Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6721/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X5 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-289/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X5 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, mübahisəli ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilə dair miras qoyan X2 adından tərtib olunmuş vəsiyyətnamənin saxta olduğundan etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə əsasında cavabdeh Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən digər cavabdehlər Cavabdeh1 miras əmlakın 7/10 hissəsində və Cavabdeh2 miras əmlakın 3/10 hissəsində verilmiş 30 iyul 2018-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv olunması, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunması, mübahisəli miras əmlaka münasibətdə İddiaçı ikinci növbəli vərəsə olduğundan və birinci növbəli vərəsələrin olmaması səbəbindən miras qoyan X2 vəfat etdikdən sonra miras qalmış ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzilin bütövlükdə İddiaçı çatması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası ünvan 2 ünvanında yaşamış X13 06.08.2017-ci il tarixdə vəfat emişdir. O. bibisi, yəni atası İddiaçı Fləşım oğlunun bacısı X2 evində, yəni ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. X6 06.08.2017ci il tarixdə vəfat etmişdir. Onun bibisi X7 isə 24.01.2019-cu il tarixdə vəfat etmişdir. X2 ailəsi və uşaqları olmamışdır, həmçinin atası və anası da vəfat etmişlər. T.Musayeva vəfat edənə qədər bildirirdi ki, özünə məxsus ünvan 2 ünvanda yerləşən mənzili yaxın Qohumlarına, o cümlədən X6na, sonuncu isə vəfat etdikdən sonra onun övladına, yəni ona vəsiyyət edəcəkdir. X6 uşaqlıqdan bibisi X2 himayəsində olmuşdur. X1 24.01.2019-cu il tarixdə vəfat etdikdən sonra məlum olmuşdur ki, ona məxsus ünvan 2 ünvanda yerləşən mənzili bacısı qızı, hazırda Cavabdeh1 və ümumiyyətlə qohum olmayan Cavabdeh2 müvafiq hissələrdə vəsiyyət etmişdir, həmin vəsiyyətnamə 11 aprel 2018-ci il tarixdə cavabdeh Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən iki nəfər şahidin - X9 və Hüseynova ilhamə Faiq qızının iştirakı ilə tərtib edilərək təsdiq edilmişdir. Bu vəsiyyətnamə ortalığa çıxandan sonra onlar çox tərəddüd etdilər və belə qənaətə gəldilər ki, həmin vəsiyyətnamə saxtadır, atasının bibisi X7 24.01.2019-cu il tarixdə vəfat edənə qədər artıq kifayət qədər - 90 yaşında olmuşdur. Bu yaşda olan qadın artıq hərəkətlərinə qiymət vermək iqtidarında olmamış, nə etdiyini bilməmiş, fəaliyyət qabiliyyəti olmamışdır. Bu səbəbdən hesab edir ki, 11 aprel 2018-ci il tarixli vəsiyyətnamə etibarsızdır, həmin vəsiyyətnamə vəsiyyət edən X7 tərəfindən imzalanmamışdır, vəsiyyətnamədə olan imza sonuncuya məxsus deyil, həmin vaxt o, ağır xəstəlikdən əzab çəkdiyindən etdiyi hərəkəti dərk etməmiş, öz iradəsini aydın ifadə edə bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-289/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışlar ki, miras qoyan X7 tərəfindən imzalanmış vəsiyyətnamədə mövcud olan imza axınlı printer vasitəsilə həmin imza yerinə köçürülmüşdür. Bu nəticəyə gəlmək üçün vəsiyyətnamənin vərəqəsinin arxa tərəfində, imza olan yerə nəzər salmaq kifayət edir. Həmin yerdə diyircəkli qələmdən əmələ gələn relyef görünmür. Başqa sözlə, imza nümunəsi sənədə texniki vasitənin köməyi ilə köçürüldüyündən, bu sualı məhkəmə-xəttşünaslıq ekspertizasının cavablandırılması mümkün deyildir. Cavabdehlərin nümayəndəsi məhkəmədə israrla bildirmişdir ki, kontordan kənar əməliyyat aparılmamışdır. Həmçinin, notariat hərəkəti apanlarkən vəsiyyət edənin onlayn rejimdə görüntüsü “Elektron notariat” sisteminə əlavə edilməmişdir. Habelə, vəsiyyətnamənin tarixi 11 aprel 2018-ci il göstərilsə də, bu notariat hərəkəti “Elektron notariat” sisteminə yalnız 12 aprel 2018-ci il tarixdə daxil edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili nümayəndəsi Vəkil2 şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 03.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 24 yanvar 2019-cu ildə vəfat etmiş X2 vərəsəsi Bakı şəhəri, H.ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 və o miras əmlakdan tam hissədə pay almalıdır. Barəsində şəhadətnamə verilən əmlak Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İstitunun 35-1-95 nömrəli 13 mart 2019-cu il tarixli məktubuna əsasən mərhum - X2 vəfatı ilə əlaqədar ona ödənilməli olan əmək haqqının 3 misli qədər 1350,00 manat miqdarında pul vəsaitindən ibarətdir. 30.07.2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 24 yanvar 2019-cu ildə vəfat etmiş X2 vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh2dur. Bakı, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 126, mənzil 54 və o miras əmlakdan 3/10 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvenarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 11.04.1996 tarixdə X4 verilmiş 30/88682 qeydəalma nömrəsi ilə 591 nömrəli kitabın 88682-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 74 kv/m, yaşayış sahəsi 54 kv/m, 03 otaqlı mənzildən ibarətdir. Cavabdeh1 ərizəsindən görünür ki, ünvan 5 ünvanında yaşayan xalası X7 vəfat etmişdir. Miras əmlak: Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, ev 29, mənzil 30-dan və pul vəsaitindən ibarətdir. Cavabdeh2 ərizəsindən görünür ki, ünvan 5 ünvanında yaşayan xalası X7 vəfat etmişdir. Miras əmlak: ünvan 5-dan və pul vəsaitindən ibarətdir. 04 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsinin 28.01.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24.01.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28.01.2019-cu il tarixdə 222№ ilə qeyd edilmişdir. Ölümün səbəbi başqa rublikalarda təsnif olunmayan virus mənşəli pnevmoniyadır. 11.04.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan X7 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: ölən günədək Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı 007249 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində 29 nömrəli evin 50 nömrəli mənzilin 7/10 hissəni Bakı şəhəri, H.ünvan 3 ünvanında olan Cavabdeh1 və həmin mənzilin yerdə qalan 3/10 hissəni ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh2 vəsiyyət edirdi. X7 Bakı şəhəri, Bül-bül prospekti küçəsi 29 №-li yaşayış evinin 50 saylı mənzili onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri 29 №-li notariat kontorunun notariusu İ.N.Mirzəzadənin məktubundan görünür ki, institutun mərhum əməkdaşı X2 vəfatı ilə əlaqədar olaraq ona ödənilməli olan əmək haqqının 3 misli qədər 1350,00 manat vərəsəsi Cavabdeh1 ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 05.02.2021-ci il tarixli, №4/41 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 11 aprel 2018-ci il tarixli vəsiyyətnamədə 1 -ci "imza” qrafasında “Myseeva.T.A” yazısının qarşısındakı imza, X4 məxsus olmuş AZE seriyalı 13975635 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində “vəsiqə sahibinin imzası” qrafasında əks olunmuş imza, mülki işin 19-cu vərəqində X4 məxsus AZE seriyalı 02962604 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində “vəsiqə sahibinin imzası” qrafasında əks olunmuş imza - öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim təqdim edilmiş, 11 aprel 2018-ci il tarixli vəsiyyətnamədə 2-ci “imza” qrafasında Rəhimov R.R.” yazıları və həmin yazıların qarşısındakı imza ilə 3-cü “imza” qrafasında “Hüseynova İlhamə F.Q” yazıları və həmin yazıların qarşısındakı imza - öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, X7 mülkiyyətçi kimi öz mülkiyyətində olan evi vəsiyyətnamə ilə vəsiyyət etməklə mülkiyyətindən öz istədiyi kimi istifadə etməkdə haqlı olmuşdur. İddiaçı tələblərinin hüquqi əsaslarını sübut edə bilməmiş, mübahisələndirilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə iş materiallarından görünür ki, evə dair vəsiyyətnamə notariusda olmuş, vəsiyyətnamə imzalanmış, notarius tərəfindən vəsiyyətnamə təsdiq edilmiş, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, vəsiyyətnamə X7 tərəfindən notariusun yanında imzalanmış, vəsiyyət edənin şəxsiyyəti və fəaliyyət qabiliyyəti müəyyənləşdirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassızdır. İddia tələbi qeyd edilən hissədə əsassız olduğundan iddia tələbi “vəsiyyətnamə əsasında cavabdeh Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən digər cavabdehlər Cavabdeh1 miras əmlakın 7/10 hissəsində və Cavabdeh2 miras əmlakın 3/10 hissəsində verilmiş 30 iyul 2018-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv olunması, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunması, mübahisəli miras əmlaka münasibətdə İddiaçı ikinci növbəli vərəsə olduğundan və birinci növbəli vərəsələrin olmaması səbəbindən miras qoyan X2 vəfat etdikdən sonra miras qalmış ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzilin bütövlükdə İddiaçı çatması barədə” hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin məcəllənin 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin məcəllənin 1179-cu maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin məcəllənin 1180-cı maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin məcəllənin 1188-ci maddəsinə əsasən, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Həmin məcəllənin 1190-cı maddəsinə əsasən, Vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. İş materiallarından göründüyü kimi, 11 aprel 2018-ci il tarixdə X7 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş vəsiyyətnamənin tərtib edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmiş, məhkəmə ekspertiza tədiqatının nəticələrinə dair ekspert rəyindən göründüyü kimi, vəsiyyətnamə mərhum X7 tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Həmin məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya qeyd edir ki, iddiaçının həm iddia ərizəsində, həmdə apellyasiya şikayətində olan mövqeyi, yəni mərhum X2 vəsiyyətnamə tərtib edilən zaman fəaliyyət qabiliyyətli olmaması, vəsiyyətnamənin qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsi, vəsiyyətnamə tərtib edilən zaman şahidlərin iştirak etməməsi iddiaçı tərəfindən sübuta yetirilə bilinməmişdir. Əksinə mərhum T.Musayevanın vəsiyyətnamə imzalanan zaman fəaliyyət qabiliyyətli olması notarius tərəfindən müəyyən edilmişdir. İddiaçının mövqeyi yalnız onun subyektiv mülahizələrinə əsaslanır və hər-hansı sübutla təstiqlənmir. Buna görə də, mülki qanunvericilikdə vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün zəruri olan hallar müəyyən edilməmişdir.Apellyator şikayətində notariat hərəkətlərinin notariat ofisindən kənarda aparılmasına istinad etsə də, nəzərə almamışdır ki, notariat hərəkətlərinin notariat ofisindən kənarda aparılması qanunvericiliyin tələblərini pozmur. Bundan başqa məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, vəsiyyətnamə olmasaydı belə, Cavabdeh1 mərhumun bacısı qızı olmaqla onun 2-ci dərəcə vərəsəsidir. Halbuki iddiaçı, mərhumun 4-cü növbə vərəsəsidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının mülahizələrinə əsaslanır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza tədqiqatının dəyəri 127 manat tutulmasa da, həmin məbləğ iddiaçıdan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-289/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 127 manat iddiaçıdan tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6721/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6721/2021
27.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver