Məhkəmə qərarları › İş №2(103)-6750/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6750/2022

21.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6750/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Mürsəl Bədəlovun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “bank əmanəti müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasında bağlanmış xx.xx.2019-cu il tarixli NZDPM-0340-25 nömrəli və xx.xx.2019-cu il tarixli NZDPM-0736-07 nömrəli bank əmanəti müqavilələri etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Mürsəl Bədəlov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı xx.xx.2019-cu il tarixli NZDPM-0340-25 nömrəli və xx.xx.2019-cu il tarixli NZDPM-0736-07 nömrəli bank əmanəti müqavilələrinin etibarsız sayılması barədə tələbi onunla əsaslandırıb ki, cavabdeh həmin müqavilələri üzrə iddiaçıya verilməli olan pulu – 1.000 manat əmanət, 2.500 manat əmanət və 720 manat faizi mənimsəyib. Mülki Məcəllənin 944.1-ci maddəsində qeyd olunub ki, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əgər cavabdeh bank əmnəti müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozubsa, yəni əmanəti düzgün qaytarmayıbsa və ya əmanətə görə faizləri düzgün ödəməyibsə, həmin hallar banka qarşı müvafiq pul tələbinin irəli sürülməsi üçün əsas ola bilər. Bank əmanəti müqaviləsinin etibarsız hesab edilməsi üçün müəyyən edilməlidir ki, həmin müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanıb. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçının istinad etdiyi hal – cavabdehin bank əmanəti müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozması həmin müqavilənin etibarsız sayılmasına əsas ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar