Məhkəmə qərarları › İş №2(103)-672/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-672/2021

26.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-672/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh2 vəkili X2, Üçüncü şəxs X14 və onun vəkili X4 iştirak ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsindən üçüncü şəxs X14 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Mənzil Tikinti Kooperativinə üzvlüyü haqqında MTK-nın üzvlərinin ümumi yığıncağının ümumi iclasının 2 nömrəli protokolundan çıxarışın (qərarın) etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 11.12.2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 11.12.2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı qardaşı oğludur, iddiaçının anası Məmmədova Kübra Ələsgər qızı 05.05.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir, ondan 19.09.2009 və 30.10.2009-cu il tarixlərdə "xxxx" MTK-dan müqavilə əsasında aldığı ünvan 2 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının İİ blokundakı 75 və həmin blokun 76 saylı mənzillər, digər əşyalar qalmışdır, onun bütün şəxsi əşyaları, miras əmlakı bacısı və qardaşı ilə razılıq əsasında iddiaçıda qalmışdır və o hal-hazırda həmin əşyalara faktiki sahiblik edir, eyni zamanda onlar razılaşmışlar ki, analarından miras qalan Bakı şəhəri Xətai rayonu N.Rəfiyev küçəsi, ev 25 “A", 75 və 76 saylı birləşdirilmiş mənzillərdə qardaşı oğlu Cavabdeh2 ailəsi ilə birlikdə müvəqqəti yaşadığına görə, mənzil hələlik onun istifadəsində qalsın, lakin iddiaçı bu yaxınlarda miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etdikdə ona məlum olmuşdur ki, anasının adına hər hansı daşınmaz əmlak yoxdur, Cavabdeh2 hansısa yolla mənzilin maliyyə arayışını vəfat etmiş anasının adından öz adına yazdırmış, bunun üçün heç bir hüquqi əsas olmadığı halda mənzili öz adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə aldırmaqla özəlləşdirmişdir, halbuki, 19.09.2009 və 30.10.2009-cu il tarixlərdə anası "xxxx" MTK ilə iki müqavilə bağlamış, bu müqavilələrə əsasən MTK ünvan 2 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda yerləşən ümumi sahəsi 105,1 kv.m. olan 2 otaqdan ibarət 85 saylı mənzili və eyni blokda bu mənzillə yan-yana olan ümumi sahəsi 67,8 kv.m. olan 1 otaqdan ibarət 86 saylı mənzil tikilərək anası K.Ə.Məmmədovanın istifadəsinə verməyi, o isə qarşılığında həmin mənzillərin dəyərini MTK-ya ödəməyi öhdəsinə götürmüşdür, K.Ə.Məmmədova həmin müqavilənin şərtlərinə uyğun olaraq payına düşən öhdəlikləri tam şəkildə icra etmiş, müqavilələri bağladığı günlərdə ilkin ödənişləri ödəmiş, son ödənişləri isə gecikdirmədən 28.02.2011 -ci il tarixdə həyata keçirmişdir, 24.04.2012-ci il tarixdə K.Ə.Məmmədova ilə “xxxx” MTK arasında bağlanmış 30.10.2009-cu il tarixli müqaviləyə dəyişiklik edilərək mənzillərin nömrələri 75 və 76 kimi göstərilmişdir, “xxxx” MTK tərəfindən verilmiş müqavilələrin üzərində olan qeydlərdə anası tərəfindən yuxarıda göstərilən mənzillərin dəyəri tam ödənilməsi təsdiq olunmuş, həmçinin qaz, işıq və su sayğacların onun tərəfindən tam ödənilməsi qəbzlərlə təsdiq olunmuş, “xxxx" MTK tərəfindən 2013-cü ildə verilmiş və möhür ilə təsdiqlənmiş maliyyə arayışından, iclas protokolunun çıxarışından və forma 2 üzrə arayışından da görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 25 “A”, 75 və 76 saylı mənzillərin dəyəri məhz K.Məmmədova tərəfindən ödənilmiş, K.Məmmədova həmin MTK-nın payçı-üzvüdür, "Cavabdeh1” MMC "xxxx” MTK-nın hüquqi varisidir, Cavabdeh1 MMC heç bir hüquqi əsas olmadan anasının ölümündən sonra yuxarıda göstərilən mənzillərin pay haqqının ödənilməsi barədə qanunsuz və əsassız olaraq Cavabdeh2 adına maliyyə arayışı və MTK-nın payçısı olması barədə protokoldan çıxarış vermişdir ki, sonuncu da həmin sənədlərə əsasən mənzili öz xüsusi mülkiyyətinə rəsmiləşdirməklə iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarını pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarının, mənzillərin pay haqlarının ödənilməsinə dair maliyyə arayışlarının, mənzillərə dair xüsusi mülkiyyət hüququ haqqında qeydlərin, hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışların etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, Cavabdeh2 “xxxx” MTK üzvlüyü haqqında ümumi yığıncağın iclasının 02 saylı protokolundan çıxarışın (qərarın), həmçinin Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75 və 76 saylı mənzillərinin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsinə dair “xxxx” MTK tərəfindən verilmiş 11 dekabr 2015-ci il tarixli maliyyə arayışlarının, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75-ci mənzilinə dair Cavabdeh2 adına verilmiş 19 dekabr 2015-ci il qeydiyyat tarixli Çıxarışın, həmin evin 76-cı mənzilinə dair 19 dekabr 2015-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs X14 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 21.10.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahda olduqları müddətdə ünvan 3 ünvanında olan 75 və 76 saylı mənzilləri əldə etmişlər. 12.02.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri həmin mənzillərin tərəflər arasında bölüşdürülməsi və payların müəyyən edilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. Lakin hazırki qətnamə onun hüquqlarını pozsa da, birinci instnasiya məhkəməsi tərəfindən mülki iş üzrə tərəf kimi cəlb edilməmişdir. Həmin mənzillər Məmmədova Kübra Ələsgər qızı tərəfindən “xxxx” MKT ilə müqavilə bağlanması və ya onun ödədiyi pul vəsaiti ilə əldə edilməmişdir. Məmmədova Kübra Ələsgər qızı 05.05.2016-cı il tarixdə vətaf etdiyi müddətədək heç zaman həmin mənzildə yaşamamış, mənzil sahasində istifadə etməmiş və ya mənzil sahəsi onun tərəfindən onun və ya Cavabdeh2 istifadəsinə verilməmişdir. Kübra Məmmədova 2011-ci ildən xəstə olmuş və ayaqlarında xəstəlik olduğundan müstəqil hərəkət edə bilməmişdir. İddiaçı Özbəkistan Respublikası vətəndaşıdır və 2011-ci ildən ötən müddət ərzində 3-5 dəfə Azərbaycan Respublikasına gəlib. Onların yaşadığı evə isə ilk dəfə 2014-cü ilin payız fəslində qonaq kimi gəlmişdir. Məmmədova Kübra Ələsgər qızı ilə “xxxx” MTK arasında müqavilə bağlanmamışdır. Belə ki, 19.09.2009-cu il tarixli və 30.10.2009-cu il tarixli müqavilələrdə payçı kimi göstərilən K.Ə.Məmmədovanın adından imza edilməmişdir. Müqavilələrin sonundakı “ödənilmişdir” sözündən aşağıda Məmmədova Kübra Ələsgər qızının ölümündən sonra hazırlanmışdır. Ona görə də, həmin mənzillərin Məmmədova Kübra Ələsgər qızı tərəfindən alınması və mənzillərin miras əmlak olması ilə bağlı dəlillər əsassızdır. Məhkəmə tərəfindən İddiaçı əcnəbi ölkə vətəndaşı olması nəzərə alınmamış və iddiaçı da bunu məhkəməyə bildirməmişdir. Bu səbəbdən hazırki mübahisəyə MPM-nin 46-cı fəsli ilə müəyyən edilmiş xarici şəxslərin iştirakı ilə icraat qaydasında baxılmamışdır. Həmin qətnamədən həmçinin Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apelyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pomuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(103)- 13172/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən üçüncü şəxs X14 və Cavabdeh2 ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2658/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs X14 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(103)-13172/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs X14 və onun vəkili X11 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X7 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə dəfələrlə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmişdir. İddiaçı dəfələrlə eyni məzmunlu teleqramla məhkəməyə müraciət edərək dünyada baş verən koronavirus pandemiyasını əsas gətirməklə Azərbaycan Respublikasına gələ bilmədiyini, məhkəmə iclaslarında təmsil olumaq üçün vəkillə müqavilə bağlaya bilmədiyini qeyd etmiş və təyin edilmiş məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məhkəmə iclaslarını əsassız olaraq təxirə saldırmaqla məhkəmənin vaxt itkisinə səbəb olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, hazırki mülki işin icraatda olduğu vaxt kəsiyində İddiaçı başqa bir iddia ilə Xətai Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmə iclaslarında nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Qeyd olunalara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, üçüncü şəxs X9 apelyasiya şikayəti təmin edilməli, Cavabdeh2 apelyasiya şikayətli qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan 2 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05.05.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnəmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədova Kübra Ələsgər qızı 26.04.2016-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.05.2016 cı il tarixdə 635 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 17.07.2019-cu il tarixli **********57 saylı məktuna təsdiq edilmiş sürətləri əlavə edilmiş RX seriyalı, ******* №-li Çıxarış, 11.12.2015-ci il tarixli 57 saylı Maliyyə Arayışı, 11.12.2015-ci il tarixli 2№-li forma Arayışı, “xxxx” Mənzil Tikinti Kooperativ üzvlərinin ümumi iclasının 11.12.2015-ci il tarixli 2№-li protokolundan 477733 saylı Çıxarış, RX seriyalı ******* №-li Çıxarış, 11.12.2015-ci il tarixli 2№-li forma Arayış, “xxxx” Mənzil Tikinti Kooperativ üzvlərinin ümumi iclasının 11.12.2015-ci il tarixli 2№-li protokolundan 477735 saylı Çıxarış və 11.12.2015-ci il tarixli 56 №-li Maliyyə Arayışından görünür ki, Cavabdeh2 xxxx” MTK-ya üzv qəbul olunmaqla ünvan 5 ünvanında 16 mərtəbəli 3 girişlı yaşayış binasının 2 giriş 11 mərtəbə, ümumi sahəsi 105.1 kv.m (yaşayış sahəsi 59.6 kv.m) olan 2 otaqlı 75 saylı mənzilin və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəsi 28.5 kv.m) olan 1 otaqlı 76 saylı mənzillərin payçısıdır, həmin mənzillərin dəyəri müvafiq olaraq 23000 manat və 14916 manat məbləğində pul onun tərəfindən ödənilmişdir və mənzillərə görə borcu yoxdur və həmin mənzillərdə qeydiyyatsız yaşayır, qeyd edilən mənzillər tam mülkiyyət hüququ əsasında ona məxsusdur. İş materiallarında olan 24.04.2012-ci il tarixli “Kooperativ binada mənzil tikintisi” haqqında müqavilləin təsdiq edilmiş surətlərindən görünür ki, bir tərəfdən payçı adlanan Kübra Məmmədova və digər tərəfdən icraçı adlanan “xxxx” MTK arasında ünvan 5 ünvanında 16 mərtəbəli 3 girişlı yaşayış binasının 2 giriş 11 mərtəbə, ümumi sahəsi 105.1 kv.m (yaşayış sahəsi 59.6 kv.m) olan 2 otaqlı 75 saylı mənzilə və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəsi 28.5 kv.m) olan 1 otaqlı 76 saylı mənzili parçıya təhvil verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan 23.04.2013-cü il tarixli 276 və 277 saylı maliyyə arayışlarının təsdiq olunmuş surətlərindən görünür ki, Kübra Məmmədova Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 A 2 blok 11-ci mərtəbə 2 otaqlı 75 saylı və 76 saylı mənzillərin dəyərini “xxxx” MTK-ya tam ödəmişdir və borcu yoxdur. İş materiallarında olan 23.04.2013-cü il tarixli “xxxx” MTK-nın üzvlərinin ümumi iclasının 2 saylı protokoldan Çıxarışların təsdiq olunmuş surətlərindən görünür ki, Kübra Məmmədova xxxx” MTK-ya üzv qəbul olunmaqla MTK-nın ünvan 5 ünvanında 16 mərtəbəli 3 girişlı yaşayış binasının 2 giriş 11 mərtəbə, ümumi sahəsi 105.1 kv.m (yaşayış sahəsi 59.6 kv.m) olan 2 otaqlı 75 saylı mənzilin və ümumi sahəsi 67.8 kv.m (yaşayış sahəsi 28.5 kv.m) olan 1 otaqlı 76 saylı mənzilin parçısı olması təsdiq edilmişdir. İş materiallarında olan 04.11.2011 tarixli mədaxil orderinin təsdiq edilmiş surətindən görünür ki, Kübra Məmmədova tərəfindən sayğaclar üçün xxxx” MTK-ya 600 AZN ödənilmişdir. İş materiallarında olan 23.04.2013-cü il tarixli 64 və 65 saylı Forma 2 arayışının təsdiq olunmuş surətindən görünür ki, Kübra Məmmədova ünvan 5 16 mərtəbəli evin 11-ci mərtəbəsində olan 2 otaqlı 75 və 1 otaqlı 76 saylı mənzillərdə qeydiyyatsız yaşayır. İş materiallarında olan 11.12.2015-ci il tarixdə verilmiş 2№-li forma arayışına əsasən Cavabdeh2 ünvan 5 16 mərtəbəli evin 11-ci mərtəbəsində olan 2 otaqlı 75 nömrəli mənzildə qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən X1 ünvanlanmış 26.04.2019-cu il tarixli 811 saylı məktubdan görünür ki, Məmmədova Kübra Ələsgər qızına aid Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin arxiv materiallarında qeydiyyata alınmış hər hansı bir daşınmaz əmlak aşkar edilmədiyindən iddiaçıya vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan 30.12.1965-ci il tarixli, V-TÖ 897947 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 23.09.1965-ci il tarixdə anadan olmuş, onun atası Mamedov Balaca Hüseynoviç, anası Mamedova Kübra Ələskərovnadır. İş materiallarına əlavə edilmiş abunə haqqına əsasən Azərişıq, Azəriqaz və Azərsunun elektron sistemindən alınmış çıxarışlardan görünür ki, mübahisələndirilən mənzillər üzrə abunəçi qismində Kübra Məmmədova çıxış edib və bütün ödənişlər onun adından aparılıb. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən gəldiyi nəticəni belə əsaslandırıb ki, Kübra Məmmədova rəsmi qaydada kooperativə üzv qəbul edilməklə hər iki mənzilin payçısı olub və həmin mənzillərin pay haqqı onun tərəfindən ödənilib. Kübra Məmmədovanın kooperativ üzvlüyündən çıxması və ona pay haqqının dəyərinin ödənilməsi və ya digər əmlak verilməsi, həmçinin onun pay haqqını nəvəsi Cavabdeh2 bağışlaması hər hansı mötəbər yazılı sübutla təsdiq olunmur. Ona görə də mənzillərin pay haqqlarının Cavabdeh2 adına keçirilməsinə dair sənədlər, o cümlədən həmin sənədlərə əsasən sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu barədə verilmiş Çıxarışlar etibarsız hesab edilməlidir. Çünki həmin sənədlərin verilməsi nəticəsində İddiaçı anası Kübra Məmmədovadan miras qalmış mənzillərə vərəsəlik hüququ pozulub. Belə ki, sözügedən mənzillər Cavabdeh2 adına qanunsuz olaraq rəsmiləşdirilməsəydi İddiaçı vəfat etmiş anası Kübra Məmmədovanın qanun üzrə birinci növbəli vərəsəsi kimi həmin mənzillərə pay hüququ əldə edə və ya kooperativdən payının dəyərinin ödənilməsini tələb edə bilərdi. Bu baxımdan İddiaçı hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub və iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 19, 112.1, 112.4cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin hallarından görünür ki, “xxxx” MTK üzvlərinin ümumi yığıncağının 11 dekabr 2015-ci il tarixli, 02 saylı protokol-qərarına, həmçinin kooperativin 11 dekabr 2015-ci il tarixli 56 və 57 saylı maliyyə arayışlarına əsasən Cavabdeh2 11 dekabr 2015-ci il tarixdə “xxxx” MTK-nin üzvlüyünə qəbul edilməklə, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 2 otaqlı, ümumi sahəsi 102,42 kv.metr olan 75-saylı, eləcə də həmin evin 1 otaqlı, ümumi sahəsi 65,8 kv.metr olan 76-saylı mənzillərinin payçısı olması və həmin mənzillərin pay hıqqının onun tərəfindən tam məbləğdə ödənilməsi təsdiq edilib. Həmçinin 19 dekabr 2015-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışlara əsasən hər iki mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Hazırda İddiaçı iddia edir ki, anası Kübra Məmmədovanın 05 may 2016-cı il tarixdə ölümündən sonra ondan 19 sentyabr 2009-cu il və 30 oktyabr 2009-cu il tarixli müqavilələrə əsasən “xxxx” MTK-dən pay haqqını tam məbləğdə ödəməklə satın aldığı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 “A” saylı evin 75-saylı və həmin evin 76saylı mənzilləri, eləcə də digər əşyaları miras qalıb. O, digər vərəsələrin razılığı ilə anası Kübra Məmmədovdan miras qalmış bütün şəxsi əşyalara sahiblik etməyə və həmin əşyaları idarə etməyə faktik başlamaqla mirası qəbul edib. Eyni zamanda digər vərəsələrlə aralarında olan razılaşmaya əsasən anası Kübra Məmmədovadan miras qalmış sözügedən mənzillərdə qardaşı oğlu Cavabdeh2 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamasına razılıq verib. Lakin, bu yaxınlarda miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etdikdə ona məlum olub ki, anası Kübra Məmmədovanın adına hər hansı daşınmaz əmlak yoxdur və Cavabdeh2 hansısa yolla hər iki mənzilin maliyyə arayışını vəfat etmiş anası Kübra Məmmədovanın adından öz adına keçirib və bundan sonra qanuni əsas olmadığı halda hər iki mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə öz adına qeydə aldırıb. Halbuki, anası Kübra Məmmədova tərəfindən hər iki mənzilə dair müqavilələr bağlanarkən ilkin ödənişlər edilib, son ödənişlər isə 28 fevral 2011-ci il tarixdə həyata keçirilməklə hər iki mənzilin pay haqqı anası Kübra Məmmədova tərəfindən tam məbləğdə ödənilib. Həmçinin qaz, işıq və su sayğaclarının dəyəri mərhum anası Kübra Məmmədova tərəfindən tam məbləğdə ödənilib. “xxxx” MTKnin 2013-cü il tarixdə verdiyi və möhür ilə təsdiq etdiyi maliyyə arayışlarından, kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarından, həmçinin 2 saylı forma arayışdan görünür ki, hər iki mənzilin pay haqqı anası Kübra Məmmədova tərəfindən ödənilib. Lakin Cavabdeh1 MMC heç bir hüquqi əsas olmadan anası Kübra Məmmədovanın ölümündən sonra həmin mənzillərin pay haqqının ödənilməsinə dair qanunsuz və əsassız olaraq Cavabdeh2 adına maliyyə arayışı, kooperativin payçısı olmasına dair protokol-qərardan çıxarış verib ki, sonuncu da həmin sənədlərə əsasən hər iki mənzili öz mülkiyyətinə keçirib və bununla da onun həmin mənzillərə olan vərəsəlik, mülkiyyət hüquqlarını pozub. Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, həqiqətən sözügedən mənzilləri nənəsi Kübra Məmmədova öz vəsaiti hesabına satın alıb. Sitarə Vəliyeva ilə ailə qurduqdan sonra nənəsi Kübra Məmmədovanın təkidi ilə 2013-cü ilin aprel ayında ailəsi ilə birlikdə həmin mənzillərə köçüb və o vaxtdan orada yaşayır. 2015-ci ilin dekabr ayında yataq xəstəsi olan nənəsi Kübra Məmmədovanın səhhəti çox ağırlaşdığı üçün sözügedən mənzilləri ona bağışlamaq istəyib, lakin mənzillərin çıxarışları olmadığı üçün bunu notariat qaydada təsdiq etdirə bilməyiblər. Bu səbəbdən də onun xahişi ilə mənzillər əvəzsiz olaraq və faktiki bağışlama kimi onun adına keçirilib və hazırda hər iki mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 MMC-ti iddiaya etiraz edir və bildirir ki, 19 sentyabr 2019-cu il və 30 oktyabr 2009-cu il tarixlərdə “xxxx” MTK (icraçı kimi) və Kübra Məmmədova (payçı kimi) arasında iki müqavilə bağlanıb. Müqavilələrə əsasən Kübra Məmmədova kooperativ tərəfindən tikilmiş Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 25 “A” saylı evin 2otaqlı, ümumi sahəsi 105,1 kv.metr olan 85-saylı mənzilini və həmin evin 1 otaqlı, ümumi sahəsi 67,8 kv.metr olan 86 saylı mənzilini əldə edib. Bununla əlaqədar olaraq Kübra Məmmədova “xxxx” MTK-nə ilkin ödənişləri, 28 fevral 2011- ci il tarixdə isə sonuncu ödənişləri həyata keçirib və hər iki mənzilə görə öz öhdəliklərini tam icra edib. Bundan başqa Kübra Məmmədova hər iki mənzilin su, qaz və işıq sayğaclarının dəyərini ödəyib. 24 aprel 2012-ci il tarixdə Kübra Məmmədovanın xahişinə əsasən ona məxsus olan mənzillər heç bir əlavə ödəniş almadan, eyni blokda, üç mərtəbə aşağı, eyni layihə üzrə, eyni ölçüdə, yan-yana olan 75 və 76 saylı mənzillərlə dəyişdirilib. 05 avqust 2012-ci il tarixdən başlayaraq bir neçə ay müddətində Kübra Məmmədovanın hesabına, oğlu Eldar Məmmədov tərəfindən hər iki mənzildə təmir, tamamlama işləri aparılıb və qeyd olunan mənzillər bir mənzildə birləşdirilib. Təmir başa çatdıqdan sonra 2013-cü ilin aprel ayında Kübra Məmmədovanın razılığı ilə nəvəsi Cavabdeh2 həmin mənzilə köçüb. 23 aprel 2013cü ildə Kübra Məmmədovanın xahişi ilə ona məxsus olan mənzillərin dövlət qeydiyyatından keçirilməsi üçün Cavabdeh1 MMC tərəfindən Dövlət Reyestr Xidməti üçün lazımı sənədlər (kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, 2 saylı formada arayış) verilib. Lakin bu məsələ Cavabdeh1 MMC-nə məlum olmayan səbəblərə görə həll olunmamış qalıb. 11 dekabr 2015-ci il tarixdə Eldar Məmmədov Cavabdeh1 MMC-nə bildirib ki, anası Kübra Məmmədovanın səhhəti həddən artıq ağırdır və o, mənzillərin dövlət reyestrindən keçmədiyi üçün onları notarial qaydada nəvəsi Cavabdeh2 bağışlaya və ya miras qoya bilmir və xahiş edir ki, faktiki bağışlama kimi həmin mənzilləri əvəzsiz olaraq nəvəsi Cavabdeh2 adına keçirsin. Göstərilənləri və oğlu Eldar Məmmədov tərəfindən bütün ödənişlərin həyata keçirilməsini nəzərə alıb hər iki mənzilə dair lazımı sənədləri, o cümlədən “xxxx” MTK üzvlərinin ümumi iclasının protokol (qərarından) çıxarışı, maliyyə arayışını, eləcə də 2 saylı formada arayışı Cavabdeh2 adına verib və hər iki mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Üçüncü şəxs Sitarə Vəliyeva da iddia tələbinə etiraz edir və bildirir ki, 21 oktyabr 2011-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh2 ilə ailə qurub. Birgə nikahları müddətində Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 “A” saylı evin 75-saylı və həmin evin 76-saylı mənzillərini satın almışlar. Hər iki mənzil qanuni əsaslarla mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə əri Cavabdeh2 adına qeydə alınıb və sonuncunun adına “hüquqların dövlət qeydiyyatı haqqında” 19 dekabr 2015-ci il tarixli Çıxarışlar verilib. Lakin sonradan Cavabdeh2 ilə aralarında olan ər-arvad münasibətləri pozulub və 12 fevral 2019-cu il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri mənzillərdən paylarının müəyyən edilməsini iddia etdiyinə görə ona həmin mənzillərdən pay verməmək üçün Cavabdeh2 Özbəkistan Respublikasının vətəndaşı və orada daimi yaşayan bibisi İddiaçı adından hazırki iddianı qaldırıb. İddaya görə onların birgə nikah dövründə ümumi qazancları hesabına əldə olunan mənzillər guya Cavabdeh2 05 may 2016-cı il tarixdə vəfat etmiş nənəsi Kübra Məmmədovadan miras qalıb. Halbuki, həmin mənzillərə dair Kübra Məmmədovanın adına olan sənədlər sonradan tərtib edilməklə saxtadır və həmin sənədlərin əsli yoxdur. Mərhum Kübra Məmmədovanın tərəf olduğu müqavilələr ümumiyyətlə onun özü tərəfindən imzalanmayıb. Həmin mənzillər Kübra Məmmədovanın pul vəsaiti hesabına əldə edilməyib və sonuncu heç vaxt həmin mənzillərdə yaşamayıb. Bu səbəbdən də İddiaçı iddia ərizəsində mübahisəli mənzillərin pay haqqlarının mərhum anası Kübra Məmmədova tərəfindən ödənilməsi və həmin mənzillərin sonuncudan miras qalmış əmlakın kütləsinə aid olmasına istinad etməsi tam əsassızdır. Eyni zamanda İddiaçı qanunla müəyyən edilmiş qaydada mərhum Kübra Məmmədovanın vərəsəsi olması rəsmi sənədlərlə təsdiq olunmur. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla, hazırda mübahisə predmeti olan mənzillər daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Kübra Məmmədovanın adına qeydə alınmayıb. Həmin mənzillər onun öz sağlığında mülkiyyət hüququ üzrə 19 dekabr 2015-ci il tarixdə nəvəsi Cavabdeh2 adına qeydə alınıb və bundan 4 ay sonra, yəni 26 aprel 2016-cı il tarixdə Kübra Məmmədova vəfat etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan hallara diqqət yetirməyib və Kübra Məmmədovanın öz sağlığında qeyd olunan mənzillərə dair nəvəsi Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri məhkəmə qaydasında mübahisələndirməməsini nəzərə almayıb. Digər tərəfdən Kübra Məmmədova 05 may 2016-cı il tarixdə öldüyü halda, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 10 may 2019-cu il tarixdə, yəni 3 ildən sonra müraciət edib və hazırki iddianı nümayəndəsi Rəhim Əhmədov vasitəsilə qaldırıb. Bundan başqa, İddiaçı Özbəkistan Respublikasının vətəndaşıdır və onun Azərbaycan Respublikasında ümumiyyətlə daimi yaşayış yeri yoxdur. Mülki qanunvericiliyə görə mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hal, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər sənədlər ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). Birinci instansiya məhkəməsi qətnamədə hazırki iddianı qaldırmış İddiaçı müvafiq subyektiv hüquqa malik olması qənaətinə gəlsə də, gəldiyi nəticəni sadalanan maddələrin tələblərinə uyğun olaraq hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmadan, mərhum Kübra Məmmədovadan miras qalmış daşınar və daşınmaz əmlakların kütləsini, onun vərəsələrinin dairəsini müəyyən etmədən, ümumiyyətlə digər vərəsələrin hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, bir sözlə vərəsələrdən hansının razılığı ilə İddiaçı anası Kübra Məmmədovdan miras qalmış hansı şəxsi əşyalara sahiblik etməyə faktik başladığını, həmin əşyların nədən ibarət olduğunu, bunun mirasın qəbulu üçün yetərli olub-olmadığını araşdırmadan, İddiaçı hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olmasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sözügedən mənzillərə dair “xxxx” MTK tərəfindən Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri (“kooperativ üzvlərinin ümumi yığıncağının protokol-qərarını, mənzillərin pay haqqının ödənilməsinə dair maliyyə arayışlarını, mənzillərə dair mülkiyyət hüququ haqqında qeydləri, hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışları) mübahisələndirməsi, yəni müvafiq subyektiv hüquqa malik olması üçün ilk növbədə onun həmin mənzillərə qanunla müəyyən edilmiş qaydada hər hansı hüququ əmələ gəlmiş olmalı və ya həmin mənzillər mərhum Kübra Məmmədovadan miras qalmış əmlakın kütləsinə aid olmaqla, həmin mənzillərə İddiaçı sahiblik etməyə və ya idarə etməyə faktik başlaması mülki iş materialları ilə istisna edilməməlidir. Hazırki işdə qeyd olunan hallar mülki iş materialları ilə təsdiq olunmur və İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsini mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmununu nəzərə almaqla birinci instansiya məhkəməsi düzgün müəyyən etməyib. Digər tərəfdən Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Sadalanan maddələrin mənasına görə miras onun açıldığı gündən vərəsənin mülkiyyəti o vaxt sayılır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etmiş olsun və mirasın açıldığı gündən altı ay keçməmiş olsun. Hazırki halda İddiaçı vərəsəliyə çağırıldığını 26 aprel 2016-cı il tarixdən, yəni anası Kübra Məmmədovanın öldüyü gündən bilməsi və ya bilməli olması mülki iş materialları, həmçinin iddia ərizəsinin dəlilləri ilə istisna edilmir. İşin bu halları iddia ərizəsinin dəlilləri, İddiaçı nümayəndəsinin izahatı ilə də inkar olunmur. Birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən və qanuna görə vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etməli olmasını, mirasın açıldığı gündən isə altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsini, hazırki iddianın isə əslində 12 fevral 2019-cu il tarixdə Sitarə Vəliyeva tərəfindən Bakı şəhəri, Xətai Rayon Məhkəməsində Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakdan, həmçinin mübahisəli mənzillərdən payın müəyyən edilməsinə dair iddia qaldırdıqdan sonra irəli sürülməsini və beləliklə də İddiaçı iddia etdiyi mənzillərlə bağlı 3 ildən sonra məhkəmədə hazırki mübahisəni açmasını nəzərə almadan, qətnamə qəbul etmişdir. Daha sonra Mülki Məcəllənin 112.4-cü maddəsində təsbit olunmuşdur ki, kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Maddənin mənasına görə kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutlmayıbsa, kooperativin üzvü ödükdə onun vərəsələri ilk növbədə kooperativ üzvlüyünə qəbul edilə bilərlər, yox əgər onlar kooperativ üzvlüyünə qəbul edilməkdən imtina etdikləri halda, onda mənzil deyil, məhz kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan maddənin tələbləri baxımından iddianın əsaslılığına hüquqi qiymət vermədən, digər və mübahisəli mənzillərə dair mərhum Kübra Məmmədova ilə bağlanmış, lakin onun özü tərəfindən imzalanmamış çoxsaylı, ziddiyyətli müqavilələrin, o cümlədən maliyyə arayışlarının, kooperativ üzvlərinin ümumi yığıncağının protokol qərarının və sair həqiqiliyini yoxlamadan, zərurət yarandığı halda həmin sənədlərin əslini məhkəməyə təqdim etməyi “xxxx” MMC təklif etmədən, 3 ildən sonra İddiaçı iddia tələbinə əsasən mübahisəli mənzillərə dair Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədləri etibarsız saymaqla, ödənilmiş pay haqqlarını deyil, sözügedən mənzilləri mirasın kütləsinə, yəni Kübra Məmmədovanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) toplusuna aid etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərilir ki, işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilməlidir. Həmin Məcəllənin 89.2-ci maddəsində göstərilir ki, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqilyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almamış iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də üçüncü şəxs X9 apelyasiya şikayətlərinin dəlilləri tam, və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlilləri isə qismən əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X9 apelyasiya şikayəti təmin edilməli, Cavabdeh2 apelyasiya şikayətli qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Üçüncü şəxs X9 apelyasiya şikayəti təmin edilsin. Cavabdeh2 apelyasiya şikayətli qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar