Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6758/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1205/2021 saylı mülki iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğvi və akt əsasında ona əsassız hesablanmış 638.4 manat borcun silinməsi və əsassız olaraq ondan çıxılmış pul məbləğinin ona geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Azəriqaz İB tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun iştirakı olmadan evinə quraşdırılmışdır. Sonradan sayğacda problem olduğundan cavabdeh quruma müraciət etmişdir. O, bu barədə cavabdeh quruma müraciət etdikdə ona bildirmişdilər ki, onun 638.4 manat borcu vardır. Həmin İdarənin əməkdaşları tərəfindən ona bildirmişlər ki, sayğaca müdaxilə etdiyi üçün borc yazılmışdır. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 388.8 manat borcun silinməsi və əsassız olaraq ondan çıxılmış pul 174.7 manat məbləğinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-1205/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, 1-ci instansiya məhkəməsi istehlakçının təqsiri sübuta yetirilmədiyinə görə iddianı təmin etmişdir. Lakin təqsirli tərəfin müəyyən edilməsi cavabdehin funksiyalarına aid deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Ə Hacıyev apellyasiya şikayətini müdafiə edərək, sayğaca müdaxilə olunduğuna görə itirilmiş qazın və sayğacın dəyəri iddiaçı tərəfindən ödənilməli olduğunu və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-1205/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. iddiaçının yaşadığı ünvanda cavabdeh təşkilatın nümayəndələri tərəfindən baxış keçirilmiş, həmin ünvana qurlaşdırılmış sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkar olunması səbəbindən cavabdeh təşkilat tərəfindən müəyyən edildiyindən müvafiq akt tərtib edilmiş və akt əsasında iddiaçının abonent hesabına 388.8 manat borc hesablanmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.03.2018ci il tarixli 58/2707 saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda yerləşdirilmiş sayğacın Cavabdeh İB-nin rəyinə əsasən sayğacın plombunun qırıq olduğu aşkar olunmuş və dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Lakin cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasının səbəbkarının məhz iddiaçı olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda isə itirilmiş qazın və sayğacın dəyəri iddiaçıdan tələb oluna bilməz. Cavabdehin dəlillərinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1205/2021 saylı mülki iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6758/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6758/2021
06.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver