Məhkəmə qərarları › İş №2(103)-6797/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6797/2021

06.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6797/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xəzər rayonu, Binə qəsəbəsi, “Hövsan Südçülük sovxozu” adlandırılan ərazidəki qeydiyyatsız evdə elektik enerjisindən istifadə ilə bağlı 22.12.2020-ci il tarixli akt əsasında hesablanmış 887,69 manat məbləğində borc silinsin və tutulmuş 400 manat pul geri qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 887,69 manat borc silinsin, itirilmiş elektrik enerjisinin bərpasına görə ödənilmiş 400 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı məişət abonenti, cavabdeh isə enerjitəchizatı müəssisəsidir. Onların arasındakı mübahisə fərdi yaşayış evində elektrik enerjisindən istifadə ilə bağlıdır. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, iddiaçının evindəki sayğacın “A” fazasının giriş yuvası termik təsir nəticəsində yanıb, sayğac istismara yararsızdır. Buna əsasən 22.12.2020-ci il tarixli akt tərtib edilmiş, itirilmiş enerjinin dəyəri müəyyən edilməklə abonentin abunə haqqında məlumatına daxil edilmişdir. Lakin iddiaçının elektrik enerjisindən istifadə qaydalarını pozduğu sübut olunmur. Ona görə də məhkəmə Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Mülki Məcəllənin 14-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin edib. Məhkəmənin gəldiyi nəticə qətnamədə lazımi qaydada əsaslandırılıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar