Məhkəmə qərarları › İş №2(103)-678/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-678/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-678/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(004)-4233/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti, 3166-cı məhəllədə inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 2-ci blok 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 182 m2 olan 3 otaqlı 68 saylı mənzilin ona təhvil verilməsi və həmin mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı əri X1 arvadının adına fiziki şəxs X2 Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti, 3166-cı məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 182 kv.m olan 3 otaqlı 68 nömrəli mənzili, 07 sentyabr 2005-ci il tarixdə 56426 manat pul ödəyərək almışdır. Mənzil iddiaçı tərəfindən 07 sentyabr 2005-ci il tarixdə alınarkən tikintinin "xxxx" MTK tərəfindən aparıldığı deyildiyi üçün müqavilədə icraçı kimi fiziki şəxs Şakir Hüseynovun adının qeyd olunmasının fərqinə varmamışdır. 07 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən X4 həmin mənzili 1 il 6 ay müddətində təhvil verməyi öhdəsinə götürmüşdür. Sonradan fiziki şəxs Şakir Hüseynov azadlıqdan məhrum edildiyi üçün tikinti işləri tam dayandırılmışdır. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə Şakir Hüseynov Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum edilmişdir. İddiaçının çoxsaylı müraciətlərindən sonra, 2019-cu ilin may ayında MTK-nın rəhbərliyi iddiaçıya mənzilə seyf qapı quraşdırmasına razılıq verdiyi üçün iddiaçı mənzilə seyf qapı qoydurmuşdur. Lakin bir neçə gün sonra mənzilə getdikdə görmüşdür ki, mənzilin qapısı yerindən çıxarılaraq yerində başqa dəmir qapı qoyulmuşdur. Özünü şirkətin hüquqşünası kimi təqdim edən Nurəddin adlı şəxs isə bildirmişdir ki, mənzilin başqa sahibi var və həmin şəxs mənzilin qapısını dəyişibdir. Göstərilən səbəblərdən iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal rayon prokurorluğuna müraciət etmişdir. 28 fevral 2020-ci il tarixdə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış və cinayət işi istintaq edilməsi üçün 04 mart 2020-ci il tarixində Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. 12 avqust 2020-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinin tələblərinə əsasən dayandırılmış və həmin tarixdə cinayət işi ərazi aidiyyatı üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. 24 avqust 2020-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Nərimanov RPİ-nin İŞ-nə həvalə edilmişdir. Müstəntiqin 10 mart 2021-ci il tarixli qərarı ilə X2 barəsində olan ********* saylı cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs öldüyünə görə) xitam verilmişdir. İddiaçı tərəfindən mənzilin təhvil verilməsi barədə cavabdehə müraciət edilsə də, nəticəsi olmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(004)- 4233/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmununa uyğun olmaqla qətnamə çıxarılarkən işin hallarının tam və hərtərəfli araşdırılmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(004)-4233/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi sübut qismində məhkəməyə fiziki şəxs X4 ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti, 3166-cı məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 182 kv.m olan 3 otaqlı 68 nömrəli mənzilin 56426 manat məbləğində pula alınması barədə 07 sentyabr 2005-ci il tarixli müqavilənin əslini yox, oxunması çətin olan kserosurətini təqdim etmişdir. İddiaçı satılmış mənzilin "xxxx" MTK tərəfindən başqa şəxsə satılaraq İddiaçı əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi barədə şikayət ərizəsi ilə əlaqədar Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə istintaq olunmuş və icraatına xitam verilmiş cinayət işi üzrə ibtidai araşdırma nəticəsində müəyyən edilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş İddiaçı adına olan 07 sentyabr 2005-ci il tarixli müqavilənin kserosurətindəki əlyazmalar, “icraçı” və “ödəməni qəbul edənin imzası” qrafalarındakı imzalar Cavabdeh tərəfindən, “payçı” qrafasında olan imza isə X1 tərəfindən icra olunmuşdur. Həmin iş üzrə şahid qismində dindirilmiş iddiaçının əri X3 ifadəsində mübahisəli mənzilin əvvəllər başqa bir şəxsə satıldığını, mənzilin əvvəlki sahibinə pul ödəməklə mənzili aldığını, müqaviləni Şakir Hüseynova məxsus olan ofisdə imzaladığını, 2011-ci ildə avtomobil qəzasına düşdüyünə görə yaddaşının pozulduğunu, bu səbəbdən müqaviləni kimin tərtib etdiyini və mənzilə görə pulu kimə ödədiyini xatırlamadığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində bildirmişdir ki, həmin mənzil 29 noyabr 2004-cii ildə mərhum atası Şakir Hüseynov tərəfindən müqavilə ilə Şahid1 72800 manata satılmışdır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(004)- 4233/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar