Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6766/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1896/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair 12 noyabr 2020-ci il tarixli 020414 saylı NDM seriyalı akt əsasında tərtib edilmiş 25.11.2020-ci il tarixli ******* saylı protokolla elektrik enerjisindən istifadəyə görə artıq hesablanmış 556.55 manat (5131 Kvts) borcun silinməsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın ərazi üzrə nəzarətçisi tərəfindən sayğaca uzun müddət baxış keçirilmiş və belə bir hal aşkar edilməmişdir. Sayğac mənzilin daxilində yox, blokda quraşdırılmış və Azərişığa məxsus şit nəzarətçi tərəfindən kilidlənmişdir. Belə olan halda onun sayğaca müdaxilə etməsi tamamilə absurddur. “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. O, 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yaşayır, mənzilinə aid sayğac isə binanın 1-ci mərtəbəsində yerləşən sayğaclar qutusunda yerləşməklə, qutunun açarı cavabdeh təşkialtın əməkdaşında saxlanılır. Əməkdaş hər ay bina üzrə sayğaclara baxış keçirdib, üzərindəki sərfiyyatı hesablayır və sayğaclardakı blomların salamatlığına nəzarət edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1896/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilə dair 12 noyabr 2020-ci il tarixli 020414 saylı NDM seriyalı akt əsasında tərtib edilmiş 25.11.2020-ci il tarixli ******* saylı protokolla elektrik enerjisindən istifadəyə görə artıq hesablanmış 556,55 manat (beş yüz əlli altı manat əlli beş qəpik) borcun silinməsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1896/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsini əsassız hesab edir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1896/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1896/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Fuad Qasımzadə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1896/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi, qanun pozuntusunun mövcud olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını, iddiaçı tərəfin delikt hərəkətlərini və borcun yaranma əsaslarını təsdiq edən sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır və gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 21, 1096, 1097, MPM-nin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kоllegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadənin apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1896/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, NDM № 020414 saylı, 23 noyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent kodu **********20032 olan İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzilin elektrik sayğacına elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq baxış keçirilmiş və elektrik sayğacının qidalandıran kabelin giriş və çıxış xəttlərinin izolyasiyası pozularaq birbirinə bağlanıb şuntlanmışdır. Bu səbəbdən də, sayğacın keçən yükü qüsurla qeyd etdiyi göstərilmişdir. İş materiallarında olan, NDM № 020414 saylı, 23 noyabr 2020-ci il tarixli akta əsasən tərtib olunmuş 03 dekabr 2020-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər haqqında çıxarışdan görünür ki, elektrik sayğacını qidalandıran kabelin giriş və çıxış xətlərinin izolyasiyası pozularaq bir-birinə bağlanıb şuntlanmışdır. Bu səbəbdən sayğac keçən yükü qüsurla qeyd edir. Çıxarışda qeyd edilmiş qərara əsasən görünür ki, cəmi 556,55 manat borc hesablanmışdır. İş materiallarında olan, İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 27.11.2020-ci il tarixli, N-240 saylı müraciətə əsasən verilmiş 0199/№-240/6072 saylı, 11 dekabr 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, **********20032 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 23.11 2020-ci il tarixdə Satışa Nəzarət idarəsinin əməkdaşları tərəfindən fərdi yaşayış evinin sayğacını qidalandıran kabelin giriş və çıxış xətlərinin izolyasiyası pozularaq bir birinə bağlanıb şuntlandığına görə sayğac keçən yükü qüsurla qeyd etdiyi aşkarlanaraq NDM 020414 saylı aktla rəsmiləşdirilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 5131 Kvts 556,55 manat dəyərində əlavə sərfiyyat hesablanılmışdır. Aktda qeyd edilən qüsur Sayğac Quraşdırma və Uçota Nəzarət idarəsinin 25.11.2020-ci il tarixli ******* protokolu ilə təsdiq edir ki, akt tərtib edilərkən və ödəniş sənədi hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinin tələbinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinin tələbinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin qərarın 8.2.-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.7.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ASC iddiaçının yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacına istehlakçının hər hansı bir müdaxilə etməsini və ya hansısa qanun pozuntusunun törədilməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə apelyasiya şikayətində iddiaçının yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacına istehlakçının müdaxilə etməsini göstərsə də, bu barədə təşkilat tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadənin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1896/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadənin apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 556,55 (beş yüz əlli altı manat əlli beş qəpik) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1896/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6766/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6766/2021
24.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver