Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6790/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(004)-4366/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və qaz sayğacının hesablama mexanizminə müdaxilə barədə rəyi verilmişdir. İş materiallarında olan abonentin saldosuna əsasən müəyyən edilir ki, abonentin 1555,2 manat borcu mövcuddur. Hazırda iddiaçı borcu mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz İB tərəfindən qanunsuz olaraq ona hesablanmış abonent saldosunda göstərilən 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə yaşadıqları ünvanda quraşdırılmış sayğac onların xəbəri olmadan çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, sayğacda qüsur aşkar edilib və abonent cərimələnib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(004)- 4366/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Azəriqaz İB tərəfindən İddiaçı hesablanmış abonent saldosunda göstərilən 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc məbləğinin qanunsuz hesab edilməklə silinməsi vəzifəsinin cavabdeh Azəriqaz İB-nə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh dəyişdirilmiş qaz sayğacının qüsurlarına görə hesablanmış qaz itkisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edilə bilməz. İddia tələbi üzrə sübutetmə yükünün cavabdeh Azəriqaz İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, yazılı formada formal mülahizələrə əsaslanan etiraz tərtib edilərək məhkəməyə ünvanlanmışdır. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdeh Azəriqaz İB tərəfindən İddiaçı hesablanmış abonent saldosunda göstərilən 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc məbləği qanunsuz hesab edilməklə silinməlidir. Birinci instansiya məhkəməsi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinin 8 ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5-2807-1 saylı akta əsasən “sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 m təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Quraşdırılmış qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Digər tərəfdən iddia tələbinin əsasını sayğaca müdaxilə edilməsi əsası ilə tərtib edilmiş aktin ləğvi və sayğaca müdaxilə edilməsi əsasında tərtib edilmiş dəymiş ziyanın hesabdan silinməsi təşkil etdiyi halda birinci instansiya məhkəməsinin sayğacın işlək vəziyyətdə saxlaması və s. iddia tələbinə aidiyyəti olmayan məsələləri tənzimləyən maddi hüquq normasına istinad etməsi yolverilməzdir, maddi hüquq normasının düzgün tətbiq edilməməsinin aşkar nümunəsidir. İddiaçı öz tələbinin nə dərəcədə əsaslı olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçının öz tələbində iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş rəsmi sənədlərə istinad edilmişdir ki, bu da iddia ərizəsinin birbaşa rədd edilməsi üçün əsasdır. Lakin, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən haqlı olması ilə bağlı hər hansı bir sübutun onun tərəfindən verilməməsinə baxmayaraq iddiaçının uydurma izahatı əsasında səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş yazılı sübutlar isə birbaşa iddia tələbinin rədd edilməsi üçün əsaslardır. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış və iddiaçının müdaxilə edilməsi faktını rəqəmlərlə təsdiqləyən məlumatları araşdırmamışdır. İddiaçıya aid olan **********00000 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi itirilmiş qazın dəyərini hər hansı bir hüquqi əsas olmadan əsassız borc kimi qələmə verərək abonent hesabından silinməsini qət etmişdir. İddiaçı Məhkəməyə əsaslı olması ilə bağlı uydurma izahatından başqa heç nə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və qaz sayğacının hesablama mexanizminə müdaxilə barədə rəyi verilmişdir, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, aktda istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan 1302AQ**********7 nömrəli sayğacın çıxış plastmas borusu deşilib hesablanma mexanizmi minimum sərfiyyatda qeyd etməməsi və 1555,2 manat borcunun yarandığı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın həcmi 12690 m³ olması,xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3- 5-2807-1 nömrəli akta 1302AQ**********7 nömrəli sayğacın istismara yararsız olması göstərilmiş, abonentin saldosuna əsasən isə 12690 m³ saldo və 1555,2 manat borc mövcud olmasın müəyyən edilmişdir. Mübahisənin qanuni əsası qismində iddiaçı və cavabdeh arasında qazın alqısatqısına dair müqavilə təşkil etdiyindən mübahisənin qanuni əsasının müqavilə (öhdəlik) münasibətləri olmasını birinci instansiya məhkəməsi düzgün qeyd etmiş və müəyyən etmişdir ki, cavabdeh tərəfindən 1302AQ**********7 nömrəli sayğac xx.xx.2023-cü il tarixdə istismar müddətinin bitməsi əsası ilə çıxarıldıqdan sonra iddiaçıya məxsus yaşayış sahəsində olan sözügedən sayğacla bağlı yuxarıda sadalanan sənədlər tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan 1302AQ**********7 nömrəli sayğacın çıxış plastmas borusu deşilməklə hesablanma mexanizminin minimum sərfiyyatda qeyd etməməsinin əsassız olaraq istehlakçının təqsiri üzündən baş verməsi qənaətinə düzgün olaraq gəlmişdir. Belə ki, əvvəla məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən sayğac cavabdehin məsul əməkdaşları tərəfindən təhvil alınan zaman sayğaca hər hansı müdaxilə olması halı müəyyən edilməmişdir. Həmçinin də sayğacda hər hansı qüsur aşkar olunursa, bu barədə müvafiq şəxslərin iştirakı ilə akt tərtib edilməmiş, həmin akta istehlakçı daxil edilməmiş, istehlakçı müvafiq aktla tanış olumamış və qüsurlar barədə təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Belə olduğu halda, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh dəyişdirilmiş qaz sayğacının qüsurlarına görə hesablanmış qaz itkisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərərin də istehlakçı tərəfindən ödənilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktın tərtib edilməsinə dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, eləcə də qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının abonent kodundan göstərilmiş məbləğin sayğacın düzgün işləməməsi və sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olmasını bildirsə də işin qeyd olunan halları ilə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi halı öz təsdiqini tapmamışdır. Eləcə də cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh İB dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxil edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləf olmaqla, həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması Cavabdeh İB-nin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməz olmasının cavabdehə izah edilməsi ilə bağlı mövqeyi ilə razılaşır və bu mövqe əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün cavabdeh Azəriqaz İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsassız olaraq akt əsasında hesablanmış 1555,20 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(004)- 4366/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə