Məhkəmə qərarları › İş №2(103)-6760/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6760/2021

17.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6760/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1864/2021 saylı iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi məbləğin 366,70 manatı qaz sayğacının göstəricisi üçün hesablandığından, həmin hissədə borcunu qəbul edir. Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış 844,90 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 1664,50 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 1200 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Ona məxsus **********10000 saylı abonent hesabına hesablanmış borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan başqa bildirir ki, ünvanda olan qaz saygacı "Azəriqaz” İB əməkdaşları tərəfindən çıxarılaraq aparılıb. Qış ayı olduğundan ailəsi ilə birlikdə çox əziyyət çəkir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1864/2021 saylı iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəlki illərdə sayğacsız qazdan istifadə etdiyi üçün hər ay onun abonent hesabına normativ üzrə göstərici yazılmışdır. Qeyd olunan 844.90 manatın da yaranma mənbəyini qeyd olunan aktlar yaradır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacına 2011-2016-cı illər üçün 1272,20 manat məbləğində borc hesablanmışdır. Həmin borcdan atyrı-ayrı vaxtlarda abonentin apardığı ödənişlərdən 60,06 manat tutulmar olmuş, son nəticədə abonentin Cavabdeh İB-nə hal-hazıra 2011-2016-cı illər üçün 1212,14 manat borcu qalmışdır. İddiaçı 2011-2016-cı illərə görə ona hesablanmış 1212,14 manat borcun 366,70 manat məbləğində olan hissəsi ilə (təbii qazdan istifadə etdiyin görə yaranmış borc olduğundan) razılaşır. Lakin ona hesablanmış 844,90 manat borcu əsassız olduğundan silinməsini xahiş edir. Cavabdeh İB-i həmin dövrə, yəni 2011-2016-cı illərə görə abonentə hesablanmış həmin borca dair sənədləri birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, 2011-2016-cı illərə dair borcun hesablanmasına əsas olmuş aktlar istehlakçıya təqdim edilməmişdir. İddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış və yalnız iddiaçının tələb etdiyi 844,90 manat məbləğində borc silinməlidir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1864/2020 saylı, 26.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh tərəfindsən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********10000 olan sayğaca hesablanmış 844,0 manat məbləğində borcun silinməsi qət edilmişdir. İş materiallarında olan abonenetin saldosundan görünür ki, iddiaçıya cavabdeh tərəfindən 2011-2016-cı illərə görə 1212,14 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30.06.1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə görə, fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan Kollegiya bildirir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmamış, bu barədə cavabdeh apellyasiya şikayətində aktların olmasına istina etsə də bu barədə sənədləri nə birinci instansiya məhkəməsi baxışı zamanı nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Belə olan halda kollegiya akta əsasən hesablanmış borcun tələb edilməsini əsaslı hesab etmir. MPM-nin 77.2-ci maddəsinin mənasına görə, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı məxsus ünvana aid qaz sağacına (abonent kodu **********10000) hesablanmış 844,90 (səkkiz yüz qırx dörd manat doxsan qəpik) manat məbləğində borc silinməsi və 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdehİstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1864/2021 saylı iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar