Məhkəmə qərarları › İş №2(103)-6763/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6763/2020

11.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6763/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, apelyatorun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh1" ASC-yə və qeyrisinə qarşı “kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilərək öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il tarixli 100.CL.030613.00001/b saylı ipoteka müqaviləsinin, xx.xx.2014-cü tarixli 100.CL.030613.00001/b saylı ipoteka müqaviləsinə 1 nömrəli əlavənin, xx.xx.2014cü il tarixli 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 100.CL.14021.00001/b saylı zaminlik müqaviləsininin etibarsız hesab edilməklə öhdəliklərin icasına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-1115/20) iddia təmin edilməmişdir. İddiaçı2 apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Cavabdeh1" ASC ilə İddiaçı1 arasında xx xxxxxx 2014-cü il tarixli 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən İddiaçı1 360300 manat məbləğində kredit verilməsini "Cavabdeh1" ASC öz öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci maddəsinə əsasən xx xxxxxx 2014-cü il tarixli 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsi üzrə verilmiş kredit X2 və Nümayəndə ilə bağlanmış xx xxxx 2013-cü il tarixli 100.CL.030613.00001/b saylı ipoteka müqaviləsi, eləcə də İddiaçı2 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli 100.CL.140214.00001/b saylı zaminlik müqaviləsi ilə təmin edilmişdir. xx xxxxxx 2014-cü il tarixli 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsinə edilmiş 1 saylı Əlavənin rəsmiləşdirilməsi haqqında xx xxxxx 2015-ci il tarixli sazişə əsasən xx xxxxxx 2014-cü il tarixli 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsi ilə verilmiş kredit üzrə restrukturizasiya aparılaraq 20995,02 manat məbləğində kredit restrukturizasiya edilmiş, 4149,17 manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş və bununla da ümumi kredit məbləği 235 317,85 manat təşkil etmişdir. xx xxxxxx 2014-cü il tarixli 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün "Cavabdeh1" ASC ilə X2 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 100.CL.030613.00001/b saylı ipoteka müqaviləsinə xx xxxxxx 2014-cü il tarixli 1 saylı Əlavənin şərtlərinə görə "Cavabdeh1" ASC-ə Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, 12 saylı evə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 ASC ilə X1 və X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin şərtlərinin yalnız 1.1 bəndi xx.xx.2014-cü il tarixli 1 nömrəli əlavə sayılan ipoteka müqaviləsində dəyişdirilmir. Razılığa əsasən ipoteka saxlayan və borcalan İddiaçı1 adlandırılır. Razılığın 1.2 bəndində göstərilir ki, xx.xx.2013-cü il tarixli 100CL.030613.00001 /b saylı ipoteka müqaviləsinin və onun bütün əlavə razılıqlarının digər şərtləri qüvvədə qalır. Zamin olaraq İddiaçı2 ipoteka müqaviləsinin 1 nömrəli əlavə razılaşması ilə tanış olduqdan sonra xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsini imzalamışdır. Lakin kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədiklərinə görə Cavabdeh1 ASC tutmanı ipoteka predmetinə yönəltmədən birbaşa məhkəməyə müraciət etmiş və kredit müqaviləsi üzrə 235317.85 manat əsas borc, 25007 manat faiz borcu, 71.07 manat cərimə, 2353.18 manat komissiya borcu olmaqla, cəmi 262749.91 manat pulun müştərək qaydada hazırkı iş üzrə iddiaçılardan tutulması barədə qətnamə çıxartdırmış və icraya yönəltmişdir. Hesab edirlər ki, ipoteka, kredit və zaminlik müqavilələri etibarsız hesab edilməklə öhdəliklərə xitam verilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli 100.CL.030613.00001/b saylı Cavabdeh1 ASC ilə X2 arasında bağlanmış ipoteka müqaviləsinin “tərəflərin öhdəlikləri” şərtində göstərilir: ipoteka saxlayanın qabaqcadan razılığı olmadan ipotekaqoyan ipoteka qoyulmuş əmlakı satmayacaq, özgəninkiləşdirməyəcək, təkrar ipoteka qoymayacaq və ya ondan başqa şəkildə istifadə etməyəcəkdir (və gələcəkdə razılıq verməyəcəkdir); İpotekaqoyan müqavilənin bağlanması, rəsmiləşdirilməsi və bu müqavilə üzrə ipoteka saxlayanın öz öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar ipoteka saxlayanın bütün itki, xərc və zərərlərini ipoteka saxlayana ödəyir; İpotekaqoyan bu müqavilə imzalanarkən qoyulmuş əmlaka ipoteka qoyanın mülkiyyət hüquqlarını təsdiq edən bütün sertifikatları, aktları və digər sənədləri ipoteka saxlayana təqdim edir; İpotekaqoyan qabaqcadan ipoteka saxlayanın yazılı razılığını almadan bu müqavilə üzrə öhdəlik və vəzifələrinin hər hansı bir hissəsini başqasına verə bilməz; İpoteka saxlayan ipoteka qoyanın heç bir razılığı olmadan bu müqavilə üzrə istənilən öhdəliklərini və ya hüquqlarını özü hesab etdiyi kimi başqasına verə bilər. Bundan əlavə müqavilənin icrası şərtlərində göstərilir: İpoteka qoyulmuş əmlak ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsini məhkəmənin müvafiq qətnaməsinin qəbul edilməsi tarixindən (istər məhkəmə qətnaməsindən əvvəl, istərsə də ondan sonra) asılı olmayaraq tam həcmdə təmin edir; Müqavilə ilə təqdim olunmuş təminat həqiqi sayılır, hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və ipoteka saxlayanın tələblərinin tam təmin edilmədiyi anda dayandırılır. Bundan sonra son müddəalar adlandırılan 5-ci bənddə göstərilir: 5.3. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsində və bu müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərin ipoteka qoyan tərəfindən icra olunduğu anadək qüvvədə qalır; 5.5 Bu müqaviləyə əsasən ipoteka qoyulmuş əmlaka dair sənədlərin əsilləri kredit və ipoteka müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirildiyi anadək dövlət notariat kontorunda saxlanılır. Belə olan halda sual olunur: ipoteka predmeti necə yüklülükdən azad olunub və kredit müqaviləsinin zəmanətliliyindən necə çıxarılıb? Bu barədə kredit müqaviləsi tərəflərinə və zaminlik müqaviləsinin tərəflərinə nə üçün məlumat verilməyib? Belə çıxır ki, bank ipoteka “müqaviləsi ilə yüklü edilmiş əmlakları sataraq mənimsəyib və əlavə olaraq tutmanı bizə qarşı yönəldərək varlanmaq istəyir. Lakin Cavabdeh1 ASC qanunun bu tələblərini kobud surətdə pozaraq bu barədə tərəflərə heç bir məlumat verməmişdir. Bankla İddiaçı2 arasında bağlanmış zaminlik müqaviləsinin 2.2.1-ci bəndində, tərəflərin öhdəlikləri və məsuliyyəti bölməsində göstərilir ki, həmin müqavilə ilə icrası təmin edilmiş öhdəlik icra olunmadıqda zaminə və ya borcalana, həmçinin onların hər ikisinə birlikdə tələb irəli sürülür. Onların belə xəbəri olmadan kredit müqaviləsinin zəmanəti kimi çıxış etmiş ipoteka predmetinin girovdan azad olunması həyata keçirilib və ipoteka saxlayan bu barədə zamin kimi onlara xəbərdar etməyib, həbsdə olduğundan ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətini əsaslandırarkən göstərmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işdə mübahisəli hüquq münasibətinə MPM-nin 82.3-cü maddəsini düzgün tətbiq etməmiş, əvvəlki məhkəmə qərarlarında hazırkı iş üçün “preyudisiya” xaerakteri daşıyan faktların olmadığını nəzərə almamışdır. Apelyator həmçinin Mülki Məcəllənin 477.0.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, zaminliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar olsa da, məhkəmə bunu nəzərə almamışdır. Apelyatorun qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3-cü maddələrinin tələblərinə əsasən ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da onlar heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı1 (kredit alan) və İddiaçı2 (zamin) “kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilərək öhdəliyə xitam verilməsi” tələbinə dair birgə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsalar da, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktını yalnız İddiaçı2 (zamin) mübahisələndirmişdir. Apelyasiya şikayətində əsasən ipoteka predmetinin yüklülükdən qanunsuz azad edilməsinə, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbinin pozulmasına, restrukturizasiya nəticəsində zaminin məsuliyyətinin artırılmasının, zaminliyə xitam verilməsi üçün mövcud olan əsasların nəzərə alınmamasına və MPM-nin 82.3-cü maddəsinin hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə düzgün tətbiq olunmamasına istinad olunmuşdur. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, Nümayəndə izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, "Cavabdeh1" ASC ilə İddiaçı1 arasında xx xxxxxx 2014-cü il tarixli 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən "Cavabdeh1" ASC İddiaçı1 360300 manat məbləğində kredit verilməsini öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi X2 və Nümayəndə ilə ipoteka müqavilələri bağlanmış və onların mülkiyyətlərində olan daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir. Eləcə də, İddiaçı2 ilə xx xxxxxx 2014-cü il tarixli 100.CL.140214.00001/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada xx.xx.2014-cü il tarixli 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsi üzrə cəmi 262 729.91 manat borcun və 68,31 manat məhkəmə xərclərinin “xxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, cavabdeh İddiaçı1 iddiaçı Cavabdeh1 ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 Cavabdeh1 ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi hər iki qətnamədən verilən apellyasiya şikayətlərinə bir icraatda baxaraq xx.xx.2019-cu il tarixli qətnamə ilə cavabdehlər İddiaçı2 və İddiaçı1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətlərini qismən təmin etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsini İddiaçı2 və İddiaçı1 münasibətdə dəyişdirməklə onların xx.xx.2015-ci il tarixədək Banka ödənilməmiş əsas borcunu 229809.53 manat, faiz borcunu 5489.89 manat, cəmi 235299.42 manat məbləğində müəyyən etmiş, bundan əlavə cavabdeh İddiaçı1 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək yaranmış ümumi borca görə 23158.02 manatın tutularaq “xxxxxxx” ASC-yə ödənilməsini qət etmiş, qətnaməni qalan hissədə dəyişdirilmədən saxlamışdır. Eyni zamanda İddiaçı2 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməyərək həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların hazırkı iş üzrə tələbləri kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilərək öhdəliklərin icrasına xitam verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə Bank üzərinə düşən vəzifələri yerinə yetirərək müqavilədə göstərilən pul məbləğini borcalana vermişdir. Bunun nəticəsində bankın hazırkı iş üzrə iddiaçılardan kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmışdır. Kredit alan və zamin müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə Bank onlara qarşı məhkəmədə iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən Bankın iddiası təmin olunaraq onlardan kredit müqaviləsi üzrə yaranmış borcun tutulması qət edilmişdir. Həmin işdə İddiaçı1 tərəfindən kredit müqaviləsinin etibarsız hesab olunması barədə, İddiaçı2 tərəfindən isə zaminlik müqaviləsinin etibarsız hesab olunması barədə iddia qaldırılmış, lakin hər iki iddia əsassız sayılaraq rədd olunmuşdur. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası MPM-nin 82.3cü və Mülki Məcəllənin 442-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apelyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbinin pozulması, restrukturizasiya nəticəsində zaminin məsuliyyətinin artırılmasının, zaminliyə xitam verilməsi üçün mövcud olan əsasların nəzərə alınmaması, ipoteka predmetinin yüklülükdən qanunsuz azad edilməsi və MPM-nin 82.3-cü maddəsinin hazırkı işə düzgün tətbiq olunmaması barədədir. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə iddiaçıların əsas tələbi öhdəliklərin icrasına xitam verilməsindən ibarətdir və onlar bu tələblərini kredit, zaminlik və ipoteka müqavilələrinin etibarsızlığı ilə şərtləndirmişlər. İddiaçılar mübahisələndirilən müqavilələri etibarsız saymaqla öhdəliklərin icrasına xitam verilməsini xahiş etmişlər. Qüvvədə olan məhkəmə qərarlarından görünür ki, başqa bir işdə İddiaçı2 zaminlik müqaviləsinin, İddiaçı1 isə kredit müqaviləsinin qanunililiyini mübahisələndirmiş, onların etibarsızlığı barədə iddia qaldırmış, mübahisələndirilən müqavilələrin qanuniliyi işə baxan məhkəmə tərəfindən yoxlanılmış və əsas olmadığına görə iddia rədd edilmişdir. Eləcə də, İddiaçı2 Bankın “kredit borcunun tutulması” tələbinin təmin olunması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsini apelyasiya qaydasında mübahisələndirərkən Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbinin pozulduğuna, restrukturizasiya nəticəsində zaminin məsuliyyətinin artırılmasının, zaminliyə xitam verilməsi üçün mövcud olan əsasların nəzərə alınmadığına istinad etmiş, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin dəlillər yoxlanılaraq nəzərə alınmış və qətnamə dəyişdirilməklə kredit müqaviləsi üzrə tutulan borcun məbləği restrukturizasiyadan əvvəlki dövrə uyğunlaşdırılaraq azaldılmışdır. Apelyasiya şikayətinin ipoteka predmetinin yüklülükdən qanunsuz azad edilməsi, ipoteka predmetinə tələb irəli sürülməməsi və s. barədə dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iş materiallarında K.Nəsibova məxsus ipoteka predmeti olan daşınmaz əmlakın ipoteka ilə yüklülükdən azad olunmasına dair hər hansı mötəbər sübut yoxdur. Apelyasiya baxışı zamanı da işə baxan məhkəməyə bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Digər tərəfdən, işdən göründüyü kimi, Cavabdeh1 ASC əvvəllər kredit müqaviləsi üzrə tutmanın K.Nəsibova məxsus Bakı şəhəri, Xətai rayonu, İ.Abbasov küçəsindəki 12 saylı evə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin Yasamal Rayon Məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2016-cı il tarixli qərardadı ilə həmin hissədə işin icraatına xitam verilmişdir. Nəhayət, məhkəmə kollegiyası qeyd edir ki, kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmaq hüququ Cavabdeh1 ASC-yə məxsusdur. Məhkəmənin belə bir iddia qaldırılmasını ondan tələb etməsi qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Qanunun tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, istər iddia ərizəsində, istərsə də apelyasiya şikayətində göstərilən dəlillər başqa işlərdə araşdırılmış və qüvvədə olan məhkəmə qərarları ilə həm həmin dəlillərə, həm də mübahisələndirilən müqavilələrin qanuniliyinə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər kredit və zaminlik müqavilələrinin etibarsızlığı ilə bağlı dəlillər, istərsə də zaminliyə xitam verilməsi üçün əsasların olmasına dair dəlillər hazırkı işdə deyil, həmin müqavilələrin mübahisələndirildiyi və kredit borcunun tutulduğu əvvəlki işdə prosessual qanunvericiliyin verdiyi imkanlar və hədlər çərçivəsində yoxlanıla bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan məhkəmə qərarları ilə hazırkı işlə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar