Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6721/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(003)-1658/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh İB tərəfindən xx.xx.2018–xx.xx.2020-ci il tarixləri aralığında müxtəlif tarixli aktlar əsasında iddiaçıya sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə edildiyi əsası ilə borc hesablanmış və bu borc məbləğləri iddiaçının abonent saldosuna daxil edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən əsassız hesablanmış borcun silinməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 3001.65 manat məbləğin abonentin hesab kodundan silinməsinə və borca görə tutulmuş 608.0 manat məbləğin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbionunla əsaslandırılmışdır ki, iddiaçı X1 rayonu, Binə qəsəbəsi, Xaqani küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla yaşayır, ünvan 2ında yerləşən fərdi yaşayış evi isə iddiaçının qonşusuna aiddir. 2012-ci ildə Cavabdeh İB tərəfindən iddiaçının ünvanına onun iştirakı ilə küçədə G-4 itron-smart tipli sayğac quraşdırılmış, lakin müqavilə bağlanmamış, yalnız xx.xx.2018-ci ildə onlar arasında müqavilə bağlanılmışdır. Müqavilə bağlandıqdan 1 gün sonra, Cavabdeh İB tərəfindən abonentin, onun ailə üzvlərinin və ya qonşularının iştirakı olmadan guya, sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, guya həmin xətt ləğv edilmiş və qeyd olunan faktla bağlı itirilmiş qazın dəyərinin hesablanmasına dair ******* №-li akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə məxsus olmamışdır. ******* №-li akt ünvan 3 ünvanına aid olsa da, əsassız olaraq iddiaçının abonent koduna borc hesablanmışdır. 2018-ci ildə Cavabdeh İB tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək 4579.00 manat məbləğin X2 tutulması xahiş edilsə də, Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-1056/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş və yalnız 447.80 manatın ondan tutulması qət edilmişdir. Cavabdeh İB daha sonra xx.xx.2018-ci ildən başlayaraq xx.xx.2020-ci ilə qədər abonentin iştirakı təmin edilmədən guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair ümumilikdə 21 akt tərtib etmiş, həmin aktlarda abonentin imza etməkdən imtina olunması qeyd olunmuşdur. Abonentin iştirakı təmin edilməyibsə, o, aktları imzalamaqdan necə imtina edə bilər? Cavabdeh qaz xəttinə abonent tərəfindən sayğacdan kənar qoşulma faktını sübut etmədən abonentin hesab koduna əsassız olaraq 3001.65 manat borc yazılmışdır. Halbuki iddiaçı tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş, heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə və sayğacın işlək vəziyyətdə olmasına abonent nəzarət etmir və əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları hər ay qaz xəttinə baxış keçirir və belə bir halın nəzarətçinin gözündən yayınması da mümkün deyil. Həmin aktlar abonentin, onun ailə üzvlərinin və ya qonşularının iştirakı olmadan tərtib edilmiş, onlar tərəfindən imzalanmamış, aktın surəti onlara təqdim olunmamış və ümumiyyətlə onların bu aktlardan xəbəri olmamışdır. Ona görə həmin aktlar mötəbər, əhəmiyyətli sübut sayıla bilməz. Qeyd olunmalıdır ki, təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, o zaman qaz kəmərinə birləşmə olmalı idi və həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə də aşkar olunmalıdır, yəni qaynaq izləri qalmalıdır. Cavabdeh İB tərəfindən tərtib olunmuş 21 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalı olduğundan, bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Bundan əlavə guya uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) cavabdehin bu fakt barədə tədbir görmədən, hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi də həmin aktların mötəbərliyi barədə şübhə yaradır. İddiaçı xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilə qədər 12500m3 təbii qazdan istifadə etmiş, 1377 manat ödəniş etmiş, ödədiyi məbləğlərdən əsassız borca görə 608 manat tutulmuşdur. Göründüyü kimi Cavabdeh İB imzasız, qeyri-qanuni tərtib etdiyi aktlarla abonentdən dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Ona görə iddia tələbi tam təmin edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(003)- 1658/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********20000) təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış 3001.65 AZN (üç min bir manat altmış beş qəpik) məbləğində borcun silinməsi, əsassız hesablanmış borca görə tutulmuş 508.35 AZN (beş yüz səkkiz manat otuz beş qəpik) məbləğində pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 55.10 AZN (əlli beş manat on qəpik) dövlət rüsumunun məbləğinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni Cavabdeh İB-nin üzərinə düşür. Əvvəla, qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə təqdim etməlidir. Halbuki, cavabdeh tərəfindən tərtib olunmuş aktın bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktların heç birində iddiaçının imzası yoxdur və bütün aktlarda onun adının qarşısında “imtina etdi” qeyd edilmişdir. Habelə cavabdeh məhkəmə iclasında iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini sübuta yetirə bilməmişdir. Habelə aktlar fərqli tarixlərə aid olsa da, onların hamısına eyni fotşəkil əlavə edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə abonentin (iddiaçının) keçirilən yoxlamalardan və tərtib edilən aktlardan məlumatlı olmadığı müəyyən edilir. Digər tərəfdən, iddiaçı barəsində cavabdeh tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək olan müddət ərzində 21 akt tərtib edilmişdir. Hətta bu aktlardan 18 ədədi davamlı olaraq hər ay üzrə tərtib edilmişdir (xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək) və bütün aktlarda da abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi qeyd olunmuşdur. Halbuki cavabdeh qurum qanunvericiliyin tələbinə uyğun olaraq təbii qazdan sayğacdankənar istifadə faktı aşkar edilərkən öz statusuna görə bu hərəkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qaldırmaq. Göründüyü kimi, təbii qazdan sayğacdan kənar istifadə faktı aşkar edildiyi təqdirdə cavabdeh qurum zəruri tədbirlər görməyə borclu olduğu halda, bunları etməmişdir. Bununla yanaşı, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)- 1056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində görünür ki, iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2016-2018-ci illərə dair vurulan zərərə görə 4579 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4609 manat borcun tutulmasını tələb etmiş, lakin qətanmə ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 437.80 manat borc və 10 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 447.80 manat pul tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. Yəni iddiaçı tərəfindən daha əvvəlki dövr üzrə (2016-2018-ci illər üzrə) sayğacdan kənar qanunsuz istifadə halının olmadığı həmin qətnamə ilə də təsdiq edilmişdir. İş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmə tərəfindən qiymətləndirilməli olan işin digər faktiki halı sayğacdan kənar qanunsuz qaz xəttinin qoşulubqoşulmadığıdır. Çünki cavabdeh tərəfindən xx.xx.2018–xx.xx.2020-ci il tarixləri aralığında tərtib olunmuş akt və tələbnamələrlə istehlakçının təbii qazdan sayğacdan kənar çəkilmiş qaz xətti vasitəsilə istifadə etməsi halına istinad edilərək mübahisələndirilən borc məbləği hesablanmışdır. Qeyd edilən faktın müəyyən edilməsi üçün məhkəmə tərəfindən təyin edilərək keçirilmiş məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi halı müşahidə edilməmişdir. Hər nə qədər cavabdeh ekspert rəyi ilə razı olmadığını və təkrar ekspertiza keçirilməli olduğunu qeyd etsə də, ekspert rəyinin əsassızlığına dair hər hansı əsaslı dəlil gətirilməmiş və məhkəmə araşdırması ilə də ekspert rəyinin mötəbərliliyini və həqiqiliyini şübhə altına alan hər hansı hal aşkar edilməmişdir. Ona görə ekspert rəyi iş üzrə mötəbər və mümkün sübut kimi qəbul edilməlidir. Həmin ekspert rəyi ilə də iddiaçı (abonent) tərəfindən qaz xəttinə qanunsuz müdaxilə etməsi və sayğacdan kənar xətlərin çəkilməsi halının olmadığı təsdiq olunmuşdur. Beləliklə, cavabdeh qurum tərəfindən iddiaçıya məxsus ünvanda təbii qaz xəttinə kənar qanusuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz iddiaçı tərəfindən edildiyi və iddiaçının təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də qeyd edilən hallar aşkar edilməmişdir. Əksinə, cavabdeh qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar, tələbnamələr və onlara əlavə edilmiş fotoşəkillər (bütün aktlara eyni fotoşəkil əlavə edilib) tələblərinə əməl edilmədən tərtib edildiyi və yuxarıda qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Belə olan halda şəxsin təqsirli olmadığı əmələ və vurmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu səbəblə məhkəmə hesab etmişdir ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş həmin akt və tələbnamələr əsasında iddiaçıya hesabanmış zərər (borc) məbləği əsassızdır. Ona görə də iddia tələbi 3001.65 manat məbləğin abonent hesabından silinməsi hissəsində əsaslıdır. Əsassız hesablanmış borca görə iddiaçıdan tutulmuş 608.0 manat məbləğin iddiaçıya qaytarılması tələbinə münasibətdə qeyd olunmalıdır ki, Cavabdeh İB tərəfindən İddiaçı barəsində xx.xx.2018-xx.xx.2020-ci il tarixlərində tərtib olunmuş və iş materiallarına əlavə edilən “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr üzrə hesablanmış və abonent saldosuna qeyd edilmiş borcun məbləği, ümumilikdə 3510 manat (üç min beş yüz on manat) təşkil edir. İddiaçının abonent hesabında 02/2025-ci il tarixinə mövcud olan borcu isə cəmi 3001,65 manat təşkil edir. Göründüyü kimi, həmin əsassız akt və tələbnamələr əsasında hesablanmış borca görə iddiaçının etmiş olduğu ödənişlərdən ümumilikdə 508.35 manat (3510–3001.65=508.35) məbləğində pul vəsaiti tutulmuşdur. Qeyd olunan akt və tələbnamələr əsassız olduğu üçün onların əsasında tutulan məbləğlər də əsassız aparılmış sayılmalı və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız hesablanmış borca görə ondan tutulmuş 608 manat məbləğin qaytarılması hissəsində iddia tələbi qismən, yəni məhkəmə araşdırması ilə müəyyən edilən 508.35 manat məbləğ hissəsində təmin olunmalıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunan hissəsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bundan başqa iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən yoxlanılması təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayətində qətnamənin-iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmiş, iddia tələbinin təmin edilməyən hissəsində isə qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Qanun: (əvvəlki redaksiyada) 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: (əvvəlki redaksiyada) 1.3 və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla hər hansı bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən xx.xx.2018-xx.xx.2020-ci il tarixləri aralığında müxtəlif tarixli aktlar əsasında iddiaçıya sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə edildiyi əsası ilə borc hesablanmış və bu borc məbləğləri iddiaçının abonent saldosuna daxil edilmişdir. İddiaçı bildirmişdir ki, onun tərəfindən sayğaca hər-hansı bir müdaxilə edilməmiş, həmçinin yoxlama zamanı və aktlar tərtib edilərkən ümumiyyətlə onun və ya ailə üzvlərinin iştirakının təmin edilməmişdir. Cavabdeh tərəfin mövqeyinə görə isə Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirən zaman əlavə qaz xəttindən istifadə olunması aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/624 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahdə edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticələrinə əsasən iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Digər tərəfdən kollegiya qeyd edir ki, eyni zamanda cavabdeh tərəfindən tərtib olunmuş aktların bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-1056/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2016-2018-ci illərə dair vurulan zərərə görə 4579 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4609 manat borcun tutulmasını tələb etmiş, lakin qətnamə ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 437.80 manat borc və 10 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 447.80 manat pul tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçı tərəfindən daha əvvəlki dövr üzrə (2016-2018-ci illər üzrə) sayğacdan kənar qanunsuz istifadə halının olmadığı da həmin qətnamə ilə də təsdiq edilmişdir. Bu səbəbdən iddiaçının abonent hesabına hesablanmış 3001.65 manat məbləğində borcun silinməsi barədə birinci instansiya məhkəməsinin nəticəsini Məhkəmə Kollegiyası qanunauyğun hesab edir. Belə ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcud olması barədə şikayətin dəlilləri öz təsdiqini tapmamasına dair ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda Məhkəmə Kollegiyası cavabdeh tərəfindən aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər-hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün Cavabdeh İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi əsassız hesablanmış borca görə iddiaçıdan tutulmuş 508.35 manat məbləğin iddiaçıya qaytarılması tələbinə münasibətdə də düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh İB tərəfindən İddiaçı barəsində xx.xx.2018-xx.xx.2020-ci il tarixlərində tərtib olunmuş və iş materiallarına əlavə edilən “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr üzrə hesablanmış və abonent saldosuna qeyd edilmiş borcun məbləği, ümumilikdə 3.510 manat (üç min beş yüz on manat) təşkil edir. İddiaçının abonent hesabında 02/2025-ci il tarixinə mövcud olan borcu isə cəmi 3001,65 manat təşkil edir. Göründüyü kimi, həmin əsassız aktlar əsasında hesablanmış borca görə iddiaçının etmiş olduğu ödənişlərdən ümumilikdə 508.35 manat (3510– 3001.65=508.35) məbləğində pul vəsaiti tutulmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, qeyd olunan aktlar əsassız olduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, onların əsasında tutulan məbləğlər də əsassız aparılmış sayılmalı və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd deyil, əksinə mübahisələndirilən hissədə təmin edilməsi üçün əsas olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi mübahisələndirilən hissədə üçün əsas deyildir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(003)- 1658/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.