Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6721/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh SOCAR-ın Cavabdeh Bakı Regional Qazın satış departamentinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(008)-2061/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: ünvan 1 ünvanında yaşayan İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifradə etdiyi aşkar olunduğu üçün xx.xx.2018-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib olunaraq 1135,60 manat ziyan hesablanmışdır. Hesablanmış 1135,60 manat dəymiş ziyan tərəfindən ödənilməlidir . İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, abonent sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh SOCAR-ın Cavabdeh Bakı Regional Qazın satış departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi və ona tətbiq edilmiş 1135,60 manat cərimənin silinməsi, Cavabdeh İB-nin Bakı regional qazın satış departamentinin işçiləri tərəfindən sənədin saxtalaşdırılması faktlarının ciddi surətdə onların nəzərinə çatdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərqaz” İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanına (abunə kodu **********00101) əsassız hesablanmış 1135,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixində Cavabdeh İB-nin Bakı regional qazın satışı Departamentinin işçiləri, Tofiq Şahbazov, Rəşad Bağırov və digər 2 nəfərin iştirakı ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində birtərəfli qaydada əraziyə baxış keçirən zaman onların ünvanda sayğacdan kənar qaz xətti aşkar edilmiş, akt tərtib edilərək foto çəkilişlər aparılmışdır. Ailə üzvlərindən heç kim yoxlama aparılan zaman, aktın tərtib edilməsi və foto şəkilişlərin aparılması barədə xəbərdar edilməmiş, onlara bu barədə məlumat verilməmişdir. Qaz itkisinə görə dəymiş ziyanın ödənilməsi məqsədilə, 4 (dörd) nəfərdən ibarət komissiya üzvləri tərəfindən birtərəfli qaydada ******* nömrəli akt tərtib edilmiş və akt “Azəriqaz İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Malik Muradzadə tərəfindən xx.xx.2017-ci il tarixində təsdiq edilərək ona 928.80 manat cərimə hesablanmışdır. Dövlətə dəymiş ziyanın ödənilməsi qrafikinə ciddi riayət olunmaqla cərimə ödənilməyə başlanmış və 11 ay müddətində ayba ay işlənmiş təbii qaza və cərimənin ödənişi həyata keçirilmişdir. Lakin bu proses uzun çəkməmiş, xx.xx.2018-ci ildə Cavabdeh İB-nin Bakı regional qazın satışı Departamentinin işçiləri C.Abbasovun, A.Rüstəmovun, R. Abbasovun, O.Cabbarlının iştirakı ilə yenə də bir tərəfli qaydada ******* nömrəli akt tərtib edilmiş, akt müvafiq olaraq “Azəriqaz İBnin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Malik Muradzadə tərəfindən xx.xx.2018-ci il tarixində təsdiq edilmiş və ona 1135,60 AZN cərimə tətbiq edilmişdir. Sayğacdan kənar qaz xəttindən söhbət gedə bilməz, aktda öz əksini tapmış faktlar reallığı əks etdirmir və akta əlavə edilmiş foto şəkil xx.xx.2017-ci il tarixində çəkilmiş foto şəklin surətidir və Cavabdeh İB-nin Bakı regional qazın satışı Departamentinin işçiləri tərəfindən bilərəkdən saxtalaşdırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(008)-2061/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş “Azərqaz” İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanına (abunə kodu **********00101) əsassız hesablanmış 1135,60 manat borc silinməsi, Cavabdehndən 46,57 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “Qaz təchizatı haqqında” Qanuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmiş, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Buna baxmayaraq təqdim olunmuş sübutlara ,yəni aktlara hərtərəfli və tam baxılmamış, təqdim edilmiş sübutlar nəzərə almamış və qətnamə qəbul edilərkən lazımi qaydada əsaslandırmamışdır. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə biləcəyi halda bunu etməmişdir. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Qeyd edilir ki, abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuş və tərəflərindən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnamənin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən iddiaçı sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonent sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir. İddia ərizəsindən də görünür ki, bundan əvvəl xx.xx.2017- ci il tarixində Cavabdeh İB-nin Bakı regional qazın satışı Departamentinin işçiləri, Tofiq Şahbazov, Rəşad Bağırov və digər 2 nəfərin iştirakı ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində birtərəfli qaydada əraziyə baxış keçirən zaman onaların ünvanda sayğacdan kənar qaz xətti aşkar edilmiş, akt tərtib edilərək foto çəkilişlər aparılmış, ******* nömrəli akt tərtib edilmiş və akt “Azəriqaz İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Malik Muradzadə tərəfindən xx.xx.2017-ci il tarixində təsdiq edilərək ona 928.80 manat cərimə hesablanmışdır İddia ərizəsindən görünür ki, Cavabdeh İB-nin Bakı regional qazın satışı Departamentinin işçilərinin xx.xx.2017-ci il tarixində tərtib etdiyi və tətbiq edilmiş cərimə ilə razılaşmaq mümkün idisə, xx.xx.2018-ci il tarixində tərtib edilmiş ******* nömrəli aktla və tətbiq edilmiş 1135,60 manat cərimə ilə razılaşmaq mümkün deyil, müxtəlif bəhanələrlə və variantlarla birbaşa qaz itkisinin ört basdır edilməsinə və nəticə etibarı ilə abonentlərin hüquqlarının pozulmasına hesablanıb. Göründüyü kimi, hər iki akt iddiaçının kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlıdır və o, sonuncu aktla müəyyən edilmiş cərimənin qanuniliyini mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, abonentlər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının qarşısının alınması, qanunsuz istifadə hallarını artıraraq təbii qazan talan edilməsi, dövlətə külli miqdarda ziyan vuran şəxslərin qarşısının alınması və barələrində qanunvericiliyə uyğun tədbirlər görülməsi iddiaçının «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 №-li Qərarının, «Qaz istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq birbaşa vəzifəsidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kənar xətlə təbii qazdan qeyriqanuni istifadə ilə bağlı xx.xx.2017-ci il tarixində tərtib etdiyi və tətbiq edilmiş cərimədən sonra iddiaçının yenidən kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı eyni xətanı törətməsi sübut olunmur. Kollegiya apellyasiya şikayətinin “ekspertiza təyin edilməsi ilə bağlı” dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Həmçinin, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaçının qaz xəttinə qanunsuz müdaxiləsindən yox, aktlar üzrə hesablanmış cərimə məbləğindəndir. Ona görə də, mübahisə üzrə qaz xəttinə qanunsuz müdaxilə ilə bağlı ekspertizanın keçirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2061/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov