Məhkəmə qərarları › İş №2(103)-6754/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6754/2025

22.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6754/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 122/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Şirkəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 122/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermiş, şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

4. 23.05.2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili sözügedən qətnamədən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

6. Cavabdehin həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 5114/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-122/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Bundan sonra, cavabdehin nümayəndəsi və vəkili yenidən məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

10. Sonradan cavabdehin nümayəndəsi və vəkili məhkəməyə prosessual müddətin bərpasına dair vəsatətlə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə təkrar müraciət etmişdir.

11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə də vəsatət ona əlavə edilmiş apellyasiya şikayəti ilə birlikdə geri qaytarılmışdır.

12. Sonuncu dəfə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-122/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizəsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur.

13. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin Cavabdeh aid olan elektron kabinetə yerləşdirildiyi qeyd edilsə də, Cavabdeh öz adına hər hansı bir elektron kabinetdə qeydiyyatdan keçməmiş və bu səbəbdən də qətnaməni imza ataraq məhkəmədən götürmüşdür. Cavabdeh e-kabinetdə qeydiyyatdan keçmədiyindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin müddəti ötürülmədən verilmişdir. Məhz cavabdehin adına e-kabinetin olub-olmaması məsələsində anlaşılmamazlıq ucbatından, cavabdehin artıq apellyasiya şikayəti verməsi müddət ötürülməsi kimi göstərilir. Cavabdehin hal-hazırda öz konstitutsion hüququndan istifadə edərək apellyasiya şikayəti verməsi qanunauyğundur. Cavabdehdən asılı olmayan üzrlü səbəblərdən artıq cavabdehin apellyasiya şikayəti verməsi üçün hal-hazırda 9 aya yaxın vaxt keçmişdir.Bu səbəbdən AR MPM-nin 133.1-ci maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunan maddəyə əsasən hesab edir ki, üzürlü səbəbdən ötürülmüş prossesual müddət bərpa edilərək apellyasiya şikayəti baxılması üçün icraatya qəbul edilməlidir.

14. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 122/2025 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(001)-122/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

15. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv edilməsini və müddətin bərpasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət prosessual müddətin bərpa edilməsi barədə ərizəyə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli,xx.xx.2025-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5114/2025 saylı qərardadı ilə razılaşmadığından Məhkəmə-Hüquq Şurasına müraciət etmiş və onun adına elektron kabinet olub-olmaması ilə bağlı məlumat verilməsini xahiş etmişdir. Məhkəmə-Hüquq Şurasının elektron kabinetlə bağlı tənzimləmələrlə bağlı arayışında xx.xx.2025-ci il tarixdə qeydiyyat tarixi göstərilmiş,lakin qeydiyyat üsulunun hansı qaydada olması, yəni e-mailin qeyd edilməməsi və Cavabdeh adına hər hansı bir elektron kabinetin olmasının təsdiqlənməməsi barədə məlumat verilmişdir. Sonra Cavabdeh "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixdə müraciət edir və ona bildirilir ki, qeyd etdiyi 055 *** ** ** nömrə xx.xx.2014-cü il tarixindən adında qeydiyyatdadır, amma qeyd olunan nömrədə “ASAN İMZA” xidməti aktivləşdirilməmişdir.

17. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

18. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

19. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

20. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq mülki işin apellyasiya məhkəməsinin icraatına qəbul edilərək baxılmasına əsas olan halların şikayət ərizəsində göstərilməsini, həmçinin təqdim olunmuş sübutlardan da göründüyü kimi apellyasiya şikayətinin verilməsi üçün bir aylıq prosessual müddətin ötürülməməsini nəzərə alaraq, verilmiş apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-122/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materiallarından aydın olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-122/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmiş, qətnamədən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir.

24. Qeyd edilməlidir ki, cavabdehin vəkili və nümayəndəsi tərəfindən ilk dəfə prosessual müddətin bərpa edilməsinə dair ərizə apellyasiya şikayəti qaytarıldıqdan təqribən 3 ay müddət keçdikdən sonra verilmişdir.

25. İşdən o da görünür ki, qətnamədən cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilib-edilməməsi məsələsinə artıq qiymət verilmiş, bu barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-5114/2025 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

26. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-122/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar