Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6730/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və 01 saylı Bakı Asan Xidmət Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh “Bakı Dövlət Universiteti” X8rşı “əmək haqqının və mənəvi ziyanın ödənilməsi” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(004)-3190/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin kateqoriyaya aid olan şəxsdir. İddiaçı Bakı Dövlət Universitetinin tələbəsi olmuş və 16 fevral 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində istehsalat təcrübəsi keçmişdir. Dövlət Agentliyi və Bakı Dövlət Universiteti arasında bağlanılmış 2017-ci il 7 aprel tarixli Anlaşma memorandumuna və tərəflər arasında bağlanmış 2019-cu il 18 mart tarixli müqaviləyə uyğun olaraq, Universitetin müraciəti əsasında tələbələrin Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində istehsalat təcrübəsi keçməsinə şərait yaradılır. Yuxarıda qeyd olunan Anlaşma memorandumunda və müqavilədə istehsalat təcrübəsi keçən şəxslərə Dövlət Agentliyi tərəfindən əmək haqqının ödənilməsi təsbit olunmamışdır. İddiaçı tərəfindən Bakı Dövlət Universitetinə təcrübə müddəti üçün əmək haqqının ödənilməsi ilə əlaqədar müraciətlər edilmiş, cavabdeh tərəfindən ona müxtəlif tarixli məktublarla imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və 01 saylı Bakı Asan Xidmət Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh “Bakı Dövlət Universiteti” X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər üçün nəzərdə tutulmuş istehsalat təcrübəsi dövründə ödənilməli yüz faiz əmək haqqının istehsalat təcrübəsinin başladığı tarixdən (xx.xx.2022) bitdiyi tarixə (xx.xx.2022) qədər hesablanaraq ona ödənilməsini, habelə xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirdiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin və dəymiş mənəvi zərərə görə 10000 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi məzunudur, anası, X4 xx.xx.2019-cu il tarixində vəfat etmiş, atası, X3 isə İİ dərəcəli əlilliyi olan şəxsdir. Buna görə də o, təhsil aldığı müddət ərzində “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs” hesab olunmuşdur. Belə ki, adıçəkilən qanunun göstərilən maddəsinə əsasən həmin kateqoriya şəxslər sırasına valideyn himayəsindən məhrum olmuş və ali təhsil müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər də aid edilir. Ali təhsilinin sonuncu, yəni 4-cü (dördüncü) ilinin ikinci semestrində təhsil aldığı zaman xx.xx.2022-ci il tarixindən xx.xx.2022-cil il tarixinə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində istehsalat təcrübəsi keçmişdir. Yuxarıda adıçəkilən qanunun Təhsil üzrə təminatlar adlı 5ci maddəsinin 3-cü hissəsinə əsasən ona istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilməlidir. Qanunun göstərilən müddəasına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Qanunun ona verdiyi bu hüquqa əsaslanaraq əmək haqqının ona ödənilməsi üçün Bakı Dövlət Universitetinə dəfələrlə müraciət etsə də, tələbi yerinə yetirilməyib. İlkin müraciəti təcrübə müddəti bitdikdən sonra, iyun ayında olub. Həmin müraciəti universitetin hüquqşünasına yönləndirilib və hüquqşünas tərəfindən rəy verilməsi tələb olunub. Hüquqşünas bu ödənişin ona verilməli olduğu ilə bağlı müsbət rəy verib. Bundan sonra həmin rəy universitetin maliyyə şöbəsinə icra üçün yönləndirilib. Lakin maliyyə şöbəsindən onlara bu ödənişi icra edə bilməyəcəklərini bildirmişlər. Bu imtina ilə bağlı yazılı cavab tələb etdikdə isə Elm və Təhsil Nazirliyinə müraciət etməyini, yalnız bundan sonra yazılı cavab verilməsinin mümkün olduğunu söylədilər. Buna görə də Elm və Təhsil Nazirliyinə müvafiq ödənişin verilməsi ilə bağlı yazılı müraciət etdilər. Nazirlik müraciətilərinin araşdırılması üçün BDU-a məktub ünvanladı. BDU-dan Nazirliyə ünvanlanan cavab məktubunda onun həmin ödənişi almağa hüququnun olduğu göstərilib. Həmin məktubu əldə etdikdən sonra universitetə yenidən müraciət etdilər, lakin maliyyə şöbəsindən yenə də bu ödənişi verə bilməyəcəklərini bildirdilər. Müraciətlərinə heç cür cavab ala bilmədiyindən hüququnun realizə olunması üçün məhkəməyə müraciət etməyi qərara aldı və məcburi mediasiya sessiyasından keçdi. Azərbaycan Respublikasında hazırda mövcud olan məhkəmə təcrübəsinə əsasən yuxarıda göstərilən əmək haqqı tələbənin təhsil aldığı təhsil müəssisəsi tərəfindən ödənilməlidir. Formalaşmış məhkəmə təcrübəsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4295/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixində qəbul etdiyi qətnamədə öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsi bu qətnaməsi ilə iddiaçının təhsil aldığı müəssisəyə qarşı pul tələbinin qismən təmin etmiş və cavabdeh təhsil müəssisəsindən istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqının iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Göstərilən qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102) 5450/2021 nömrəli, xx.xx.2021 tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərdən aydın olur ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş istehsalat təcrübəsi dövründə ödənilməli olan əmək haqqı tələbənin təhsil aldığı müəssisə tərəfindən ödənilməlidir. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında da istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqı tələbi əmək mübahisəsi kimi qiymətləndirilmiş və həmin məbləğin tələbi əmək haqqı tələbi hesab olunmuşdur. Buna görə də yuxarıda da bildirdiyi kimi, “Mediasiya haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasından keçmişdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarına əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Buna əsasən cavabdeh xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirdiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc də verməlidir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin qeyd hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə işəgötürən tərəfindən işçinin mənəviyyatına, milli qürur hissinə zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 2022-ci ilin iyun ayından cavabdehə dəfələrlə hüququnun icrası üçün müraciət etsə də, o hər dəfəsində bundan imtina etmişdir. Hətta cavabdehin hüquqşünası bu ödənişin verilməsi ilə bağlı müsbət rəy versə də, cavabdeh bu rəyi nəzərə almamışdır. Ondan Elm və Təhsil Nazirliyinə müraciət etməyini, bundan sonra hər hansı tədbir görülə biləcəyi bildirilsə də, Nazirliyə müraciəti də bir nəticə vermədi. Cavabdeh təxmini 1 ilə yaxın müddətdir ki, öz vəzifəsini yerinə yetirməmiş və onu aylarla yubandırmışdır. Cavabdehin bu addımlarından çox ciddi mənəvi sarsıntılar keçirmişdir. Onun sosial statusunu, qeyd olunan ödənişin sosial təyinatını nəzərə almadan, cavabdeh kobud şəkildə hüquqlarını pozmuşdur. Aylarla müxtəlif müraciətlərin hazırlanması, dəfələrlə universitet gedibgəlməyi, universitet əməkdaşları ilə bu məsələləri müzakirə etməyi və nəticədə cavabdehin “hüququn var, ancaq vermirik” cavabı onun mənəvi iztirablar keçirməyinə səbəb olmuş və sağlamlığına mənfi təsir etmişdir. Ən əsası Azərbaycan Respublikasının ən köklü ali təhsil müəssisəsinin tələbənin sosial statusuna görə qanunvericilikdə nəzərdə tutulmuş ödənişi verməməsi onun qanunun aliliyi və ədalətlilik kimi təməl dəyərlərə olan inancını sarsıtmışdır. Buna görə də bütün bu aylar ərzinə yaşadığı stressin, mənəvi iztirabların əvəzi olaraq 10000 (on min) manat mənəvi zərərə görə kompensasiya tələb edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, məhkəmə tərəfindən təcrübə keçdiyi müəssisəyə, 1 saylı ASAN Xidmət Mərkəzinə sorğu göndərilib. Sorğuya verilən cavab məktubundan aydın olur ki, təcrübəçi kimi xidmət göstərdiyi vəzifə ştatdankənar baş mütəxəssisdir və həmin müddət ərzində bu vəzifənin əmək haqqısı 300 manat olub. Odur ki, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər üçün nəzərdə tutulmuş istehsalat təcrübəsi dövründə ödənilməli yüz faiz əmək haqqının istehsalat təcrübəsinin başladığı tarixdən (xx.xx.2022) bitdiyi tarixə (xx.xx.2022) qədər hesablanaraq 1000 AZN əmək haqqının ona ödənilməsini, habelə xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirdiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncə görə 6000 AZN və dəymiş mənəvi zərərə görə 10000 AZN məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(004)- 3190/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı Dövlət Universitetinin tələbəsi olmuş İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçdiyi istehsalat təcrübəsi üzrə cavabdeh “Bakı Dövlət Universiteti” X9 istehsalat təcrübəsi zamanı ödənilməli olan 981,80 (doqquz yüz səksən bir manat 80 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi ilə bağlı xüsusi qanunvericilik mövcuddur ki, həmin qanunda bu kateqoriyaya aid şəxslərin təhsil üzrə təminatlar, o cümlədən istehsalat təhsili və istehsalat təcrübəsi dövründə əmək haqqı almaq hüquqları bilavasitə təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, hazırki iddia əmək münasibətlərindən irəli gələrək yuxarıda qeyd olunan Dövlət Agentliyinə qarşı deyil, məhz “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə istinad edilməklə, iddiaçının təhsil aldığı Universitetə qarşı irəli sürülmüşdür. Digər tərəfdən Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında bağlanmış 2019-cu il 18 mart tarixli müqavilə yalnız həmin müqavilə üzrə tərəflər üçün hüquq və vəzifələr müəyyən etməklə, iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı təcrübəçi kimi xidmət göstərdiyi vəzifə üzrə ştatdankənar baş mütəxəssis olub və həmin müddət ərzində bu vəzifənin əmək haqqısı 300 manat olub. AR Əmək Məcəlləsinin 177.2-ci maddəsinə əsasən onun istehsalat təcrübəsinin başladığı tarixdən (xx.xx.2022) bitdiyi tarixə (xx.xx.2022) qədər əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi, yəni 600 manatı həmin aylardakı iş günlərinin sayına bölməklə (600/44) bir günlük əmək haqqı tapılır (13,63) və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla (13,63x6) 81,80 müəyyən edilir, yəni cəmi 981,80 manat. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 981,80 manat məbləğində təmin edilməlidir. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia tələbinin əmək haqqının vaxtında ödənilmədiyinə görə 6000 manat penyanın tutulması ziddiyyətli olduğundan və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manatın iddiaçının xeyrinə tutulması kifayət qədər sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər İddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək, xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirildiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncə görə 6000 AZN iddia tələbinin də təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əmək haqqının gecikdirilməsinə görə tələb olunan məbləğə dair konkret hansı haların ziddiyyətli olduğunu göstərməmiş və iddia tələbinin həmin hissədə niyə təmin edilmədiyini əsaslandırmamışdır. Sadəcə məhkəmə iclasının gedişində hakim bildirmişdir ki, aralarında əmək müqaviləsi olmadığına görə bu tələb təmin edilməyəcək. Halbuki iş əmək mübahisəsi kimi qəbul edilmiş və tələb olunan məbləğ əmək haqqı hesab edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı Dövlət Universiteti tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. İddiaçının tələb etdiyi vəsaitlə bağlı qanunvericiliyin tələbi aydın olmadığı, həmin məbləğin (yüz faiz əmək haqqının) hesablanması və ödənilməsi ilə bağlı qayda qanunvericilikdə nəzərdə tutulmadığı və bu məsələdə ümumi təcrübə də formalaşmadığı üçün yüz faiz əmək haqqının hesablanması üçün hansı meyarın əsas alınmalı olduğu və nə qədər məbləğdə vəsait ödənilməli olduğu; həmin məbləğin hansı qurum tərəfindən və hansı vəsait hesabına ödənilməli olduğu məsələlərinə aydınlıq gətirilməsi məqsədi ilə tərəflərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edilmiş, məsələ ilə bağlı yekun qərar əldə edilmədiyi üçün mübahisə öz həllini tapmamışdır. Bununla yanaşı məhkəmə məbləği müəyyən edərkən heç bir qanuna əsaslanmadan birbaşa olaraq tələbənin istehsalat təcrübəsinə cəlb edildiyi şəxsin vəzifə maaşını əsas almışdır ki, bu da nəticədə konstitusiyanın bərabərlik hüququ tələbinə və qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Digər tərəfdən hər nə qədər müvafiq əmrdə İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən təcrübə keçməli olduğu qeyd edilsə də, o faktiki olaraq (təqdim edilmiş istehsalat təcrübəsinin gündəliyinə əsasən) xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Agentlikdə istehsalat təcrübəsi keçmişdir. Lakin məhkəmə bu faktı nəzərə almadan əmək haqqının ödənilməsi müddətini xx.xx.2023-cü il tarixində xx.xx.2022-ci il tarixinədək hesablamışdır. Bundan başqa təqdim edilən sənədlərdən iddiaçının istehsalat təcrübəsi keçdiyi dövrdə (xx.xx.2022-xx.xx.2022) onun faktiki iştirak etdiyi istehsalat təcrübə müddətinin cəmi 51 iş günü təşkil etdiyi məlum olur (fevral ayında 1 iş günü, mart ayında 17 iş günü, aprel ayında 21 iş günü, may ayında isə 12 iş gün = cəmi 51 gün). İddiaçının istehsalat təcrübəsi keçdiyi günlərin sayı nəzərə alındığı zaman yekun məbləğ isə 981,80 manat deyil, 695,13 manat (13,63x51=695,13) təşkil edir. Göründüyü kimi məhkəmə bu məsələdə də düzgün nəticəyə gəlməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, tələb olunan vəsaitin hansı qurum tərəfindən ödənilməli olduğu ilə bağlı qanunvericilikdə göstəriş olmadığı halda, məhkəmənin həmin vəsaitin BDU tərəfindən ödənilməsi barədə qənaəti də əsassız və qanunsuz olmuşdur. Belə ki, hər nə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.3-cü bəndində təcrübə müddətində tələbələrə əmək haqqının mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilədəcəyi qeyd edilsə də, qanunvericilikdə bununla bağlı hər hansı qayda ümumiyyətlə nəzərdə tutulmamışdır. Agentliklə BDU arasında bağlanılmış 2017 ci il 7 aprel tarixli anlaşma memorandumunda və tərəflər arasında bağlanmış 2019-cu il 18 mart tarixli müqavilədə isə istehsalat təcrübəsi keçən şəxslərə əmək haqqının ödənilməsi ilə bağlı müddəa təsbit olunmamışdır. Bununla belə məhkəmənin də əsas aldığı hüquqi aktın Əmək Məcəlləsi olması etibarı ilə həmin qanunun tələbinə uyğun olaraq əmək münasibətlərinin işçi ilə işəgötürən arasında yarandığını, təcrübə keçən tələbənin məhz təcrübə keçdiyi müəssisədə müvafiq işləri yerinə yetirdiyini və əmək haqqı ödənilməsi öhdəliyinin də məhz iş yerinin vəzifəsinə aid olduğunu nəzərə alaraq müvafiq vəsaitin də (yüz faiz əmək haqqının) iddiaçının təcrübə keçdiyi müəssisə tərəfindən ödənilməli olması qanuna uyğun olacaqdır. Ona görə də BDU hazırki iddia tələbi üzrə cavabdeh olan şəxs hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, digər tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin edilməyən - xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirildiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncə görə 6000 AZN vəsaitin tutulması hissəsində, cavabdeh isə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində, eləcə də iddianın təmin edilməyən - xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirildiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncə görə 6000 AZN vəsaitin tutulması hissəsində yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinin 3-cü hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”: 2.3-cü bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi pedaqoji mərhələlərdən ibarət olur. Diplom qabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir. 3.2-ci bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. 4.2-ci bəndinə əsasən dövlət ali (orta ixtisas) təhsil müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. 4.3-cü bəndinə əsasən təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Əmək Məcəlləsi: 154-cü maddənin 1-ci bəndinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
172. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. 177.1-ci maddəsinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. 177.2-ci maddəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 177.3-cü maddəsinə əsasən 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəflərin apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, işin materiallarından görünür ki, İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin kateqoriyaya aid olan şəxs olmaqla Bakı Dövlət Universitetinin tələbəsi olmuş və 16 fevral 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində istehsalat təcrübəsi keçmişdir. Dövlət Agentliyi və Bakı Dövlət Universiteti arasında bağlanılmış 2017-ci il 7 aprel tarixli Anlaşma memorandumuna və tərəflər arasında bağlanmış 2019-cu il 18 mart tarixli müqaviləyə uyğun olaraq, Universitetin müraciəti əsasında tələbələrin Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində istehsalat təcrübəsi keçməsinə şərait yaradılır. Yuxarıda qeyd olunan Anlaşma memorandumunda və müqavilədə istehsalat təcrübəsi keçən şəxslərə Dövlət Agentliyi tərəfindən əmək haqqının ödənilməsi təsbit olunmamışdır. İddiaçı tərəfindən Bakı Dövlət Universitetinə təcrübə müddəti üçün əmək haqqının ödənilməsi ilə əlaqədar müraciətlər edilmiş, cavabdeh tərəfindən bu müraciətlər müvafiq qaydada cavablandırılmışdır. İş materiallarından görünür ki, iddiaçı istehsalat təcrübəsi dövründə ödənilməli yüz faiz əmək haqqının istehsalat təcrübəsinin başladığı tarixdən (xx.xx.2022) bitdiyi tarixə (xx.xx.2022) qədər hesablanaraq ona ödənilməsini, habelə xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirdiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin və dəymiş mənəvi zərərə görə 10000 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini iddia etmiş, cavabdeh tərəf isə Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında memorandum imzalanmış və bu anlaşmaya əsasındə Bakı Dövlət Universitetini tələbələri həmin qurumda təcrübəyə göndərilmələri nəticəsində iddiaçı ilə 01 saylı Bakı Asan Xidmət Mərkəzi arasında həmin dövr üçün əmək müqaviləsinin bağlanılıb-bağlanılmaması, onun hansı vəzifəni icra etməsi, həmin vəzifəyə görə ödənilməli olan əmək haqqının nə qədər olması barədə heç bir məlumat olmadığı üçün iddianın təmin edilməsinə etiraz etmişlər. Məhkəmə kollegiyası ilk olaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırki iddia əmək münasibətlərindən irəli gələrək Dövlət Agentliyinə qarşı deyil, məhz “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə istinad edilməklə, iddiaçının təhsil aldığı Universitetə qarşı irəli sürülmüşdür. Belə ki, istinad edilən normadan görünür ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Göründüyü kimi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatı verilməklə yanaşı onların istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilməsi məhz təhsil müəssisəsində nəzərdə tutulmuşdur. Digər tərəfdən Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında bağlanmış 2019-cu il 18 mart tarixli müqavilə yalnız həmin müqavilə üzrə tərəflər üçün hüquq və vəzifələr müəyyən edir ki, həmin müqavilə ilə hazırda mübahisələndirilən əmək haqqının Dövlət Agentliyi tərəfindən verilməli olması göstərilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini heç bir qanuna əsaslanmadan birbaşa olaraq tələbənin istehsalat təcrübəsinə cəlb edildiyi şəxsin vəzifə maaşını əsas almışdır ki, bu da nəticədə konstitusiyanın bərabərlik hüququ tələbinə və qanunvericiliyin tələblərinə uyğun olmamasına dair dəlilləri üzrə hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı təcrübəçi kimi xidmət göstərdiyi vəzifə üzrə ştatdankənar baş mütəxəssis olmaqla həmin müddət ərzində bu vəzifənin əmək haqqısı 300 manat olmasına dair qənaətinə iş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3-45/2- 979/2023 saylı, 03 avqust 2023-cü il tarixli sorğunun cavablandırılması haqqında məktubuna əsasən analoji olaraq gəlmiş və bu meyarla iddiaçıya ödənilməli olan əmək haqqını istehsalat təcrübəsinin başladığı tarixdən (xx.xx.2022) bitdiyi tarixə (xx.xx.2022) qədər olan müddət üçün düzgün hesablamışdır. Kollegiya hesab edir ki, bu halda heç bir qanun pozuntusuna yol verilməmiş və işin araşdırılmış halları üzrə iddiaçının istehsalat təcrübəsi keçdiyi günlərin sayı nəzərə alındığı zaman yekun məbləğ 981,80 manat olmasına dair düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassız olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı təcrübəçi kimi xidmət göstərdiyi vəzifə üzrə ştatdankənar baş mütəxəssis olub və həmin müddət ərzində bu vəzifənin əmək haqqısı 300 manat olub. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177.2-ci maddəsinə əsasən onun istehsalat təcrübəsinin başladığı tarixdən (xx.xx.2022) bitdiyi tarixə (xx.xx.2022) qədər əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi, yəni 600 manatı həmin aylardakı iş günlərinin sayına bölməklə (600/44) bir günlük əmək haqqı tapılır (13,63) və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla (13,63x6) 81,80 müəyyən edilir, yəni cəmi 981,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçının istehsalat təcrübəsinin başladığı tarix-xx.xx.2022-ci il, bitdiyi tarix isə xx.xx.2022-ci il olmuşdur ki, birinci instansiya məhkəməsi də məhz həmin dövr üçün hesablama aparmışdır. Həmçinin müəyyən edilmiş məbləğ yuxarıda göstərilən normalara əsaslanmaqla düzgün olmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki işi əmək mübahisəsi kimi qəbul edərək tələb olunan məbləğ əmək haqqı hesab edilməsi nəticəsinə gəlsə də, işin araşdırılmış halları baxımından tərəflər arasında sırf əmək münasibətləri, yəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun rəsmiləşdirilmiş münasibətlər olmadığı üçün tələbin əmək haqqının gecikdirdiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənişin verilməsi hissəsi təmin edilə bilməzdi. Belə ki, işin materiallarından görünür ki, istehsalat təcrübəsi zamanı ödənilməli olan 981,80 (doqquz yüz səksən bir manat 80 qəpik) manat məbləğində pul vəsaiti əmək qanunvericiliyinin tələbləri əsasında deyil, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndində qeyd edilən “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir” ifadəsinə uyğun verilmişdir. Beləliklə də, məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə də razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında əmək münasibətləri olmadığına görə bu nəticəyə düzgün gəlmişdir. Belə olan halda tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsi şamil ola bilməz. Bu əsasdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bakı Dövlət Universitetinin tələbəsi olmuş İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçdiyi istehsalat təcrübəsi üzrə cavabdeh “Bakı Dövlət Universiteti” X9 istehsalat təcrübəsi zamanı ödənilməli olan 981,80 (doqquz yüz səksən bir manat 80 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(004)- 3190/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə