Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6736/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2955/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – fəaliyyət qabiliyyəti olmayan bacısı X1 uzun illərdir yaşamadığı ünvan 1 ünvanına əsassız yazılmış elektrik enerjinə və suya görə borcların silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı, 25.12.1966-cı il təvəllüdlü Qasımova Sevda ünvan 1 ünvanında yaşamışdır. Əqli cəhətdən zəif olduğu üçün hal-hazırda AR Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının “Şizofreniya paranoid forma” diaqnozu ilə 24.01.2019-cu il tarixdən psixiatrın qeydiyyatdadır. İndiki dövrdə kənar şəxsin qulluğuna ehtiyacı vardır. Özü öz hərəkətlərini sərbəst şəkildə dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrumdur. Bu halları nəzərə alaraq üçüncü şəxs qismində Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, bacısı X1 “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun tələbini təmin etmişdir. Hal-hazırda bacısı psixiatriya xəstəxanasında müalicə olunur və o fəaliyyət qabiliyyəti olmayan olduğu üçün onun əvəzindən məhkəməyə o müraciət etməli olmuşdur. ünvan 1 ünvanında bacısı xəstə olaraq uzun illər yaşamadığı üçün həmin mənzildə heç bir kommunal şərait olmamışdır. Mənzilin içərisinə nə su kranı, nə su borusu, nə də mənzilin içərisinə daxil olan elektrik xətti olmuşdur. Mənzilin çölə çıxış qapısının ağzında (çöl hissədə) elektrik xətti olsa da, xətt içəri daxil olmur. Lakin, buna baxmayaraq bacısına saxtakarlıqla həm suya görə, həm də elektrikən istifadəyə görə borc yazılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2955/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Əminə Abbasova). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2955/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdehin nümayəndəsi kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “Abunə haqqında” saldoya əsasən abonent X2 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 19 saylı evin 401-ci mənzili üzrə 440,82 manat məbləğində elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-500/2020 nömrəli 17.02.2020-ci il tarixli qətnaməsinə əsasən, 25.12.1966-cı ildə Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığ 04.12.2020-ci il tarixli məktubuna əsasən **********90401 saylı Abunə kodu üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, 02.12.2020- ci il tarixdə Müştəri Xidmətləri İdarəsində hesabat yenidən araşdırılmış və protokol tərtib olunaraq kompüter məlumatlar bazasında 1285 kVt.s (141,35 manat) elektrik enerjisinin dəyərinə düzəliş edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü hissəsinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 7.17-ci hissəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. İş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 19 saylı evin 401 saylı mənzilində elektrik enerjisinin təchizatının təmin edilməsi məqsədilə ilə X3 ilə "xxxx" ASC arasında müqavilə imzalanmışdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən mənzil bacısı X2 məxsusdur, lakin bacısı qanuni qüvvəyə minmiş qətnaməyə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və uzun müddətdir ki, xəstəxanada müəlicə olunur. Mənzildə hal-hazırda heç kəs yaşamır. İddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd etdiyi hallları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmməmiş və iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 19 saylı evin 401 saylı mənzil üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2955/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6736/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6736/2021
09.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver