Məhkəmə qərarları › İş №2(103)-6718/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6718/2022

21.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6718/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Aygün Allahverdiyevanın iştirakı ilə, İddiaçı cavabdeh “X1 Limited” Şirkətinin Azərbaycan Nümayəndəliyinə qarşı “işdən azad edilmə barədə əmrin surətinin və son haqq-hesabın verilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində, daha sonra verilmiş iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, iddiaçının işdən azad edilməsi barədə əmrin surəti ona təqdim olunsun və 7.274 manat son haqq-hesab tam şəkildə iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Aygün Allahverdiyeva isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatın “Dəniz əməliyyatları” adlı struktur bölməsində dənizdə boru quraşdırıcı vəzifəsində işləyib. Tərəflərin arasındakı əmək müqaviləsi işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə görə ləğv edilib. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4418 nömrəli rəyinə görə, əmək münasibətlərinin olduğu dövr ərzində iddiaçıya 2021-ci ilin noyabr ayı üçün ödənilməyən əmək haqqına, 2020-ci və 2021-ci il ərzində aylıq iş vaxtı normalarından əlavə vaxt işlədiyinə, işdənçıxma müavinətinə və 2021-ci il üçün istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan məbləğlər müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi son haqq-hesabın verilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə ərizə verərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni işdən azad edilmə barədə əmrin surətinin verilməsi tələbinin rədd edilməsinə aid hissədə mübahisələndirmir. Ona görə də qətnamənin həmin tələbə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar