Məhkəmə qərarları › İş №2(103)-6734/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6734/2024

17.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6734/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4165/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 veni qaydalarla AZ 1124, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında sözügedən mənzilə dair Cavabdeh adına Əmlak Məsələləri Dövlət Xidməti Daşmımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2002-ci ildə X8 ilə rəsmi nikaha daxil olmuşlar. Aralarında ailə münasibətləri ilk vaxtlarda normal olmuş, lakin sonradan bu münasibətlər pozulmuş və nəticədə X8 ona qarşı "nikahın ləğv edilməsi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və sözügedən iddia ərizəsi hal-hazırda Binəqədi rayon Məhkəməsində baxılmaqdadır. O, 2002-ci ildə X8 ilə ailə qurduqdan sonra ilk öncə Bakı şəhəri, 4-cü mkr-da yerləşən mənzilə gəlin köçmüşdür. Daha sonra 2003-cü ildə həmin ev 10.500 manat məbləğinə satılmış və həmin məbləğ dəyərində yenidən 7ci mkr-da yerləşən mənzil alınmışdır. Həmin mənzil də 2018-ci ildə 78.500 manat məbləğinə satılmış və üzərinə ailənin birgə təsərrüfatı nəticəsində əldə edilmiş vəsait hesabına əlavə məbləğ qoyularaq 110.000 manat məbləğinə ünvan 4 (yeni qaydalarla AZ 1124, ünvan 2 ünvanında mənzil əldə etmişlər. Qeyd etdiyi kimi, sözügedən mənzil 110.000 manat məbləğinə alınarkən bir öncəki mənzilin satış qiymətinin (78500 manat) üzərinə qoyulan əlavə məbləğ tamamilə onun və həyat yoldaşının birgə təsərrüfatı nəticəsində əldə olunmuş məbləğdir və cavabdeh - qaynanası Cavabdeh həmin məbləğ üzərinə heç bir əlavə məbləğ qoymamışdır. Ev üçün nəzərdə tutulmuş mebel və digər ev əşyaları da eyni qayda ilə ailənin birgə təsərrüfatı nəticəsində əldə olunmuş vəsait hesabına alınmışdır. Bildirmək istəyir ki, Cavabdeh təqaüdçüdür və heç bir əlavə gəlir yeri yoxdur. Eyni zamanda Cavabdehnm həyat yoldaşı - qaynatası da təqaüdçüdür və onun da heç bir əlavə gəlir yeri yoxdur. Buradan da anlaşıldığı üzrə, Cavabdeh həmin məbləğdə bir mənzili əldə etməsi qeyri-realdır. Sadəcə olaraq, sözügedən mənzil alınarkən onu aldadaraq bildirdilər ki, əgər mənzil onun və ya həyat yoldaşının X3 adına əldə olunarsa o, zaman dövlət tərəfindən qaçqın statusu daşıyan şəxslərə veriləcək mənzildən və digər yardımlardan məhrum olacaqlar. Bu səbəbdən də mənzili qaynanası, iş üzrə Cavabdeh adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Qeyd etmək istəyir ki, sözügedən mənzil alındıqdan bu günə qədər Cavabdeh heç bir zaman həmin mənzildə yaşamamış və həmin mənzildə daim o, öz həyat yoldaşı X8 və qızı X7 ilə birgə yaşamışlar. Buna baxmayaraq, Cavabdeh məhkəmə qarşısında əsassız bir iddia qaldıraraq, faktiki olaraq ona məxsus olmayan ünvan 4 (yeni qaydalarla AZ 1124, ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmağımı tələb etməkdədir və sözügedən iddia ərizəsinə hal- hazırda Binəqədi rayon Məhkəməsində baxılmaqdadır. Hesab edir ki, ünvan 4 (yeni qaydalarla AZ 1124, ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısı zamanı alıcı qismində əsl alıcı iştirak etmədiyindən, sözügedən alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alqısatqı müqaviləsi əsasında sözügedən mənzilə dair Cavabdeh adına Əmlak Məsələləri Dövlət Xidməti Daşmmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" ləğv edilməlidir. Bildirmək istəyir ki, sözügedən mənzilin alqı-satqısına dair müqavilənin surəti onda olmadığından, həmin müqavilənin surətinin iddia ərizəsinə əlavə etmək hal- hazırda mümkün olmamışdır. Buna baxmayaraq, qeyd olunan müqavilənin surətinin əldə olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə vəkil sorğusu verilmişdir və müqavilənin surəti əldə olunduqdan sonra məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunacaqdır.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4165/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Etibar Mustafayev) ilə iddia təmin edilməmişdir.

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi və əlavə olaraq da göstərdi ki, iddiaçının ilkin olaraq gəlin gəldiyi mənzil onlara məxsus olmuş, həmin mənzilin satılmasından sonra əldə olunan mənzil, eləcə də iddiaçının mübahisələndirdiyi müqavilə əsasında alınan hazırkı mənzil də onlara məxsus olmuş, iddiaçının tələbi əsassızdır.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 63,93 ha olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8- ci mkr, ev 7, mənzil 169, (yeni qaydalarla: AZ 1124, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.

10. Vəkil İbrahim Hüseynovun müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən verilmiş 30 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 4, (yeni qaydalarla: AZ 1124, ünvan 2 ünvanında yerləşən mənzilə dair Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə alqısatqı müqaviləsinin rəsmiləşdirildiyi müəyyən edilmiş, eyni zamanda Bakı şəhəri 11 saylı notariat ofisində 2018-ci ildə rəsmiləşdirilmiş notariat sənədlərinin arxivə təhvil verilməməsi qeyd edilmişdir. Qeyd edilənlərlə bağlı Bakı şəhəri 11 saylı notariat ofisinə müraciət edilməsi tövsiyyə edilmişdir.

11. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 249228 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, ev 7, 46,73 kv/metr, yaşayış sahəsindən ibarət, 3 otaqlı, 169 saylı mənzil xx.xx.2005-ci il tarixdə X4 adına 132878 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.

12. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrdən arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır.

13. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X2 10 oktyabr 2001-ci ildə nikaha daxil olmuşlar.

14. X1 Bakı şəhəri 44 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, X4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə etiraz etməmişdir.

15. X9 ilə Cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisində birgə verdikləri ərizələrindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 60000 manat satılmasına razılaşmış, həmçinin alıcı (Cavabdeh) daşınmaz əmlakın alqısatqısı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsinin öz üzərinə götürmüşdür.

16. Bakı şəhəri 11 saylı notariat ofisində 15 sentyabr 2018-ci il tarixdə təsdiq edilmiş AN-İ N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv/metr olan mənzili bütünlüklə 60000 manata Cavabdeh satmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. 6.1 və 6.1.2. Mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir.

19. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

20. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

29. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız gorünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

30. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

37. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

38. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

43. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

45. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası, cavabdehin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Yəni mübahisəli mənzilin birgə nikah dövründə qazanılmış gəlirlər hesabına onun tərəfindən əldə olunmasını və 15 sentyabr 2018-ci il tarixli, AN-İ N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasını sübüt etmək iddiaçının üzərinə düşür. Xüsusən də daşınmaz əmlaklarla bağlı əqdlərin etibarsızlığı tələbi irəli sürüldükdə, bu, bir qayda olaraq təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübutlarla əsaslandırılmalıdır.

49. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı öz iddia tələbi ilə bağlı belə sübut təqdim edə bilmədiyindən, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

50. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

51. Bundan başqa, Kollegiya onu da qeyd edir ki, iddiaçı öz iddiasında 15 sentyabr 2018-ci il tarixli, AN-İ N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, bununla belə, o, həmin müqavilənin yalnız bir tərəfini -alıcını cavabdeh qoymuş, müqavilənin digər tərəfi olan satıcını isə cavabdeh qoymamışdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü madəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

53. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il № 1/2024 qərarının 7.21-ci bəndində qeyd edilir ki, ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin müvafiq razılığın alınmaması əsası ilə etibarsızlığı barədə iddia cavabdeh qismində əqdin hər iki tərəfi (həm əşyanın digər birgə mülkiyyətçisi olan ər və ya arvad, həm də əqd üzrə əşyanı əldə edən şəxs) cəlb edilmədiyi halda təmin oluna bilməz. Çünki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir.

54. MM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Beləliklə, kollegiya hazırkı işin hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

58. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4165/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar