Məhkəmə qərarları › İş №2(103)-6722/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6722/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6722/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X6, İddiaçı X2 iştirakları ilə, İddiaçı X2 cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məkhəməsinin 2(006)-1726/2021 saylı 01 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan, Azərbaycan Respublikası Mərkəzi Bankından 05 fevral 2015-ci il tarixdə iddiaçı X4 ilə Cavabdeh1 ASC-nin Quba filialı arasında bağlanmış ********* saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ona ödənilməli olan kompensasiya məbləğinin 814,58 (səkkiz yüz on dörd manat əlli səkkiz qəpik) manat qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanaraq alınıb iddiaçı X3 verilməsi, dövlət rüsumu ödənilmiş 30 (otuz) manat pulun tutularaq, iddiaçı X2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin Quba filialından illik 36%-lə 12 ay müddətinə 1270 ABŞ dolları məbləğində kredit almışdır. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliklərin təmini kimi onunla Cavabdeh1 ASC arasında 05 fevral 2015ci il tarixli girov müqaviləsi bağlanaraq cəmi çəkisi 71,3 qram olan 4 adda (sep, qolbaq, üzük, komplekt) olmaqla 1137,25 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Sonradan aldığı kreditə görə ödənişlər edilməklə yanaşı tələb qızıl-zinət əşyalarına yönəldilməklə onun Cavabdeh1 ASC-yə olan borcu tam olaraq ödənilmişdir. Bununla bağlı Cavabdeh1 ASC-nin Quba filialının rəhbərliyi tərəfindən 24 fevral 2016-cı il tarixli 08-11/299 saylı arayış ona təqdim edilmişdir ki, həmin arayışda da onun 05 fevral 2015-ci il tarixdə Cavabdeh1 ASC-nin Quba filialından aldığı 1270 ABŞ dolları məbləğində kredit üzrə əsas və faiz borcunu tam bağladığı və hazırda Cavabdeh1 ASC-nin Quba filialına heç bir borcunun olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı təsdiq olunduqdan sonra haqlı olaraq ona da kompensasiya ödəniləcəyini zənn edərək elektron portala daxil olaraq öz adının kompensasiya almalı olan şəxslərin sırasında olub-olmamasını yoxlamışdır. Bu zaman ona məlum olmuşdur ki, onun adı kompensasiya məbləği almalı olan fiziki şəxslərin siyahısında qeyd edilməmişdir. Onun aidiyyəti qurumlara şifahi müraciətinə cavab olaraq bildirilmişdir ki, 2019-cu ilin noyabr ayında ona kompensasiya ödəniləcəkdir. Lakin bu günə kimi onun adı kompensasiya almalı olan fiziki şəxslərin siyahısında olmamaqla və ona kompensasiya ödənişi edilməməklə ədalətsizlik davam edir. Hesab edir ki, kredit müqaviləsi üzrə borcun ondan ABŞ dolları ilə tələb olunmağına və onun da qeyd edilən borcu "ABŞ dollarının” artan məzənnəsi ilə tamamilə ödəyib qurtarmağına baxmayaraq kompensasiya məbləğinin ona verilməməsi nəticəsində ona ziyan dəymişdir. O, kompensasiya məbləğinin ona ödənilməsi üçün yazılı ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək 05 fevral 2015-ci il tarixdə onunla "Dəmirbank” ASC-nin Quba filialı arasında bağlanmış ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərin onun tərəfindən icra olunmasını nəzərə alaraq onun adının kompensasiya ödənilməli olan fiziki şəxslərin siyasına daxil edilərək kredit müqaviləsi ilə bağlı kompensasiya məbləğinin onun adına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məkhəməsinin 2(006)-1726/2021 saylı 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASCnin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan, Azərbaycan Respublikası Mərkəzi Bankından 05 fevral 2015-ci il tarixdə iddiaçı X4 ilə Cavabdeh1 ASC-nin Quba filialı arasında bağlanmış ********* saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ona ödənilməli olan kompensasiya məbləğinin 814,58 (səkkiz yüz on dörd manat əlli səkkiz qəpik) manat qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanaraq alınıb iddiaçı X3 verilməsi, dövlət rüsumu ödənilmiş 30 (otuz) manat pulun tutularaq, iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mövcud vəziyyətdə pul məbləğinin ödənilməsi və pul məbləğin həcminin müəyyənləşdirilməsi kommersiya banklan tərəfindən deyil, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən həyata keçirilir Qeyd edilənlərə əsasən iddia ləğv prosesində olan "xxxx" ASC-nə qarşı hissədə təmin edilməməlidir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı şikayətini onunla əsaslandırmışdır ki, inzibati orqan kimi Mərkəzi Bankın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətləri ilə bağlı olduğundan və bu qəbildən olan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıldığından hazırda mübahisələndirilən məhkəmə qətnaməsi ləğv edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətlərinə etiraz edərək, rədd edilmələrini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin Quba filialından illik 36%-lə 12 ay müddətinə 1270 ABŞ dolları məbləğində kredit almışdır. Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli girov müqaviləsindən görünür ki, cəmi çəkisi 71,3 qram olan 4 adda (sep, qolbaq, üzük, komplekt) olmaqla 1137,25 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Cavabdeh1 ASC-nin 24.02.2016-ci il tarixli arayışından görünür ki, iddiaçının 05.02.2015-ci il tarixdə Cavabdeh1 ASC Quba filialından aldığı 1270,0 USD məbləğində kredit üzrə əsas və faiz borcunu tam bağlamışdır. Hal-hazırda müştərinin həmin kredit üzrə Cavabdeh1 ASC Quba filialına heç bir borcu yoxdur. Azərbaycan Respublikasının Mərkəzi X1 ünvanlanmış 28 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Bank tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onların kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə fərman tarixindək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Birinci instansiya məhkməsinin mövqeyinə görə, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. İddiaçı bankın nümayəndəsi də cavadehlə bağlanan kredit müqaviləsinin qeyd edilən Fərmanın təsiri altına düşməsini təsdiq etmişdir. Birinci instansiyanın mövqeyinə görə kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya onulması, yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulduğundan, həmin güzəştlərin bankların vəsaiti ilə deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1 -ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Fərmanın 1 -ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Kollegiya hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətinə aid edilmişdir. Banklar isə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Göründüyü kimi kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Cavabdeh1 ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu müəyyən etmədiyindən iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Bundan başqa kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6722/2021 saylı 27 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məkhəməsinin 2(006)-1726/2021 saylı 01 mart 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı X2 cavabdeh ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn kompensasiya məbləğinin ödənilməsi” tələbinə mülki iş üzrə icraata Azərbaycan Respublikası Mərkəzi Bankına aid hissədə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məkhəməsinin 2(006)-1726/2021 saylı 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ləğv prosesində ona Cavabdeh1 ASC-nin Ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məkhəməsinin 2(006)-1726/2021 saylı 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar