Məhkəmə qərarları › İş №2(103)-6779/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6779/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6779/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun vəkili X1, Cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-919/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-yə köçürülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-919/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlar düzgün tədqiq edilməmiş və bu səbəbdən də maddi və prosessual hüquq normaları yanlış tətbiq edildiyindən məhkəmə yanlış nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 bildirdi ki, anasının evdə qalmasına və ona qulluq etməyə razıdır. Lakin anası onları evdən çıxarmaq istəyir. 2014-cü ildə evlənmişdir. Anasının istəyi odur ki, ev satılsın, pulu 4 yerə bölünsün. Qardaşı ilə bacısının öz evi ola-ola niyə ata mülkü satılmalıdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, gəlini ilə oğlu onu döyür və təhqir edir. Evinə girə bilmir. Evi öz əziyyəti ilə tikmişdir. Cavabdehlərin həmin evin tikilməsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iddiaçının vəkili X2 da apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, mübahisəli evə dair hər hansı hüquqmüəyyənedici sənədlərin mövcud olmamasına baxmayaraq, qanunun analogiyası üzrə hazırki mübahisənin düzgün həlli baxımından əvvəlcə mənzilə istifadə hüququna dair normalar tətbiq edilməklə, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilinin kimə məxsus olması, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının göstərdiyi kimi gəlini mübahisəli evə 2014-cü ildə köçmüş, yəni tərəflər arasında sözügedən evlə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir.... Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir...Göründüyü kimi, Cavabdeh1 iddiaçının yaxın ailə üzvü olmadığına görə sözügedən evə dair onun heç bir hüququ yaranmamışdır. Belə olan halda, iddia tələbi Cavabdeh1 mübahisəli mənzildən çıxarılması hissəsində təmin olunmalı və Cavabdeh1 həmin evdən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılması hissəsində hesab edir ki iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir və Cavabdeh2 da iddiaçının ailə üzvü, yəni oğlu olduğuna görə onunla həmin yaşayış sahəsindən bərabər istifadə etmək hüququna malikdir. Bundan başqa, məhkəmə iddiaçının mübahisəli mənzilə köçürülməsi tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququnun məhdudlaşdırılması və öz mənzilindən istifadə edilməsinə maneçilik yaratması iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, iddiaçı mənzil üzərində mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün İddiaçı ünvan 2 ünvanda yerləşən mənzilə köçürülməlidir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh1 apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini göstərsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni Cavabdeh1 şikayəti üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, digər hissələrdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, mübahisələndirilən hissədə iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə və cavabdehlərin həmin evdən çıxarılması tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. İkincisi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) cavabdehin yaxud onunla rəsmi nikahda olmuş, keçmiş əri Cavabdeh2 hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdeh həmin evin ona yaxud keçmiş ərinə hər hansı bir hüquqla məxsus oduğunu yaxud aidiyyətini mübahisələndirmir. Əksinə qəbul edir ki, mübahisəli ev(özbaşına tikili) iddiaçının oğlu ilə nikaha girməmişdən xeyli əvvəl qaynanası olan iş üzrə iddiaçıya məxsus olmuşdur. Buna baxmayaraq iddiaçının oğlu ilə 2014-cü ildə nikaha girdiyi və həmin evə köçdüyü üçün mübahisə predmeti olan evə yaşayış hüququnun mübahisəsiz yarandığını düşünür. Apellyasiya baxışı zamanı da cavabdeh tərəf çıxarılmasını istəmədiyi evin tikintisi yaxud təmiri(yaxşılaşdırması) ilə bağlı şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etmədiyini təsdiq etmişdir. Üçüncüsü, cavabdehin iddiaçının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, cavabdeh bu istəyi ən azından qaynanası olan iddiaçının bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evi faktiki sahiblik edən iddiaçının- qaynananın isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirdiyi hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-919/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar