Məhkəmə qərarları › İş №2(103)-6737/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6737/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6737/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(006)-3600/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 18 iyun 2019-cu il tarixli MAS-930 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini; lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmasını; Cavabdeh 18 iyun 2019-cu il tarixli MAS-930 saylı“Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 iyun 2022-ci il tarixə 1842.14 manat gecikdirilmiş əsas, 459.02 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 427.53 manat dəbbə pulu, ümumilikdə 2728.69 manat gecikdirilmiş borc və ödənilmiş 47.69 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(006)-3600/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC tərəfindən məhkəmənin həmin qərardadından şikayət verilərək qərardadın ləğv olunmasını və işin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən göndərilmiş iddia ərizəsi qiymətləndirilən iddia ərizəsi olduğundan, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumu qanunvericiliyin tələbinə tam uyğun olaraq ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(006)-3600/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(006)-3600/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilsə də, həmin qəbzdən məlum olur ki, rüsum qanunla müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Belə ki, dövlət rüsumu, sadəcə, qiymətləndirilən iddia tələbinə münasibətdə ödənilmiş, qiymətləndirilməyən iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumu ilə bağlı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Kollegiya eləcə də qeyd edir ki, iddianın əsasını təşkil edən tələblər yəni “lizinq müqaviləsinin ləğv edilməsi” qiymətləndirilməyən iddiadır və qanunvericilikdə buna görə 100 manat məbləğində rüsum müəyən edilmişdir. Kollegiya hesab edir ki, qiymətləndirilən və qiymətləndirilməyən iddialar birlikdə verildikdə, qiymətləndiririlən iddianın məbləği 100 manatdan az olarsa həmin məbləğ qiymətləndirilməyən iddianın rüsumu ilə əhatə olunmalı, çox olduqda isə qiymətləndirilən iddianın qiymətinə müvafiq rüsum hesablanmalıdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2022ci il tarixli, 2(006)-3600/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(006)-3600/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar