Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6720/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)-990/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 15 may 2020-ci il tarixli NDQ 007332 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən ona hesablanmış 847,08 manat məbləğində əlavə ödənişin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqribən dörd ilə yaxındır o, ünvan 1 ünvanında yerləşən kafenin sahibidir və kiçik sahibkar kimi əhaliyə xidmət göstərir. İş fəaliyyəti ilə bağlı sərf etdiyi enerjinin pulunu vaxtlı-vaxtında ödəmişdir. Ölkədə və dünyada COVİD-19 virusunun yayılması ilə bağlı pandemiya ilə əlaqədar ölkə ərazisində olan digər obyektlər kimi o da fəaliyyət göstərməmişdir. 2020-ci ilin may ayının ortalarında karantin rejimi yumşaldığından, obyektlərin işləməsinə icazə verilmiş və o da obyekti işə salmışdır. Fəaliyyətə başlayarkən 15.05.2020-ci ildə işıq idarəsindən obyektə gələrək qərəzli şəkildə akt tərtib etmiş və ona qanunsuz olaraq 847,18 manat cərimə yazmışlar. Həmin akt ona təqdim olunmamış və onların qanunsuz hərəkətləri barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi şəkildə ərizə ilə müraciət etməsinə baxmayaraq müraciətinə cavab verilməmişdir. Dəfələrlə qanunsuz tərtib edilmiş aktın surətini tələb etməsinə baxmayaraq həmin aktın surəti ona verilməmiş və sadəcə cərimənin ödənilməsi onlar tərəfindən tələb edilmişdir. Hesab edir ki, "xxxx" ASC tərəfindən onun hüquqları kobud surətdə pozulmuşdur. Ona görə də hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış 847,08 manat məbləğində cərimə silinməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)-990/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əsaslandırılmışdır ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına baxış zamanı obyektə aid elektrik sayğacının giriş faz xəttinin kəsik olması, çıxışda quraşdırılmış ayırıcı avtomata birbaşa daxil olması aşkar olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq iddianı təmin etmiş, abonentə hesablanmış cəriməni silmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 15 may 2020-ci il tarixli NDQ 007332 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu **********41568) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, aktda obyektə aid elektrik sayğacının giriş faz xəttinin kəsik olması və çıxışda quraşdırılmış ayrıcının avtomata birbaşa daxil olması qeyd olunmuşdur. "xxxx" ASC-nin 18.05.2020-ci il tarixli icra vərəqinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında **********41568 abunə kodlu elektrik sayğacının giriş faz xəttinin kəsik olduğu, çıxışda quraşdırılmış ayrıcının avtomata birbaşa daxil olduğu qüsur kimi müəyyən edilmişdir. İstehlakçıya (1,8 kvt x 12 saat x 613 gün) – 3829 kvts = 9412 kvts hesablanması və sxemin bərpa edilməsi qərara alınmışdır. Abunə kodu **********41568 olan abunə haqqında sənəddən görünür ki, 15 may 2020-ci il tarixli NDQ 007332 saylı akta əsasən İddiaçı 847,08 manat əlavə ödəniş hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən kafenin sahibidir. İddiaçı fərdi sahibkar statusuna malik olmayan şəxs olduğundan, onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmışdır. İş materiallarından görünür ki, aktın tərtib olunması zamanı hal şahidləri və abonent iştirak etməmiş və iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hallar aktın etibarsız hesab edilməsinə və həmin akt əsasında hesablanmış borcun silinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)- 990/2021 saylı qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən şikayət verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(006)-990/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6720/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6720/2021
22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver