Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6771/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı9, İddiaçı10 və İddiaçı11 Cavabdehnə qarşı yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvülərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə bütün tikinti sənədlərini əlavə etməklə yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvülərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi, istismar aktının alınması öhdəliyinin qoyulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı8 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3200/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı9, İddiaçı10 və İddiaçı11 Cavabdehnə (bundan sonra – MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə bütün tikinti sənədlərini əlavə etməklə yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və stismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın uzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar mənzilə dair pay haqqını tam ödəmələrinə baxmayaraq, nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək onlara təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-nın nümayəndəsi Venera Rüstəmovaya müraciət etsələr də, müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçılara təqdim etməkdən boyun qaçırmışlar, payçılar birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də, həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçılar qeyd edilən mənzillərdə müvafiq bina tikilib qurtardıqdan və müqavilədə nəzərdə tutulan müddətdən etibarən yaşadıqlarını və mənzilə dair pay haqqını ödəmələri ilə bağlı Cavabdeh MTK tərəfindən onlara qarşı hər hansı bir pretenziya olmamışdır, hal-hazırda yaşadıqları binada yanğından mühafizə sistemində olan problemlər, binanın mərtəbələrində daxili yanğın su kranlarının, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının quraşdırılmaması və sair bu kimi bir sıra problemlər Cavabdeh MTK tərfindən aradan qaldırılmadığı üçün bina indiyədək istismara qəbul edilməmişdir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-3200/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddia təmin edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçılar göstərilən tələblərlə bağlı məhkəmədən əvvəl MTK-ya müraciət etmədən süni məhkəmə mübahisəsi yaratmışlar. Halbuki sübut qismində məhkəməyə təqdim etdikləri müqavilələrdən görünür ki, müqavilələrin 5-ci bəndində tərəflərin razılaşdıqları şərtə görə mübahisəli məsələlər ilk növbədə danışıqlar yolu ilə tərəflərin razılığı ilə həll edilməli, bu mümkün olmadıqda isə məhkəmə orqanına müraciət olunmalıdır. Nəzərə alınmalıdır ki, həmin şərt sadəcə müqavilədə göstərilən şərtlərlə bağlı mübahisə vəziyyətini deyil, ümumiyyətlə müqavilə tərəfləri arasında müqavilədən irəli gələn bütün mübahisələri nəzərdə tutmuşdur. Məhkəmə yekun qərar çıxaranda nəzərə almalı idi ki, məhz həmin müqavilə şərtinə görə iddiaçılar MTK ilə aralarında mübahisə yarandığını, yəni iddia ərizələrində göstərikləri tələblə eyni məzmunlu müraciəti ilk növbədə məhkəmədən kənar MTK-ya təqdim etdiklərini və MTK tərəfindən həmin müraciətin həll edilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Sözü gedən yaşayış binasının mənzillərinin pay qismində verilməsinə dair iddiaçıların təqdim etdikləri müqavilələrin rekvizitlərinə əsasən bəzi müqavilələr X14 tərəfindən fiziki şəxs qismində imzalanıb möhürlənmiş, bəziləri isə MTK tərəfindən imzalansa da, MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı tərtib edilməmişdir. Məhkəmə nəzərə almalı idi ki, ümumiyyətlə MTK-nın fəaliyyət göstərdiyi müddətdə hər hansı payçıya payın verilməsinə dair MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı verilməmişdir. Payın verilməsinə dair yalnız imzalanmış müqavilənin nüsxəsi və payın dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışı verilmişdir. Kooperativdə olan payın verilməsinin bu cür sənədləşdirilməsi kooperativlərin fəaliyyətində geniş surətdə tətbiq edilərək adət halını almış və məhz bu sənədlərin əsasında dövlət qeydiyyat orqanı payçıların kooperativdən əldə etdikləri mənzillərə hər hansı problem yaratmadan onların mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirmişdir. Eyni zamanda MTK tərəfindən binanın istismarına icazə verilməsi ilə bağlı dəfələrlə müvafiq dövlət qurumlarına müraciət edilməsini məhkəmə nəzərə almamış, həmin müraciətin lüzumsuz olaraq yenidən edilməsi barədə öhdəliyi MTK-nın üzərinə qoyulmuşdur. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında İddiaçı8 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq iddia tələbinin əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, anoloji işlərdə də məhkəmələr tərəfindən eyni mövqe ortaya qoyulmuş və Ali Məhkəmədə qüvvədə saxlanılmışdır. Cavabdehin sonradan elektron sistemə yüklədiyi rəyə münasibətdə isə bildirdi ki, həmin rəy işdə dolaşıqlıq yaratmaq məqsədi ilə yüklənib, həmin rəyin olduğu işə də Ali Məhkəmədə baxılıb ona münasibət bildirilib. Praktikadan aydın olur ki, cavabdeh sənədləri öz maraqları üçün özündə saxlayır, bununla da iddiaçıların mənzil hüquqlarını pozur, ona görə də şikayət əsassızdır, təmin edilməməlidir.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
9. Fiziki şəxs Rövşən Rüstəmov ilə İddiaçı9 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 125 kv.metr olan 46 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
10. R.Rüstəmov ilə İddiaçı11 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.metr olan 193 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
11. R.Rüstəmov ilə İddiaçı8 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 220 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
12. R.Rüstəmov ilə İddiaçı4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.metr olan 60 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
13. R.Rüstəmov ilə İddiaçı5 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.metr olan 2 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
14. R.Rüstəmov ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.metr olan 217 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
15. R.Rüstəmov ilə İddiaçı10 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, mansard mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.metr olan 157 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
16. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh MTK xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış, təşkilati-hüquqi forması kooperativ, nizamnamə kapitalının miqdarı 200 manat olmaqla xx.xx.2022-ci il tarixdə Çıxarış verilmiş, Cavabdeh MTK-nın təsisçiləri X8, X11, X2, X26 oölu, X16, X12 və X15, qanuni təmçilsi X4r.
17. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 vərəsələri X11, X1r. Onlara bərabər hissədə qalmış miras əmlak : X9 məxsus Cavabdeh MTK-da olan 60 faiz təşkil edən nizamnamə kapitalından ibarətdir.
18. AR Fövqəlada Hallar Nazirliyi X22 Xidməti 3-cü Ərazi X22 İdarəsinin xx.xx.2018ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında xx.xx.2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğın-texniki müayinə keçirilmiş və müəyyən edilmişdir ki, yaşayış binası Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmadan istismar olunur, yaşayış binasının mərtəbələrində daxili yanğın su kranları quraşdırılmamışdır, yaşayış binasında tüstüsorucu və havabasıcı qurğular quraşdırılmamışdır, yaşayış binasının zirzəmi mərtəbəsində avtomatikm yanğın söndürmə qurğusu, tüstüsorucusu ventilyasiya sistemi və daxili yanğın su kranları quraşdırılmamışdır, yaşayış binasının mərtəbələrinin dəhlizlərində və qeyri-yaşayış sahələrində avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu quraşdırılmamışdır, mövcud su hovuzunun üzərində tikinti işləri aparılmış və yanğın avtomobillərinin su götürməsi məhdudlaşdırılmışdır, binanın bütün elektrik təsərüfatının izolyasiyasının gərginliyinə müqavimətinin dözümlüyü barədə mütəxəssislər tərəfindən yoxlama keçirilib sazlığı barədə sınaq protokolu tərtib olunmamışdır, kommunikasiya xətlərinin keçdiyi yerlər passiv yanğınsöndürmə vasitələri ilə təmin edilməmişdir, bina odsöndürən balonlarla və yanğınsöndürmə topları ilə təmin edilməmişdir, qeyd olunan çatışmaqlıqların aradan qaldırılması istiqamətində təxirə salınmaz tədbirlərin görülməsi və görülmüş işlərlə əlaqədar 3-cü ərazi X22 idarəsinə məlumat verilməsi tələb olunmuş,əks təqdirdə baş verə biləcək hər hansı bir yanğın hadisəsinin məsuliyyətinin Cavabdeh MTK-nın üzərinə düşəyi barədə xəbərdarlıq etmişlər.
19. Cavabdeh MTK-nın sədri X12 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.metr olan 197 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
20. MTK-nın nümayəndəsi V.Rüstəmova ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 194 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
21. MTK-nın sədri S.Kazımovanın nümayəndəsi X15 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153 kv.metr olan 151 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
22. MTK-nın nümayəndəsi V.Rüstəmova ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.metr olan 12 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
23. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********828800 nömrəli müraciətə cavabından görünür ki, xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh Kiçik Müəssisəsinin xx.xx.2007-ci il tarixdə təşkilatı-hüquqi forması dəyişdirilərək Cavabdehnə çevrilmişdir. Cavabdeh MTK-nın sədri xx.xx.1994-cü ildən xx.xx.2005-ci il tarixə qədər X17, xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər X14, xx.xx.2015-ci il tarixdən hazırkı tarixədək X4r.
24. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi haqqında verilmiş cavab məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində X5 (VÖEN: **********) vergi uçotunun vəfat etməsi səbəbindən xx.xx.2022-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Dövlət vergi xidmətinin bazasına əsasən Rövşən Rüstəmov “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növü üzrə vergi uçotuna alınmışdır.
25. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədə (məhəllə 23/19, ev 3) inşa edilmiş 16 mərtəbəli, 3 girişli yaşayış binasının tikintisini həyata keçirən subyektlərə (hüquqi və ya vergi orqanlarında qeydiyyata alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) dair məlumatların (ad, qeydiyyat ünvanı, VÖEN, işlərin aparılması müddəti) verilməsi barədə müraciətə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılaraq, bildirilmişdir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
26. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi haqqında verilmiş cavab məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində X5 (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə, X6 (VÖEN: **********) xx.xx.2013-cü il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçota alınmaları barədə məlumat mövcuddur. Məlumat bazasına əsasən X6 uçota alınarkən fəaliyyət növünün “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” olması, xx.xx.2023-cü il tarixdə tərəfindən təqdim edilmiş məlumat dəyişikliyi ərizəsinə əsasən fəaliyyət növünün “Ev təsərrüfatında təmizlik” fəaliyyətinə dəyişdirilməsi və hazırda vəziyyətinin aktiv olması barədə məlumat mövcuddur.
27. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh MTK-nın sədri xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək X14, 2.01.2015-ci il tarixdən hazırki vaxtadək X4r. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh Kiçik müəssisəsinin xx.xx.2007-ci il tarixdə təşkilati-hüquq forması dəyişdirilərək Cavabdehnə çevrilmişdir.
28. MTK-nın sədri S.Kazımovaya Bakı şəhəri, Xətai rayonu, X28 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının payçıları tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, pay haqqını tam ödədiklərini göstərərək maliyyə arayışının 30 gün müddətində onlara təqdim edilməsini xahiş etmişlər, əks halda məhkəməyə müraciət edəcəklərini bildirmişlər. (1-ci cild, i\v səh. 52-56)
29. MTK-ya iddiaçılar tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, onlar Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiklərini bildirərək maliyyə arayışlarını və Hidayət-N” MTK-nın üzvlərinin ümumi yığıncağının qərarını onlara təqdim edilməsini xahiş etmişlər. Poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, MTK həmin məktubu xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. (1-ci cild, i\v səh. 121,122) Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır.
32. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
33. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
37. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
40. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
41. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
42. Maddə 178.8.ttikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
43. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
44. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
45. Maddə 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.
46. Maddə 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir.
47. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
48. Maddə 112.1. mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
49. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
50. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
51. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu:
52. 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) dövlət qeydiyyatı üçün əsaslarından biridir.
53. 8.0.9.2-ci maddəsinə görə çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
55. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
59. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
60. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
61. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
62. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
63. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
64. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
65. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
66. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
69. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
70. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
71. Rayon məhkəməsinin də qeyd etdiyi kimi tərəflər arasındakı müqavilələr podrat müqavilələridir. Belə ki, həmin müqavilələrə əsasən, müvafiq mənzillər tikildikdən sonra iddiaçılara təhvil verilməli və iddiaçılar isə mənzillərin dəyərini ödəməlidir.
72. Podrat müqaviləsinə əsasən, tikilmiş mənzilləri iddiaçılara təhvil verməklə yanaşı, podratçı həm də, mənzillərə dair mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri iddiaçılara təhvil vermək öhdəliyi daşıyır. Cavabdehin müvafiq sənədləri təqdim etməməsi nəticəsində iddiaçıların əmlak hüquqları pozulur və onlar mənzillərini öz adlarına dövlət qeydiyyatına ala bilmirlər. Bundan başqa podrat münasibətlərində podratçının “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” öhdəliyi mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan ağlabatan bütün hərəkətlərin də icrasını, o cümlədən, binanın istismara qəbul aktının alınması üçün müvafiq dövlət orqanına podratçının müraciətini də nəzərdə tutur.
73. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri iddiaçıların hazırkı tələbləri ilə məhkəmədən əvvəl MTK-ya müraciət etməmələri ilə bağlıdır.
74. Bununla bağlı Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan iddiaçıların imzası ilə təsdiqlənmiş məktubdan (1-ci cild, i\v səh. 52-56) görünür ki, iddiaçılar cavabdeh MTK-dan pay haqqının tam ödənilməsinə dair maliyyə arayışlarının tədqim edilməsini xahiş etmiş, 30 gün ərzində həmin arayışlar təqdim edilməzsə, məhkəməyə müraciət edəcəklərini bildirmişlər.
75. Beləliklə də müəyyən olur ki, cavabdehin həmin dəlili aşkar əsassızdır, MTK-ın iddiaçıların hazırkı tələbləri barədə əvvəlcədən məlumatı olmuşdur.
76. Cavabdeh apellyasiya şikayətində eyni zamanda MTK-nın fəaliyyət göstərdiyi müddətdə hər hansı payçıya payın verilməsinə dair MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilmədiyini, payın verilməsinə dair yalnız imzalanmış müqavilənin nüsxəsi və payın dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışının verildiyini, məhz bu sənədlərin əsasında dövlət qeydiyyat orqanı payçıların kooperativdən əldə etdikləri mənzillərə hər hansı problem yaratmadan onların mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirdiyini qeyd etmişdir.
77. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi, yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş və mənzilin dəyərini ödəyən istənilən şəxs avtomatik olaraq kooperativin üzvü hesab olunur. Ümumi yığıncağın qeyd olunan qərarı mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Müqavilələrin surətindən də görünür ki, pay haqqı iddiaçılar tərəfindən tam ödənilmişdir.
78. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) dövlət qeydiyyatı üçün əsaslarından biridir.
79. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, MTK tərəfindən binanın istismarına icazə verilməsi ilə bağlı dəfələrlə müvafiq dövlət qurumlarına müraciət edilməsini məhkəmə nəzərə almamışdır.
80. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh binanın istismarına icazə verilməsi ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etməsinə dair sübutları Məhkəməyə təqdim etməmişdir. Həmçinin mülki iş materiallarında da buna dair sübutlar mövcud deyildir.
81. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
83. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
84. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
85. Hazırkı mülki iş üzrə cavabdehin tərəf olduğu oxşar iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-408/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti də təmin edilməyərək, Ali Məhkəmənin 2(102)-1857/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
86. Beləliklə də müəyyən olur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və rayon məhkəməsi qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
87. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
88. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
90. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
91. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
92. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3200/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.