Məhkəmə qərarları › İş №2(103)-6792/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6792/2021

07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6792/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2093/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, 96 saylı evin 37 saylı mənzilinə (kod 06/22- 430) cərimə hesablanması ilə bağlı tərtib edilmiş 29 oktyabr 2020-ci il tarixli, R 027781 nömrəli akt əsasında hesablanmış 3.989,34 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzili 27 yanvar 2020-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə vermişdir. Qeyd olunan mənzildə (kod 06/22-430) cavabdeh tərəfindən quraşdırılmış sayğac vasitəsilə elektrik enerjisindən istifadə olunur. Həmin sahə icarəyə götürüldükdən sonra təmir olunmuş və 2020-ci il mart ayının 1-dən gözəllik salonu kimi fəaliyyətə başlamışdır. Sonradan pandemiya səbəbindən salonun fəaliyyəti dayanmışdır. Salonun fəaliyyət göstərməyə başladığı günlərdən hazırki günə qədər cavabdehin əməkdaşları tərəfindən dəfələrlə yoxlama aparılmış, lakin heç bir nöqsan aşkar edilməmişdir. Lakin, sonuncu dəfə 19 oktyabr 2020-ci il tarixində "xxxx" ASC-nin 3 nəfər əməkdaşı tərəfindən yenidən yoxlama aparılmış və salonda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə olunduğu üçün 29 oktyabr 2020-ci il tarixdə R 027781 nömrəli akt tərtib edilmişdir. Yoxlama aparılan zaman salonda "xxxx" ASC-nin əməkdaşlarından başqa kənar şəxslər olmamışdır. Həmçinin, aktda guya elektrikxəttindən axan yükün ölçüldüyü və 46 amper olduğu göstərilmişdir. Həmin vaxt ümumiyyətlə "xxxx" ASC-nin əməkdaşları tərəfindən hər hansı bir ölçmə əməliyyatı aparılmamışdır. O, cərimə yazılması ilə bağlı məlumat əldə etdikdən sonra cavabdehin müvafiq idarəsinə müraciət etmiş və həmin idarə tərəfindən 30 noyabr 2020-ci il tarixdə bildirilmişdir ki, sayğacdan kənar xətt aşkar edilməsi nəticəsində itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 44.326 kvt.s - 3.989,34 manat məbləğində cərimə yazılmışdır. Lakin, cərimənin hansı formada hesablanması ilə əlaqədar ona heç bir sənəd təqdim olunmamış, sadəcə olaraq bildirmişlər ki, salona bir il müddətinə cərimə hesablanmışdır. Qeyd etdiyi kimi salonun fəaliyyəti pandemiya dövrünə düşdüyü üçün heç 3 ay təşkil etmir və bu dövr ərzində o, işıq pulunu göndərilmiş qəbzlər əsasında ödəmişdir. Hətta sonuncu dəfə elektrik enerjsiindən istifadəyə görə 02 noyabr 2020-ci il tarixdə 600 manat birdəfəlik pul ödəmişdir. Lakin, bir il müddətinə cərimə hesablayan zaman cavabdeh salonun fəaliyyət göstərməməyini, fəaliyyət göstərdiyi müddət üçün isə ödəniş etdiyini nəzərə almamışdır. Həmçinin həmin müddətin necə müəyyən edildiyi və hansı normativ akta istinad etdikləri məlum deyildir. Göstərilənlər bir daha sübut edir ki, cavabdeh tərəfindən ona qanunsuz və əsassız cərimə yazılmışdır. Göründüyü kimi, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 29 oktyabr 2020-ci il tarixli, R 027781 nömrəli akt birtərəfli qaydada tərtib olunmuşdur. Digər tərəfdən, həmin akt “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə uyğun deyildir. Belə ki, həmin akt tərtib olunan zaman hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan əlavə, cərimə hesablayan zaman cavabdehin cərimə hesablanan müddəti necə müəyyən etdiyi və hansı normativ akta istinad etdiyi məlum deyildir. Həmçinin, cavabdehin əməkdaşları ona məxsus obyektdə yoxlama aparılması (elektrik sayğacına və sexin ərazisinə baxış keçirilməsi) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd təqdim etməli və sonra yoxlama aparmalı idilər. Ona verilən məlumata görə cavabdehdə belə bir sənəd mövcud deyildir və onlar qanunvericiliyin tələblərini pozaraq bu cür yoxlamalar aparırlar. Yoxlamanın keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd olmadığı üçün keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2093/2021 saylı, 22 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsini xahiş edən cavabdehin nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, idddiaçının sayğacdan kənar xəttdən istifadə etməsini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı (icarəyə verən) ilə X1 (icarəçi) arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,14 kv.m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəni (tam hissə 52,14 kv.m) icarəçiyə icarəyə vermişdir. İş materiallarında olan 29 oktyabr 2020-ci il tarixli, R 027781 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış və sayğacdan kənar xətt qoşulması aşkar edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Enerji Təchizatı və Satış İdarəsinin "xxxx" ASC-yə ünvanladığı 05 noyabr 2020-ci il tarixli xidməti məlumatın surətindən görünür ki, Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən növbəti reyd zamanı 333 saylı TM-dən qidalanan H.Əliyev 96 ünvanında yerləşən şitə baxış keçirilmiş və kənar xətt aşkar edilmişdir. 29 oktyabr 2020-ci il tarixində 06/22-472 kod altında fəaliyyət göstərən Mirvari Səfərovaya məxsus obyektə ******* saytı akt tərtib edilmişdir. Lakin, təkrar baxış zamanı məlum olmuşdur ki, akta 06/22-430 kod altında fəaliyyət göstərən obyektin əvəzinə səhvən qonşu obyektin (06/22-472) parametrləri daxil edilib. Səbəb isə 06/22-430 kod altında fəaliyyət göstərən obyektin xətləri 06/22-472 kod altında fəaliyyət göstərən obyektin sayğacının giriş xəttinə kənar qoşulmasıdır. Qeyd olunanları nəzərə alınaraq, 29 oktyabr 2020-ci il tarixində tərtib olunan 027781 saylı aktın hesabatını İddiaçı məxsus obyektin 06/22-430 koduna verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 noyabr 2020-ci il tarixli icra vərəqinin surətindən görünür ki, İddiaçı məxsus ünvanda **********02263 abunə kodlu elektrik sayğacından kənar xətt qoşulması müəyyən edilmişdir. İstehlakçıya 10,12 kvt x 12 saat x 365 gün = 44.326 kvts, tarif (0,09 man) 44.326 kvts x 0,09 = 3.989,34 manat hesablanması qərara alınmışdır. Həmçinin qeyd edilmişdir ki, sayğac bərpa olunub. Abunə kodu **********02263 olan abunə haqqında sənədin surətindən görünür ki, 23 noyabr 2020-ci il il tarixli, RQ027781 saylı akta əsasən İddiaçı 3.989,34 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı 30 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, onun 19 noyabr 2020-ci il tarixli, H-525 saylı müraciətinə Müştəri Xidmətləri İdarəsində baxılmış və bildirilmişdir ki, 06/22-430 saylı kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 29 oktyabr 2020-ci il tarixdə Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, obyektə sayğacdan kənar xətt aşkar edilmiş, RQ 027781 saylı akt tərtib edilmişdir. İtirilmiş elektrik enerjisinin bərpası məqsədilə 44.326 kvts – 3.989,34 manat dəyərində əlavə sərfiyyat hesablanılmışdır. Akt tərtib edilərkən və ödəniş sənədi hesablanarkən “Elektrik enerjisindən istifadə qaydalarının tələblərinə riayət edilmişdir.. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Eyni Qaydaların 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İşin müəyyən olunmuş hallarına görə, mübahisələndirilən akt tərtib olunarkən sözügedən Qaydaların tələblərinə zidd olaraq hal şahidlərinin iştirakı təmin edilməmiş, onun tərtibi zamanı iddiaçının guya aktları imzalamaqdan imtina etdiyi qeyd olunmuş, aktlara əsasən hesablamalar aparılarkən isə elektrik saygacının küçədə quraşdırıldığı və onda yaranan qüsurlara görə istehlakçının məsuliyyət daşımadığı nəzərə alınmayaraq həm sayğac borcu, həm də istifadə gücünə görə orta sərfiyyat yazılmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən akt etibarlı sayıla və ona əsasən hesablanmış 3989,34 manat əlavə ödəniş (cərimə) məbləği qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan "xxxx" ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi 3989,34 manat baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğvi üçün əsas yaratmadığını hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2093/2021 saylı, 22 aprel 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar