Məhkəmə qərarları › İş №2(103)-677/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-677/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-677/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 04.08.2018-ci il tarixli icra müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 571, 9 m2 olan qeyriyaşayış sahəsində iddiaçının fəaliyyətinin bərpa edilməsi, təmir-tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş 150000 manat və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının direktoruna dəymiş 120000 manat olmaqla cəmi 270000 manatın müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 04.08.2018-ci il tarixli icra müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 571, 9 m2 olan qeyriyaşayış sahəsində iddiaçının fəaliyyətinin bərpa edilməsi, təmir-tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş 150000 manat və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının direktoruna dəymiş 120000 manat olmaqla cəmi 270000 manatın müştərək qaydada tutulması tələbinə dair iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-247/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.08.2018-ci il tarixli icarə müaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyriyaşayış sahəsində iddiaçının fəaliyyətinin bərpa edilməsinə, təmir tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş 150000 manat və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının direktoruna dəymiş 120000 manat olmaqla cəmi 270000 manatın müştərək qaydada tutlmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04.08.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə Bakı şəhəri 51 saylı notariat kontorunda icarə müqaviləsi bağlanmışdır. Müqavilə tərəfləri kimi icarəyə verən, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2, icarəçi qismində isə Vania Hotel MMC-nin direktoru X2 çıxış edərək müqaviləni imzalamışlar. Qeyri-yaşayış sahəsi 571,9 m2 olmaqla icarəyə verən tərəfindən icarəçiyə aylıq icarə haqqı 2000 manat olmaqla 3 il müddətinə, yəni 04.08.2021-ci il tarixinə kimi icarəyə verilmişdir. Qeyri-yaşayış sahəsini icarəyə götürdükdən sonra iddiaçı həmin ərazini abadlaşdırıb, istifadəsini səmərəli vəziyyətə gətirmək məqsədilə təmir tikinti işləri aparmış və hər bir otağa müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş elektrotexnika və digər əşyalar almışdır. Həmin təmir tikinti işlərinə və əşyaların alınmasına iddiaçı, yəni icarəçi 150000 manat xərc çəkmişdir. Bir müddət işlədikdən sonra direktorun İran İslam Respublikasına getməsindən istifadə edən Cavabdeh2 təmirli vəziyyətdə olan, iddiaçının istifadə və sahibliyinə, qüvvədə olan icarə müqaviləsinə əsasən verilmiş qeyri-yaşayış sahəsi iddiaçının xəbəri və icazəsi olmadan digər üçüncü şəxslərə daha baha qiymətə icarəyə vermişdir. Direktor yenidən Bakı şəhərinə qayıtdıqda gördüyü vəziyyət barədə Cavabdeh2 bildirdikdə o, yüksək vəzifəli şəxslərin adlarını çəkməklə ona hədəqorxu gəlmiş və onu əraziyə buraxmamışdır. Halbuki qüvvədə olan icarə müqaviləsinin şərtlərinə əsasən həmin qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən külli miqdarda vəsait xərclənilməklə təmir tikinti işlərinin aparılmasını nəzərinə çatdırsa da Cavabdeh2 onunla razılaşmamış və hara istəsə şikayət edə biləcəyini bildirmişdir. Həmin qeyri-yaşayış sahəsinin otel kimi işlətmək məqsədilə təmir tikinti işlərinə və əşyaların alınmasına 150000 manat xərcləməkdən əlavə iddiaçının biznesinin dayanmasına və iddiaçının həmin otelə cəlb etdiyi müştərilərdən məhrum olmasına və biznes planına əsasən külli miqdarda fayda əldə etməkdən iddiaçını məhrum edərək ona 120000 manat maddi zərər də vurmuşdur. Qüvvədə olan icarə müqaviləsinin bütün şərtləri icarəyə verən tərəfindən kobud pozulmuşdur ki, bu hal da iddiaçını bir iş adamı olaraq külli miqdarda maddi ziyana uğramasına səbəb olmuşdur. Əlavə olaraq birinci instansiya məhkəməsində iddiaçı Vania Hotel MMC-nin direktoru X2 izahatında göstərmişdir ki, icarəyə götürdüyü sahədə 3-4 ay ərzində təmir işləri aparmış, ustalarla, beş işçi ilə müqavilə bağlamış, icarəyə götürülən sahədə dörd otaq inşa edərək əşyalarla təchiz etmiş, qeyri-yaşayış sahəsinin digər 17 otağına televizor, telefon aparatı, seyf qutuları, yataq dəstləri, 20 ədəd təknəfərlik yataq, 7 ədəd paltar şkafı, 15 ədəd minibar soyuducu, bütün otaqlar və dəhliz üçün pərdələr, otaqlara kovralitlər, 6 ədəd kondisioner almış, bütün otaqların zibil qabılarını və çilçıraqlarını yeniləmiş, 70 ədəd bədən dəsmalı, 70 ədəd əl-üz dəsmalı, 70 ədəd ayaq dəsmalı, 3 ədəd sənəd yığılması üçün şkaf almış, otelin restoranını yenidən təmir etmiş, bütün zəruri əşyalarla təchiz etmiş, 17 otağı təmir edərək divar kağızlarını yenilənmiş, döşəməni təmir etmiş, otelin təhlükəsizlik kameraları və wifi xətlərini çəkmiş, 5 ədəd wifi modemi almış, yeni telefon xətti çəkmiş, televizorlar üçün antenna xidməti çəkmiş, reception xidməti üçün kompüter, printer və həmin kompüterin işləməsi üçün 3500 manata İntor proqramı almış, otelin girişini qranit döşəmə ilə əvəz etmiş, yuxarı 3-cü mərtəbədə döşəmə yonulub laklanmış, bütün qeyri-yaşayış sahəsinə plintus çəkilmiş, giriş qapısı dəyişdirilmiş, otelin qazanxana və hovuz tikilisi əsaslı təmir edilmişdir. Lakin bütün bu işlərin görülməsi ilə bağlı heç bir sənədini saxlamamışdır. İcarə müqaviləsi üzrə ona icarəyə verilən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Vania Hotel adı ilə fəaliyyət göstərmiş, hazırda Nine Otel adı ilə qeyrirəsmi surətdə ayrı şəxsə icarəyə verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-247/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı MMC iddia tələbinə uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxılmış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir, məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehi, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-247/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2.-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarəyə verən Cavabdeh1 ilə icarəçi Vania Hotel MMC arasında bağlanmış 04.08.2018-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsini 3 il müddətinə, yəni 04.08.2021-ci il tarixinədək icarəçiyə icarəyə verməyi, icarəçi hər ayın 5-dək 2000 manat icarə haqqı verməyi öhdəsinə götürmüşdür. Müqavilə icarəyə verən tərəfindən icarəyə verənin etibarnaməsi əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqavilənin 3.5-ci bəndindən müəyyən olunur ki, icarəçi müqavilənin 4-cü bəndində müəyyən olunmuş icarə haqqından başqa sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə haqlarını, digər kommunal xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü bəndindən müəyyən olunur ki, icarənin ilk ili ərzində icarə haqqının məbləği dəyişməz olaraq qalır. Növbəti illərdəbütün icarə müddətinə və sonradan uzadıldığı dövr ərzində infilyasiya nəzərə alınaraq icarə haqqının məbləği qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər. Müqavilənin 7.1-ci bəndindən müəyyən olunur ki, icarəçinin aşağıdakı vəzifələri vardır: 7.1.1. sahədən bu müqavilənin şərtlərinə uyğun olaraq istifadə etmək; 7.1.2. bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 3.1.5. bəndində göstərilən bütün xərcləri vaxtlı-vaxtında ödmək; 7.1.3.təbii köhnəlmə nəzərə alınmaqla, sahəni yararlı vəziyyətdə saxlamaq; 7.1.4. sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə icarəyə verəni qabaqcadan xəbərdar etmək və onun yazılı razılığını almaq; Müqavilənin 10.1-ci bəndindən müəyyən olunur ki, müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına bir ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn müddətə uzadılmış hesab edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2021-ci il tarixli 10\1347, 9\2215 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Salamzadə küçəsində yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsi üzrə tərəflərin iştirakı ilə aparılan tədqiqat zamanı tədqiq olunmuş tikililər üzrə hansı təmir-tikinti işlərinin aparılmasına, eləcə də, həmin tikililərin ilkin vəziyyətinə dair layihə-smeta sənədləri təqdim edilmədiyindən, həmçinin baxış zamanı bu tikililər üzrə konkret olaraq hansı təmir-tikinti işlərinin aparıldığı və həmin işlərin həcmi dəqiqliklə müəyyən edilmədiyindən ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində əlavə 4 otağın, yuxarı mərtəbələrdə yerləşən 17 otağın, restoran, qazanxana və hovuz tikililərinin təmir tikintisinə nə qədər vəsait sərf olunduğunu müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Salamzadə küçəsində yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 2(005)-4541\2019 saylı qərardadına əsasən siyahıya alınaraq özgəninkiləşdirilməsi qadağan edilən həmin qeyri-yaşayış sahəsinin əlavə inşa edilən 4 otağında olan bütün əşyalar, qeyri-yaşayış sahəsinin digər 17 otağında olan televizorlar, telefon aparatları, seyf qutuları, yataq dəstləri, 20 ədəd tək nəfərlik yataq, 7 ədəd paltar şkafı, 15 ədəd minibar soyuducu, bütün otaqlar və dəhliz üçün pərdələr, otaqlarda kovralitlər, 6 ədəd kondisioner, zibil qabıları və çilçıraqlar, 70 ədəd bədən dəsmalı, 70 ədəd əl-üz dəsmalı, 70 ədəd ayaq dəsmalı, 3 ədəd sənəd yığılması üçün şkaf, otelin restoranıda olan stol və stullar, otelin təhlükəsizlik kameraları, wifi xətləri, 5 ədəd wifi modemi, telefon xətti, televizorlar üçün antenna xidməti, reception xidməti üçün kompüterlər, printer və həmin kompüterin işləməsi üçün İntor proqramının 05.07.2021-ci il tarixdə baxış zamanı iddiaçı və cavabdeh arasında zidiyyət yarandığı üçün qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Həm birinci instansiya məhkəməsində, həm kollegiya iclasında araşdırma zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, icarəyə verən Cavabdeh1 ilə icarəçi Vania Hotel MMC arasında bağlanmış 04.08.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 571,9 m2 olan qeyriyaşayış sahəsini 3 il müddətinə, yəni 04.08.2021-ci il tarixinədək icarəçiyə icarəyə verməyi, icarəçi isə hər ay 2000 manat icarə haqqı ödəməyi, sahənin istismarı ilə bağlı elektrik enerjisi və rabitə haqlarını, digər kommunal xərcləri ödəməyi, icarəyə götürdüyü sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə icarəyə verəni qabaqcadan xəbərdar etməklə onun yazılı razılığını aldıqdan sonra bu işləri görməyi öhdəsinə götürmüşdür. İlk növbədə iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan iddiaçı müqavilə şərtlərinə əsasən, icarəyə götürdüyü sahədə təmir-tikinti işlərini aparması barədə icarəyə verəni xəbərdar etməsinə, onun bu barədə yazılı razılığının almasına, həmin sahədə təmir-tikinti işləri aparmasına, həmin sahəyə əşyalar alıb yerləşdirilməsinə və bu işlərə görə 150000 manat vəsait sərf etməsinə, biznes planı tərtib etməsinə, cavabdelərin hərəkətləri nəticəsində həmin biznes planı ilə müəyyən olunan gəlirdən məhrum olmasına, həmin məbləğin 120000 manat olmasına, icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Baxmayaraq ki, iddiaçıya iddia tələbində istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilmişdir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq hesab edir ki, iddiaçının icarəyə götürdüyü sahədə fəaliyyətinin bərpa edilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanan müqavilənin müddəti 04.08.2021-ci il tarixdə bitdiyindən, iddiaçı bağladığı müqavilə üzrə öhdəliklərini icra etməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, icarəyə verən iddia tələbini qəbul etməməklə icarəçi ilə müqavilə münasibətlərinin müddətini uzadılmasına öz etirazını bildirdiyindən iddia ərizəsi bu hissədə də, təmin edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qaydada iddia tələbəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(001)-247/2021 saylı qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı MMC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-247/2021 saylı 09.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar