Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6739/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı səhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-247/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı səhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən özbaşına tikili olan avtoyuma məntəqəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh yaşadığı beşmərtəbəli yaşayış binasının qabağındakı böyük ağacları kəsərək, onların yerində özü üçün hər-hansı bir icazəverici sənəd olmadan avtoyuma məntəqəsi tikmiş, həmin avtoyuma məntəqəsini işlədərək, binanın sakinlərini daima narahat edir. Məntəqənin yanında çoxlu maşın yığılması nəticəsində yolda tez-tez tıxaclar olur, bu da sakinlərin həyatı üçün real təhlükə yaradır. Özbaşına tikilmiş avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində məntəqəyə gələn çirkli maşınların qoxu, səsi, işlədilmiş suların açıq kanalizasiyaya axmasından yaranmış natəmizlik, milçək və ağcaqanadların əlindən yaşadığı mənzilin pəncərələrini daima bağlı vəziyyətdə saxlamağa məcburdur. Binanın qarşısındakı ağacların kəsilməsi və onların yerində özbaşına tikili olan avtoyuma məntəqəsinin inşası və qanunsuz işlədilməsi barədə o və qonşuları Azərbaycan Respublikası Ekolgiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər prokurorluğuna, Bakı şəhəri Yasamal rayon prokurorluğuna, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə şikayət etmişlər. Azərbaycan Respublikası Ekolgiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şikayətlər araşdırılmış, avtoyuma məntəqəsini tikən şəxs cərimələnmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində müəyyən olunmuşdur ki, binanın qarşısında heç bir icazəverici sənəd olmadan avtoyuma məntəqəsi tikilmiş və fəaliyyət göstərir. Bu barədə Azərbaycan Respublikası FHN Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə rəsmi bildiriş göndərmişdir. Bakı şəhəri icra Hakimiyyəti Başçısının və Bakı şəhəri Baş Polis İdarəsi rəisinin 7- 4465/4 saylı 10.12.1919-cu il tarixli birgə məktubuna əsasən yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış binasına bitişik özbaşına tikili olan avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırması tapşırılmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh göstərilən ünvanda özbaşına tikili olan avtoyuma məntəqəsini işlətməkdə davam edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-247/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən özbaşına tikili olan avtoyuma məntəqəsinin sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi qeyri-yaşayış sahəsi ilə bağlı yox, sırf avtoyuma məntəqəsi ilə bağlıdır yəniki mövcud tikili ilə yox avtoyuma məntəqəsinin fəaliyyəti ilə bağlıdır. Birinci inistansiya məhkəməsində məhkəmə iclasında tərəflərindən barışıq sazişinin bağlanması təklif edilmiş, eyni zamanda tikilinin təyinatı dəyişdirilmiş (avtoyuma məntəqəsinə aid reklam lövhələri sökülmüş, quraşdırılmış avadanlıqlar sökülmüş və tikili adı qaraj vəziyyətinə gətirilmişdir. Bunlarla bağlı şəkillər şəkilmiş və barışıq sazişi bağlanaraq həmin tikilidə bir daha avtoyuma fəaliyyətidə daxil olmaqla hər hansı bir fəaliyyətlə məşğul olmayacaqları ilə bağlı öhdəlik götürməyə hazır olduqlarını ifadə etmişdirlər. Lakin iddiaçı tərəfin əsas marağı mənfəət əldə etmək olduğu üçün barışığ təklifini qəbul etməmişdir. Aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırki işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir. İddiaçıya müvafiq icazə olmadan tikilmiş tikilinin sökülməsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Çünki həmin tikilinin iddiaçının hər hansı maraq və hüquqlarını pozması məhkəmə baxışının nəticələri ilə müəyyən edilməmişdir. Məhkəmə mübahisənin xarakterini və işin xüsusi hallarını nəzərə almaqla iş üzrə məhkəmə tikinti-texniki təyin etməli, ekspert qarşısında sual qoyaraq, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyr- yaşayış sahəsinin (avtoyuma məntəqəsinin) iddiaçı X1 hüquqlarını pozub-pozmaması məsələsini aydınlaşdırmalı idi. Lakin tərəflərindən bununla bağlı vəsatət verilsə də, məhkəmə heç bir münasibət bildirməmiş və işə səthi yanaşmışdır. Məhkəmənin loyallığı elə öz qətnaməsinin əsaslandırıcı hissəsindən də müəyyən olunur və sübutların tam və hərtərəfli araşdırılmamasını göstərir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırov (indiki H.Məcidov) küçəsi, bina 6, mənzil 33 İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin İddiaçı və digərlərinə ünvanladığı 03.09.2019-cu il tarixli məktubdan görünür ki, yaşadıqları binanın qarşısında fəaliyyət göstərən avtoyuma məntəqəsinin yaratdığı narahatçılıqla əlaqədar Agentliyə ünvanlanmış 14.08.2019-cu il tarixli müraciətə baxılmışdır. Araşdırma zamanı qeyd edilən ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının qarşısında heç bir icazəverici sənəd olmadan avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi faktı təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, binada yaşayan sakinlərin narazılıqların aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Agentlik tərəfindən Yasamal Rayon icra Hakimiyyətinə müraciət edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Yasamal rayon İcra Hakimiyyətinə ünvanladığı 26.11.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının yaşadığı binanın qarşısında fəaliyyət göstərən avtoyuma məntəqəsinin yaratdığı narahatçılıqla əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Agentliyin 03.09.2019-cu il tarixli 37/34-05759 nömrəli məktubu ilə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq, bu günə qədər heç bir tədbir görülməmişdir. Bu da vətəndaş İddiaçı yuxarı təşkilatlara təkrar müraciət etməsinə səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisənin qarşısının alınmasını, binada yaşayan sakinlərin narazılıqların aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verilməsi və nəticəsi barədə Agentliyi məlumatlandırması xahiş edilmişdir. Bakı səhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 15.04.2020-ci il tarixli məktubdan görünür ki, Həsən Məcidov 34-38 (H.Məcidov 6) ünvanda yerləşən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı yaranan səs-küy və ətrafda olan antisanitar vəziyyət binada yaşayan sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Dəfələrlə avtoyuma məntəqəsində çalışanlara xəbərdarlıq olunmasına baxmayaraq heç bir əməli tədbir görülməmişdir. Yuxarıda qeyd olunanları və Bakı şəhər İcra Hakimiyyətinin 7-4465\4 saylı 10.12.2019-cu il tarixli məktubunu nəzərə alaraq, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və qısa müddətdə təyinatının dəyişdirilməsi cavabdehə tapşırılmışdır. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.10.2021-ci il tarixli 10/3895 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinin inşasına dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədləri olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qəran ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Qeyd olunan rəyin tədqiqat issəsində göstərilmişdir ki, tədqiq edilən avtoyuma məntəqəsi binanın arxa fasad hissəsində yerləşdiyindən, texniki baxımdan iddiaçının mənzilinin istifadəsinə hər-hansı maneə yaratmadığı müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemalogiya Mərkəzi” X5 məhkəmə kollegiyasına ünvanlanmış məktubundan görünür ki, avtomobillərin avtoyuma məntəqəsinin fəaliyyət göstərməməsi səbəbindən şikayətçinin, yəni, iddiaçının yaşadığı mənzildə səs-küyün səviyyəsinin olçülməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin fəaliyyəti nəticəsində iddiaçının hər-hansı hüququ və mənafei pozulmamışdır. Belə olan halda, pozulmayan hüquqlarının bərpa edilməsi ilə bağlı iddiaçının cavadehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin sökülməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-247/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6739/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6739/2021
30.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver