Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6777/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3417/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı «hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri məqsədilə ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3417/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətçi şikayətini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra cavabdeh yenidən həmin mənzili satmaq fikrindədir. Buna görə də iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdirş İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı (nümayəndəsi), həmçinin cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi məqsədəmüvafiq deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçı, ipoteka predmeti olmuş, sonradan məhkəmə qətnaməsi ilə hərracdan satılmasına qərar verilmiş və qətnamənin icraya yönəldilərək bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdədir; icra sənədi məhz həmin qətnamə əsasında verilmiş icra sənədidir. Bu isə o deməkdir ki, onun görülməsini istədiyi iddianın təmin edilməsi tədbiri, mahiyyəti etibarilə qanuni qüvvədə olan məhkəmə aktına əsasən verilmiş icra sənədi üzrə icraatın dayandırılması xarakteri daşıyır; halbuki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə görə, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır, icra sənədi üzrə icraatın dayandırılması mexanizmi isə həmin Qanunun 21-ci maddəsində fərqli qaydada müəyyən edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin tədbirinin tətbiqinə dair ərizəni təmin etmədiyi zaman birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3417/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6777/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6777/2020
20.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver