Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6772/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: subroqasiya qaydasında pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdehn iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-1682/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2024-cü il tarixdə Cavabdeh (bundan sonra cavabdeh) idarə etdiyi “Toyota Corolla” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, A.Məhərrəmov küçəsi ilə hərəkətdə olarkən "xxxx" ASC-də (bundan sonra iddiaçı) könüllü qaydada sığortalanmış “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı (həmçinin, “Toyota Prius” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə) avtomobillə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən “Volkswagen Polo” markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 7.983,60 manat məbləğində müəyyən edilmiş, şərtsiz azadolma məbləği olan 250 manat çıxılmaqla iddiaçı tərəfindən “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 7.733,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Toyota Corolla” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalandığından, iddiaçı tərəfindən ödənilmiş məbləğin 4.580,58 manat hissəsi subroqasiya qaydasında cavabdehin mülki məsuliyyətinin sığortalandığı "xxxx" ASC tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0180 saylı qiymətləndirmə hesabatına əsasən toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 5.552 manat (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3.153,02 manat məbləğində sığorta ödənişinin, 51,54 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 3.204,96 manat məbləğində pulun tutularaq iddiaçı "A-Qroup Sığorta Şirkəti” ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək əsaslandırmışdır.
4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən subroqasiya qaydasında tələb edilən sığorta ödənişinin məbləği əsaslandırılmamış və heç bir mötəbər dəlilə söykənməyən süni şəkildə şişirdilmiş məbləğdir. Belə ki, avtomobilə dəymiş real zərər məbləği ilə iddia tələbində göstərilən məbləğ ziddiyyət təşkil edir. İddiaçının zərər məbləği kimi göstərmiş olduğu məbləğ az qala avtomobilin dəyərinin yarısını təşkil edir. Halbuki toqquşma böyük olmamış və bir neçə yüngül zədələnmə olmuşdur. Başqa sözlə, avtomobilin sıradan çıxış ehtiyat hissələrinin, habelə onun bərpası üçün işçilik haqqı tələb edilən məbləğdən aşağı təşkil etməli idi. Belə olan halda da icbari sığrta müqaviləsi ilə həmin zərər məbləği tam qarşılana bilərdi. Bu səbəbdən avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1682/2025 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1682/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1.720,78 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun və bank xidmət haqqı kimi ödənilmiş 51,94 manat pulun 32,40 manat hissəsinin əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 350 manat pulun 191 manatının Cavabdeh, qalan 159 manatının iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim X6).
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin idarə etdiyi yüksək təhlükə mənbəyi olan “Toyota Corolla” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını təqsirli şəkildə pozaraq, iddiaçı tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması və həmin zərər üzrə iddiaçı "xxxx" ASC-nin sığorta olunana sığorta ödənişi ödəməsi işin mübahisəsiz hallarındandır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi haqlıdır.
8. Məhkəmə tələb edilmiş sığorta ödənişinin məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı 3.153,02 manat pulun cavabdehdən tutulmasını tələb etsə də, "xxxx" MMC-nin rəyindən göründüyü kimi, “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 5.552 manat (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmir-bərpasının ümumi və real xərci ƏDV əlavə edilməklə ekspert rəyində göstərilmiş məbləğdə nəzərə alınmalıdır. Qeyd olunan məbləğə ƏDV əlavə edildikdə (18%) 6.551,36 manat təşkil edir. Beləliklə, kasko sığortası müqaviləsi ilə 250 manat azadolma məbləğinin müəyyən edilməsi və zərərvurana məxsus nəqliyyat vasitəsinin icbari sığorta növü ilə sığortalanması və 4.580,58 manatın cavabdehin sığortaçısı tərəfindən iddiaçıya ödənilməsi kimi halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, ekspert rəyində göstərilmiş və ƏDV əlavə edilmiş 6.551,36 manat məbləğdən 250 manat azadolma məbləği və 4.580,58 manat icbari sığorta növü üzrə sığorta ödənişi çıxıldıqdan sonra yerdə qalan 1.720,78 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə cavabdehin etirazı ilə əlaqədar qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Həmçinin, cavabdehin təqdim edilmiş fotoşəkillərdə əks olunmuş avtomobilin başqa avtomobil olması ilə bağlı dəlili formal olmaqla, hər hansı sübutla öz təsdiqini tapmır. Əksinə fotoşəkillərdən də göründüyü kimi, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və modeli eynidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 936-cı, 1096- 1097-ci, 1108-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə nəzərə almalı idi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbindən irəli gələrək zərər dedikdə - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının tələb etdiyi pulun əsası – real zərərlə üzləmə faktı iş materiallarında heç nə ilə təsdiq olunmur. Mübahisəli nəqliyyat vasitəsinə kiçik bir hissələrinə zərər dəymiş və bununla əlaqədar onun mülki məsuliyyətinin icbari qaydada sığortalandığı "xxxx" ASC tərəfindən 4.580,58 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş həmin məbləğ zərərin tam qarşılanması üçün yetərli olduğu halda, iddiaçı məhkəməyə reallığı əks etdirməyən servis mərkəzindən arayış əldə edərək, dəymiş zərəri şişirdilmiş formada 7.733,60 manat olmasına dair heç bir əsası olmayan sənəd təqdim etmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş əmlak qiymətləndirilməsinin nəticəsi olaraq həmin məbləğin kəskin aşağı olması faktı təsdiq edilmişdir. Eyni zamanda, qəzadan dərhal sonra avtomaşın təmir olunaraq özgəninkiləşdirilməsi də real zərərin mövcudluğu məqsədli şəkildə gizlədilməsinə xidmət edən amil kimi qiymətləndirilməli idi. Həqiqətə nail olmaq üçün və yol nəqliyyat hadisəsi zamanı iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərər üzrə tələb olunan pul məbləğinin nə dərəcədə real olması, habelə qiymətləndirilən ehtiyyat hissələrinin məhz baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sıradan çıxması faktının müəyyən edilməsi üçün bu sahədə xüsusi biliyə malik olan ekspert tədqiqatına ehtiyyac duyulduğu məhkəmənin diqqətinə çatdırılmışdır. Belə ki, bu zaman tərəfindən məhkəmədə vəsatətlə çıxış edilərək bir sıra suallar ekspertiza tərəfindən tədqiq olunnması üçün işin Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə göndərilməsi xahiş olunmuşdur. Lakin nədənsə, həmin suallar araşdırma predmeti olmamış və ekspert tərəfindən tədqiq olunmamışdır. Məhkəmə yalnız sıradan çıxması ehtimal olunan ehtiyyat hissələrinin qiymətləndirilməsi üzrə tədqiqat aparmaqla kifayətlənmişdir. Halbuki, həmin ehtiyyat hissələrinin sıradan çıxması və ya zədələnməsi ilə baş vermiş yol nəqliyyat hadisəsi arasında səbəbli-əlaqə araşdırma predmeti olmalı idi. Qiymətləndirilən ehtiyyat hissələrinin məhz toqquşma nəticəsində sıradan çıxması və zədələnməsinə dair sübut etmə vəzifəsi isə məhz iddiaçının üzərinə düşür. Odur ki, ondan iddiaçının xeyrinə pul tutulmasına dair qətnamə ürə müəyyən eidlən pul məbləği MM-nin 21.2-ci maddəsinin tələbinə ziddir. Belə ki, iddiaçı tərəfindən sığortalanmış zərər dəyən nəqliyyat vasitəsi təmir olunduğundan həmin avtomaşına dəymiş zərərin nədən ibarət olmasına dair mötəbər sübut yoxdur. Belə ki, iddiaçının tələb etdiyi məbləğlə qiymətləndiricinin (Meyar Ekspertiza MMC) rəyində müəyyən etdiyi məbləğ arasında kəskin (iki qat) fərq vardır. Bu onun göstəricisidir ki, iddiaçı rəqəmləri şisirdilmiş göstərmişdir. Bundan əlavə, iş materiallarında iddiaçı tərəfindən təqdim olunan zədələnmiş avtomaşına dair fotoların məhz iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə aid olma faktı heç nə ilə təsdiq olunmur. Bu səbəbdən, yenidən başqa bir vəsatətlə (sübutların ələb edilməsi barədə) çıxış edərək baş vermiş yol nəqliyyat hadisəsi üzrə X13 İdarəsindən inzibati xəta haqqında iş üzrə inzibati icraat materiallarının və eyniləşdirmə aparılması üçün foto şəkillərin tələb olunması və bu barədə sorğu verilməsi məhkəmədən xahiş olunmuşdur. Lakin vəsatətə də hər hansı münasibət məhkəmə tərəfindən bildirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin ediən hissəsində ləğv olunması və iddianın həmin hissədə də rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, habelə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd edir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh idarə etdiyi “Toyota Corolla” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, A.Məhərrəmov küçəsi ilə hərəkətdə olarkən iddiaçı cəmiyyətdə könüllü qaydada sığortalanmış “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı (həmçinin, “Toyota Prius” markalı, **-FJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə) avtomobillə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 7.983,60 manat məbləğində müəyyən edilmiş, şərtsiz azadolma məbləği olan 250 manat çıxılmaqla iddiaçı tərəfindən “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 7.733,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Toyota Corolla” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalandığından, iddiaçı tərəfindən ödənilmiş məbləğin 4.580,58 manat hissəsi subroqasiya qaydasında cavabdehin mülki məsuliyyətinin sığortalandığı "xxxx" ASC tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 5.552 manat (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) müəyyən edilmişdir.
23. Hazırda iddiaçı həmin hallara istinad edərək sığorta hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin geri qalan, yəni (7.983,60 – 250 – 4.580,58) 3.153,02 manat məbləğin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 51,54 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzini yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilmiş cavabdehdən tutulmasını tələb edir.
24. Cavabdeh sözügedən yol-nəqliyyat hadisəsində təqsirli olmasını, habelə onun təqsirli hərəkətləri nəticəsində “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsini qəbul edir, lakin həmin avtomobilə dəymiş zərərin məbləği ilə razılaşmır, zərər məbləğinin həddindən artıq yüksək müəyyən edildiyini hesab edir, avtomobilə cuzi zərər dəydiyini, hadisədən əvvəlki nasazlıqların da zərər kimi göstərildiyini, hesablanmış zərər məbləğinin avtomobilin dəyərinin yarısını təşkil etdiyini, zərər məbləğinin düzgün hesablanacağı təqdirdə onun mülki məsuliyyətini sığortalamış sığorta şirkəti tərəfindən ödənilən məbləğin kifayət etdiyini bildirir.
25. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki iş üzrə tərəflər arasında yaranmış mübahisənin əsasını “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği təşkil edir. Başqa sözlə, hüquqi dəyərləndirmə qeyd edilən avtomobilə dəymiş zərər məbləği hissəsində aparılmalı, həmin zərər məbləği əsasında iddia tələbinin təmin edilib-edilməməsi məsələsinə qiymət verilməlidir.
26. Bu konteksdə məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, MİC2400035 sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi baş verəcəyi təqdirdə avtomobilin zəmanət müddəti ərzində rəsmi servis mərkəzində qiymətləndirilməsi ilə bağlı iddiaçı sığorta şirkəti ilə sığortalı razılaşmışlar. Sığorta müqaviləsinin həmin şərti də nəzərə alınmaqla iddiaçı tərəfindən sığortalı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi və təmiri “Volkswagen” markalı avtomobillərin rəsmi distribyuteri olan "xxxx" QSC-yə həvalə edilmiş və həmin cəmiyyətin xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərər 7.983,60 manat məbləğində müəyyən edildikdən sonra sığortaçı tərəfindən azadolma məbləği çıxılmaqla, qalan 7.733,60 manat məbləğində sığorta ödənişi həmin servis mərkəzinə ödənilmişdir.
27. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin dəlillərinin avtomobilə dəymiş zərərin şişirdilmiş olması ilə bağlı olduğunu nəzərə alaraq avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsini təşkil etmiş və bu barəqə qərardadın icrası qaydasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 5.552 manat (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qiymətləndirmə rəyi üzrə ƏDV məbləğinin nəzərə alınmadığını, sığortalı avtomobilin təmirinin hüquqi şəxs olan servis mərkəzində etdirilməsini, subroqasiya hüququnun mahiyyətinin sığortaçının ödədiyi əsaslar üzrə eyni tələblə çıxış etmək olduğunu nəzərə alaraq qiymətləndirmə rəyi üzrə müəyyən edilmiş məbləğə uyğun ƏDV hesablamaqla yekun zərər məbləğini müəyyən etmiş, həmin məbləğdən şərtsiz azadolma məbləğini və cavabdehin mülki məsuliyyətinin sığortalandığı sığorta şirkəti tərəfindən ödənilmiş məbləği çıxaraq cavabdehdən yekun olaraq 1.720,78 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.
28. Hazırki icraat çərçivəsində cavabdeh “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın yenidən hesablanmasını tələb etsə də, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatının mötəbər hesab olunmaması ilə bağlı heç bir əsaslı arqumentlər irəli sürə bilmir. Məhkəmə kollegiyası tərəfindən də həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.
29. Məhkəmə kollegiyası “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin artıq təmir olunduğunu və yenidən təşkil ediləcək qiymətləndirmənin yalnız mövcud qüsur aktı əsas götürülməklə nəzəri yolla aparılmasının mümkün olduğunu nəzərə alıb, yenidən qiymətləndirmə aparılmasını ağlabatan hesab etmir.
30. Məhkəmə kollegiyası cavabdehin mübahisəli avtomobilin hadisədən sonrakı fotoşəkillərinin dəyişdirilməsi və bununla bağlı dövlət yol polis idarəsinə sorğunun verilməsi ilə bağlı arqumentlərinə münasibətdə qeyd edir ki, dövlət yol polis idarəsi tərəfindən elektron qaydada tərtib edilmiş yol-nəqliyyat hadisəsinin təfərrüatları barədə arayışda (Forma 4) da məhz “Volkswagen Polo” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə zərər vurulduğu qeyd edilmiş, bu hal iş materiallarında yer alan fotoşəkillər, habelə qüsur aktında göstərilən ehtiyat hissələri baxımından da birbiri ilə vəhdət təşkil edir. Bu səbəbdən, məhkəmə kollegiyası həmin dəlilləri də əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir.
31. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1682/2025 saylı qətnaməsi Cavabdehn apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.