Məhkəmə qərarları › İş №2(103)-6769/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6769/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6769/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-341/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 33000 manat və Mərkəzi Bankın bank uçot dərəcəsinə əsasən ona hesablanmış 1650 manat, cəmi 34650 manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 193,95 manat dövlət rüsumunun və 300 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə ödənilmiş, cəmi 32000 manat məbləğində pulun və iddia üçün ödənilmiş 186 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, mübahisə predmeti olan “Hyundai Hl770” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı frontal yükləyicinin qarşılıqlı cavabdeh İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 341/2025 saylı qərardadı ilə Cavabdeh MMC-nin İddiaçı qarşı pulun qaytarılması tələbi barədə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixdə sms, həmçinin iddia ərizəsinin surəti qanuna müvafiq qaydada göndərilmişdir. Qarşılıqlı iddia ərizəsi isə 1 ildən də uzun müddət sonra, xx.xx.2025-ci il tarixində verilmişdir və cavabdeh tərəfindən bunun üzrlü və ya ondan asılı olmayan səbəblərdən verilməsinin mümkün olmadığı əsaslandırılmamışdır. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir, eləcə də qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsasların sonradan əmələ gəldiyinə və ya qarşılıqlı iddianın 20 gün müddətində təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığına dair hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin istinad etdiyi ekspert tərəfindən tərtib edilmiş aktla bağlı isə məhkəmə qeyd edir ki, həmin akt məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Qarşılıqlı iddia isə bundan 5 ay sonra verilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155-156 və 263-264-cü maddələrinə istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

6. Məhkəmənin həmin qərardadından Cavabdeh MMC şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-341/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını, şikayətin təmin edilmədiyi halda baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırki mövqeyi Cavabdeh MMC-nin mülki hüquqlarının, onun məhkəmə müdafiəsi hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddia tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-341/2025 saylı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspert tərəfindən baxış aktı və məlumat məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli baxış aktına əsasən, frontal yükləyicinin işlək vəziyyətdə olmaması və texniki cəhətdən istifadəyə yararsız olmasını təsdiq edən hallar göstərilmişdir. Belə ki, aktda göstərilir ki, radiatr və mühərrik işlək vəziyyətdə deyil, texnikanı işə salmaq olmur. Məhz xx.xx.2025-ci il tarixli baxış aktı hazırki qarşılıqlı iddianın əsasını təşkil edir və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü əsas öhdəliyi, texnikanın işlək vəziyyətdə alıcıya təhvil verilməsi öhdəliyini icra etmədiyinə görə hazırda müqavilə üzrə ona ödənilmiş 32.000 manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin hesabına qaytarılmalı, mübahisə predmeti olan “Hyundai Hl770” markalı, 490BA0085 dövlət qeydiyyat nişanlı frontal yükləyici isə qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə İddiaçı qaytarılmalıdır. Hazırki qarşılıqlı iddianın verilməsi üçün əsas məhz 2(005)- 341/2025 saylı iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə xx.xx.2025-ci il tarixli baxış aktı olduğuna görə AR MPM-in 155.1-ci maddəsi üzrə nəzərdə tutulmuş müddətdə təqdim edilməmiş, iddianın verilməsi üçün nəzərdə tutulmuş əsaslar hazırda yaranmışdır. Buna görə də hazırda qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə araşdırılması məhkəmənin tam, obyektiv və hərtərəfi araşdırmasının təmininə xidmət edəcəkdir. Əks halda, qaldırılmış iddia preyudisiallıq baxımından əhəmiyyətli olduğuna görə bu günədək 2(005)-341/2025 saylı iş üzrə keçirilmiş hazırlıq iclasları hüquqi əhəmiyyətlilik baxımından vaxt itkisi olmaqdan ibarət olacaqdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 341/2025 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 341/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş,şikayət 2(005)-341/2025 saylı mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARİ və MƏHKƏMƏNİN MÖVQEYİ

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə uyğun olaraq, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət (20 gün) ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.

10. Mülki Prosessual Məcəllənin 156-cı maddəsinə görə, hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: -qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; -qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; -qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Maddələrin məzmunundan göründüyü kimi, qarşılıqlı iddia ərizəsi iddia ərizəsinin surəti alındıqdan sonra 20 gün ərzində verilə bilər. Bu müddətin keçməsindən sonra qarşılıqlı iddia ərizəsinin verilməsinə yalnız bunun üçün əsasların sonradan yarandığı və ya cavabdehdən asılı olmayan səbəblərdən verilməsinin mümkün olmadığı hallarda yol verilir.

11. Yuxarıda qeyd olunan müddəalardan göründüyü kimi Müəyyən edilmiş müddət ötürüldükdən sonra qarşılıqlı iddianın verilməsi cavabdehin bu hüquqdan vaxtında istifadə etmədiyini göstərir və üzrlü səbəblər əsaslandırılmadıqda belə ərizənin qəbul edilməsi işin baxılmasının əsassız uzadılmasına və digər tərəfin hüquqlarının pozulmasına səbəb ola bilər. Bu səbəbdən, qarşılıqlı iddia ərizəsinin gec təqdim edilməsi onun qəbul edilməməsi üçün hüquqi əsas yaradır.

12. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-341/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar