşdür. 2020-ci ilin oktyabr ayında qaynı X28 (hazirki iş üzrə cavabdeh), arvadı X15 və onların oğlu Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəhəsi, Qazımaçılar küçəsi, 42 saylı evə köçürülməsi ilə bağlı ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə onların iddia tələbi rədd edilmişdir. Həmin mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxıldığı zaman mübahisəli evə dair heç bir çıxarış verilməmişdir. Bundan sonra iddiaçılar tərəfindən birgə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində Cavabdeh1 baba və atasının davamçısının təkcə o olduğunu, adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətinin Bakı şəhəri Xəzər Məhkəməsində işə baxıldığı zaman yox olduğunu qeyd etmişdir. Apellyasiya məhkəməsində işə baxıldığı zaman Cavabdeh1 mübahisəli evə dair adına çıxarış təqdim etmiş və bu əsasla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların birgə apellyasiya şikayəti təmin edilmiş, iddiaçıların ona, yəni İddiaçı1 qarşı iddia tələbi təmin edilmişdir. Hazırda həmin iş üzrə İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmiş və iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında, baxılma mərhələsindədir. Daha sonra sorğu əsasında onlara məlum olmuşdur ki, Cavabdeh1 27 aprel 2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmiş, ərizədə özündən başqa heç bir vərəsələri qeyd etməmiş, həmin tarixdə mübahisəli evə dair qanun üzrə vərəsəlik şəhadətnaməsini almış və onun əsasında evə dair adına çıxarış əldə etmişdir. Beləliklə, Cavabdeh1 onların hüquqlarını pozaraq, vərəsəlik hüququndan mərhum etmiş, tək özü mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə yiyələnmək istəyir. Notarius öz növbəsində cavabdehin qanunsuz əməllərini həyata keçirmək üçün ona dəstək olmuş, vərəsələrin dairəsini müəyyən etməmişdir. Bundan sonra İddiaçı1 tərəfindən vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmış, ona izah edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Bundan sonra vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət etmiş və onlara imtina cavabı verilmişdir. Bundan əlavə onlara məlum olmuşdur ki, mülki mübahisələr getdiyi zaman Cavabdeh1 adına çıxarış aldıqdan sonra oğlu İsmayıla mübahisəli evin yerləşdiyi mübahisəli torpaq sahəsini 16 iyun 2021-ci il tarixdə bağışlamışdır. Beləliklə, cavabdehlər faktiki olaraq mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə təkbaşına yiyələnərək, onları vərəsəlikdən məhrum etmişlər. Beləliklə, Teyyub Adıgözəlovun vəfatından sonra miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində yerləşən 42 saylı evi və evin yerləşdiyi torpaq sahəsini qayınatası Şəmsi Adıgözəlov tərəfindən idarə etmiş, həmin evdə vəfat edənə qədər yaşamış, faktiki miras əmlakı qəbul etmişdir. Onun vəfatından sonra X47 həmin evi idarə etmiş, kommunal xidmətlər adına olmuş, vəfat edənə qədər həmin evdə yaşamış, torpaq sahəsinə qulluq etmiş, faktiki miras əmlakı qəbul etmişdir. Onlar da bu günə kimi həmin evdə daimi yaşayır və qeydiyyatdadırlar, evin bütün xərcləri iddiaçı tərəfindən ödənilir, Elşən Adıgözəlovun vərəsələri olarkən ona çatan miras əmlakını idarə edib, faktiki miras əmlakı qəbul etmişlər. Qaynı Cavabdeh1 isə həmin evdə qeydiyyatda olsa da, yuxarıda qeyd etdiyi kimi 1991-ci ildən etibarən başqa ünvana daimi yaşamağa köçmüş, miras əmlakını idarə etməmiş, qanunla müəyyən edilmiş müddətini ötürdükdən sonra vərəsəliyin qəbul etməsi ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmiş, digər vərəsələrin olması barədə məlumat verməmişdir. Bundan başqa Cavabdeh1 məhkəmə mübahisəsi qurtarmadan, heç bir icra vərəqəsi olmadan hasarı sökmüş, evin kommunal xətləri olan sayğaclara müdaxilə etmiş, tikinti işləri aparmaq üçün hazırlıq işləri aparmağa başlamışdır. Eyni zamanda da Cavabdeh1 işi çətinləşdirmək və izləri itirmək üçün oğlu ilə bağışlama müqaviləsi bağlamış və öz dediyinə görə torpağın bir hissəsini satmışdır (bununla bağlı notariat ofisinə müvafiq sorğu göndərilmişdir).

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1334/2022 saylı qətnaməsi ilə (hakim X.Ramilə) iddia tələbi qismən təmin edilmiş, 20 may 1970-ci il tarixdə vəfat etmiş X3 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında Cavabdeh1 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq ½ hissədə paylarının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində Cavabdeh2 ilə X21 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 0,04 ha torpaq sahəsinin ümumi mirasın əmlakdan çıxılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair Cavabdeh2 ilə X21 arasında alqı-satqı müqaviləsi bağlanarkən və reyestrdə sonuncu adına qeydiyyata alınarkən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etməklə bu zaman qeydiyyatın düzgün olmadığını bilmədiyindən, Məhəmməd Əhməd oğlu tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdur. Belə olan halda Cavabdeh2 ilə X21 arasında mübahisələndirilən torpaq sahəsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz, əmlakın 0,04 ha hissəsi hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və mübahisəli evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 27 aprel 2021- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında sonuncunun adına həmin evə və torpaq sahəsinə dair çıxarış etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququ da iddiaçıya izah edilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçıların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mübahisəli torpaq sahəsinin 0,04 ha hissəsinin X1, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yenidən tərtib olunarkən nəzərə alınmalı və iddiaçıların payından çıxılmalıdır.

16. Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 5.3, 149.2, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 1243.2, 1252, 1253.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, e- 2(003)-1334/2022 №-li qətnaməsinin Cavabdeh2 ilə X21 ilə arasında 28 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0,04 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, X4 adına 0,04 ha torpaq sahəsinə dair DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, iddia ərizəsi tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə gəldiyi nəticə tam səhvdir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 əvvəlcə 2022-ci ilin yanvar ayında Cavabdeh1 qarşı mübahisəli əmlaka dair Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş icraata qəbul edilmiş, məhkəmənin 12 yanvar 2022-ci il tarixli, e-2(003)-768/2022 №-li qərardadı ilə iddia ərizəsi məhkəmə icraatının mümkün hesab edilməsi və işin məhkəmə hazırlıq iclasının 27 yanvar 2022-ci il tarixə təyin edilməsi qərara alınmışdır. Bundan sonra 1 1 fevral 2022-ci il tarixli, e-2(003)-768/2022 №-li qərardadı ilə qeyd edilən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan 10 gün şikayət vermə hüququ nəzərdə tutulmuşdur. Bu müddət ərzində Cavabdeh2 bilə-bilə ki, atası Cavabdeh1 qarşı iddia tələbi məhkəmədə qaldırılmış və izi itirmək məqsədi ilə 28 yanvar 2022-ci il tarixdə X21 ilə alqısatqı müqaviləsi bağlamışdır. Bundan sonra iddiaçılar məlum etmişdilər ki, Cavabdeh1 ilə X26 arasında mübahisəli əmlaka (ata və oğlu arasında) dair bağışlama müqaviləsi bağlanılmışdır. Bundan sonra iddiaçılar müvafiq sorğu əsasında bütün sübutları toplamış və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdehlər sırasında həm Cavabdeh1, həm Cavabdeh2, həm də ki X16 da qeyd etmişdirlər. Hesab edirlər ki, bu halda, iddia ərizəsinin mübahisəli əmlaka dair alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsində təmin edilməməsinə məhkəmənin yanaşması tam dəlilsiz və əsassızdır. Cavabdeh X21 məhkəmə iclasında həmin əmlak ilə bağlı məhkəmə mübahisəsinin olması barədə xəbəri olmadığını bildirsə də, lakin bununla bağlı hər iki cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdirlər.1-ci instansiya məhkəməsi bu hissədə iddia ərizəsini təmin etməyərək, yalnız cavabdeh X4 əsassız izahatını əsas kimi götürmüşdür. Məhkəmə ilkin çıxarışları və aparılan əqdləri (yəni Cavabdeh1 adına verilən vərəsəlik şəhadətnaməsi və çıxarışı; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanan bağışlama müqaviləsi və onun əsasında verilən çıxarış) etibarsız hesab edildiyi halda, bundan sonraki aparılan əqdlər hüquqi qüvvəsini itirir, həmin əqd (yəni alqı-satqı müqaviləsi) əhəmiyyətsizdir, qanun pozuntusu ilə bağlanılıb və etibarsız hesab edilməlidir. 1-ci instansiya məhkəməsi öz qətnaməsini iddia tələbinin təmin etmədiyi hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1, 337.2, 337.3, 337.4-cü maddələri ilə əsaslandırsa da, lakin həmin hissədə tam səhv nəticəyə gəlmişdir. İşdə olan səndələrdən tam məlum olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətlərin izini itirmək üçün mübahisəli əmlakın 0,04 ha torpaq sahəsini iş üzrə digər cavabdeh X8 qanunsuz olaraq satmış və sonuncu bilə-bilə ki, həmin əmlakın üzərində məhkəmə mübahisəsi mövcudur, həmin əmlakı almışdır. Beləliklə, 1-ci instansiya məhkəməsi iddia tələbinin təmin etmədiyi hissəsində tam səhv nəticəyə gəlmiş, yuxarıda qeyd olunan maddi hüquq normalarını səhv təvsir etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 mübahisəli ərazidə iddiaçıların yaşamalarını istədiklərini bildirdilər, dolayısıyla iddiaçıların mövqeyini dəstəklədiklərini ifadə etdilər.

22. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində, yəni Cavabdeh2 ilə X21 arasında 28 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0,04 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, X4 adına 0,04 ha torpaq sahəsinə dair DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə yönəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

28. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

29. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

30. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

35. 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

36. 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Belə ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir.

43. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

44. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

45. Həmçinin qanunvericilikdə müəyyən edilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

46. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarı)

47. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlaka dair Cavabdeh2 ilə X21 arasında alqı-satqı müqaviləsi bağlanarkən və reyestrdə sonuncunun adına qeydiyyata alınarkən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etməklə bu zaman qeydiyyatın düzgün olmadığını bilmədiyindən, X21 vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdur.

48. Kollegiya qanunvericiliyin yuxarıda göstərilən müddəalarına və onların şərhinə dair Konstitusiya məhkəməsinin şərhinə əsaslanaraq birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab edir.

49. Həmçinin, qeyd edilməlidir ki, əmlakın 0,04 ha hissəsi hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və mübahisəli evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında sonuncunun adına həmin evə və torpaq sahəsinə dair çıxarış etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququ da birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah edilmişdir.

50. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

51. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1334/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar