Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6739/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (Nisyə alğı-satğı müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(008)-4745/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh iddiaçı "xxxx" MMC-dən qiyməti 790,20 manat, KOMBAYN KENWOOD-u ayda 43,90 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. 2.Cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazimi qaydada icra etmədiyindən iddiaçıya borcu yaranmış, buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, KOMBAYN KENWOOD üçün 358,50 manat ödənilməmiş hissə və 35,50 manat cərimə borcu olmaqla, cəmi 394 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, KOMBAYN KENWOOD almış və nəticədə 394 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 790,20 manat (18 ay x 43,90 manat + 0 manat ilkin ödəniş) KOMBAYN KENWOOD üçün ümumilikdə 394 manat olmaqla ondan 358,50 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35,50 manat cərimə hesablanmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 394 manat təşkil edir. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 28 avqust 2023-cü il tarixli, 2(008)-4745/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Mirzəliyev Ruslan) iddia təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 358,50 (üç yüz əlli səkkiz manat əlli qəpik) manat ödənilməmiş hissə və 35,50 (otuz beş manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 394 (üç yüz doxsan dörd) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. 6.İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilə və ona əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 790,20 manat, KOMBAYN KENWOODu ayda 43,90 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. 7.İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə üzrə 394 manat məbləğində borcu vardır. 8.Məhkəmə işin hallarına və istinad etdiyi normalara əsasən hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 358,50 manat ödənilməmiş hissə və 35,50 manat cərimə borcu olmaqla, cəmi 394 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumu tutulmalıdır. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, .386.1, 433.1, 442, 462.1, 600.1, 600.4-cü: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1, 119.1, 107, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri 10.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməsindən də görünür ki, onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 790,20 manat olan Kombayn Kenwoodu ayda 43,90 manat ödəmək şərtilə 18 ay müddətinə almışdır. Malın ona təvil verildiyi vaxtdan 11 gün sonra, yəni xx.xx.2021-ci alət istifadə zamanı elektrik cərəyanı keçirdiyi üçün servisə təvil vermişdir. xx.xx.2021-ci il tarixdə aləti cavabdehə təhvil veriblər. Lakin yenidən alət elektrik cərəyanı keçirdiyidiyi üçün xx.xx.2022-ci il tarixdə aləti yenidən servisə təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə ona təvil verilmişdir. Təhvil aktında cihazda qüsurun aşkar edilmədiyi, cihazın qoşulduğu elektrik şəbəkəsində torpaqlanma olması, istehsalçı cihazın təlimat kitabçasında bu barədə məlumatın yerləşdirilməsi, torpaqlanma olmadığı təqdirdə cihazın korpusunda cərəyan olması və tok keçirməsinin normal olması qeyd edilmişdir. Halbuki, məhsulun zəmanət talonunda torpaqlanma ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Nasaz əşyanın yenisi ilə əvəz edilməsini iddiaçıdan tələb etsə də, onlar bundan əsassız olaraq imtina etmişlər. Nəticədə, təyinatına uyğun istifadə oluna bilməyən malı başqa keyfiyyətli məhsulla əvəz etmədiklərinə görə qaytardı. Məhsulu qaytarmağı iddiaçının cavabdehə ünvanladığı 26 may 2023cü il tarixli məktub ilə də təsdiqlənir. Həmin məktubda da qeyd olunur ki, öz razılığınız əsasında Kenwood markalı Kombaynı geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə Kenwood markalı Kombayn 300 manat dəyərində qiymətləndirilmiş və ümumi borcunuzdan silinmişdir. Bu isə onu göstərir ki, həqiqətən, məhsul keyfiyyətsiz olmuş və 790,20 manat dəyəri olan məhsul 358 manat qiymətləndirilmişdir. Göründüyü kimi, kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona müqavilə əsasında razılaşdığı keyfiyyətdə əşyanı təqdim etməmişdir. Müqavilə ilə razılaşdığı predmetlər cavabdehə keyfiyyətsiz təqdim edilibsə və müqavilə bağlandığı vaxtdan 11 gün keçdikdən sonra əşya iddiaçının servisinə verilib və orada qalıbsa, 2022-ci ilin yanvar ayında yenə də servisə gedib düzəlməyibsə, iddiaçı ondan axı necə ödəniş tələb edilə bilər?! İddiaçı üzərinə düşən öhədlikləri lazımi qaydada icra etmədiyinə görə, cavabdehdən borc məbləği tələb edə bilməz. İddiaçı iddia tələbini əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən ona rəsmi qaydada bildiriş göndərilməmiş və iddiaya qarşı əsaslandırılmış etirazını vermək hüququndan məhrum olmuşdur. Mülki işin materiallarına da baxılsa, cavabdehə rəsmi bildirişin verilmədiyi aydın olar. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər sayıb qəbul edərək, cavabdehin iştirakını təmin etməyərək tərəflərin bərabərliyini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 13.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 15.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 16.Maddə 600.1Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 17.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 18.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 19.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 20.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 21.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 22.Maddə 588.1.Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 23.Maddə 588.2.Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 24.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(008)-4745/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən qiyməti 790,20 manat, KOMBAYN KENWOOD-u ayda 43,90 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır.
32. xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, KOMBAYN KENWOOD KMX 7500RD markalı kombayın Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. 33.İş materiallarına olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə üzrə 394 manat məbləğində borcu vardır. 34.Həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.20221-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixdə KOMBAYN KENWOOD-dan imtina etmiş və 300 manat borcundan silinmişdir. Cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 1% həcmində cərimə 103,2 manat (0,43 manat x 240 gün) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olaraq 35,5 manat cərimə hesablanmışdır. 35.Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 588.1-ci maddəsinə uyğun olaraq cavabdeh cihazda olan qüsurun həmin cihazın alıcıya, yəni ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilmədiyindən, həmin qüsurulara görə satıcının (iddiaçının) cavabdehlik daşımasının heç bir qanuni əsası yoxdur və bununla əlaqədar olaraq alıcının (cavabdehin) cihazın pulunu ödəməkdən imtina etməsi əsassızdır. 36.Belə ki, xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktının surətindən görünür ki, KOMBAYN KENWOOD KMX 7500RD markalı kombayın Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. 37.Texnoservis tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, texniki rəydən görünür ki, Cavabdeh tərəfindən cihazdan istifadə zamanı bir müddət sonra cərəyan verməsi qeyd olunmuşdur. Aparılmış yoxlama zamanı cihazda qüsur aşkar olunmamış, cihaz normal işləmişdir. Cihazda cızıqlar və ləkələr müəyyən olunmuşdur. 38.Texnoservis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, texniki rəydən görünür ki, Cavabdeh tərəfindən cihazdan istifadə zamanı bir müddət sonra cərəyan verməsi qeyd olunmuşdur. Aparılmış yoxlama zamanı cihazda qüsur aşkar olunmamışdır. Cihazın qoşulduğu elektrik şəbəkəsində torpaqlanma (zazemleniya) olmalıdır. İstehsalçı cihazın təlimat kitabçasında bu barədə məlumat yerləşdirib. Torpaqlanma (zazemleniya) olmadığı təqdirdə cihazın korpusunda cərəyan olacaq və tok keçirməsi normaldır. Cihazda cızıqlar və ləkələr müəyyən olunmuşdur. 39.Göründüyü kimi, cihaz cavabdeh tərəfindən qüsursuz halda təhvil alınmış, lakin qaytarılarkən cihazda cızıqlar və ləkələr müəyyən olunmuş, cavabehin qeyd etdiyi “cihazdan istifadə zamanı bir müddət sonra cərəyan verməsi” kimi qüsurlar aşkar olunmamışdır. 40.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 41.Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilməməsi ilə bağlı apellyatorun dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmənin 25 iyul 2023-cü il tarixli məktubu ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. 42.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 43.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 45.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 46.Kollegiya hesab edir ki, dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun düzgün olaraq cavabdehdən tutulmuşdur. 47.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(008)-4745/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdiyev
Fərrux Qasımov