Məhkəmə qərarları › İş №2(103)-6772/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6772/2021

24.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6772/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçıiştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-211/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ona məxsus Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********40000) əsassız yerə yazılmış 2323,40 manat borcun silinməsi və sərfiyyat üçün etdiyi ödənişdən əsassız olaraq çıxılmış pulun onun abonent hesabına qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhər, Binəqədi rayon, Sulu təpə qəsəbəsində yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********40000) X1 işçiləri tərəfindən təbii qaz sayğacı dəyişdilərək yenisi quraşıqılmışdır. Hazırda ona məlum olmuşdur ki, X1 işçiləri qanunsuz və əsassız olaraq onun yaşadığı ünvana heç bir əsası olmadan 2323,40 manat məbləğində borc yazmışdır. X1 işçilərinin əlində heç bir əsas olamadan yaşadığı ünvana 2323,40 manat miqdarında borc yazması nəticəsində, onun gündəlik sərfiyyat üçün etdiyi ödənişlərdən həmin borca çıxılır. Evdə maye qaza görə sərf etdiyi ödənişlərdən 50% faizini X3 tutmuşdur. Bu da onun istehlakçı hüququnu pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh tərəfindən Bakı şəhər, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********40000) dair İddiaçı hesablanmış 2199,60 manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin iddiaçının qazdan sayğacdan kənar istifadə etməsinin nəzərə almadığı arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin, qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş şəkillərdə qaz xəttinə sayğacdan kənar qoşulmalar onun tərəfindən həyata keçirilməmişdir və qanunsuz qoşulma ilə bağlı borular onun həyətinə deyil qonşunun həyətinə gedir. Daha sonra bildirmişdir ki, fərdi yaşayış evini əldə etməklə 24.03.2020-ci il tarixdə onun ünvanına yeni sayğac quraşdırılmış və həmin evdə yaşadığı vaxtdan qanuni şəkildə qazdan istifadə etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Hazırki məhkəmə iclası barədə məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə faktiki olaraq iddianın təmin olunmuş hissəsindən narazıdır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən fərdi yaşayış evinə qaz sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, mənzildə sayğacdan kənar qeyriqanuni olaraq təbii qazdan istifadə edildiyi müəyyən edilmiş və bu barədə 22.02.2018-ci il və 30.03.2018-ci il tarixlərdə 2 dəfə, 28.02.2020-ci il və 24.03.2020-ci il tarixlərdə isə yenə də 2 dəfə akt tərtib olunmuşdur. İtirilmiş təbii qazın bərpası üçün iddiaçıya borc hesablanmışdır. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən ekspertiza keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli 10/3747 saylı ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayon, Sulutəpə qəsəbəsində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda Cavabdeh İB-nə məxsus qaz xəttinə qeyri-qanuni qoşulma halı aşkar edilmədi. Paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə borucuqlar vardır ki, həmin borucuqların sonluqlarının açıq vəziyyətində kənar xətt vasitəsi ilə sayğacdan qeyri-qanuni olaraq təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin, yaxud digər abonentlərin həmin borucuqlar vasitəsi ilə təbii qazdan qeyriqanuni istifadə edib-etməməsi məsələsi məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14-cü maddələrini tətbiq etməklə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş, aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Mövcud vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-211/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci qismində 102 (yüz iki) manatın 50 (əlli) manatı İddiaçı, 72 (yetmiş iki) manatı isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar