Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6798/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(003)- 1150/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh İB-yə (bundan sonra, cavabdeh) qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 426,6 manat borcun silinməsi, 28 manat pulun ona geri qaytarılması, Cavabdeh İB-nin əməkdaşları Hakim Bağırov və Şahin Əliyev barələrində bilərəkdən və səhlənkarlıqla bağlı vəzifə səlahiyyətlərini aşmalarının araşdırılması üçün prokurorluğa təqdimatla müraciət edilməsi, mənəvi ziyanla bağlı cavabdehdən onun xeyrinə 99 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış qazdan istifadə olunması barədə müqaviləyə əsasən, iddiaçı tərəfindən öncədən karta ödəniş etməklə qazdan istifadə olunmuşdur. Lakin, cavabdeh tərəfindən mütəmadi sayğaca baxış keçirilməklə yararlılıq müddəti ötmüş sayğac və onun qoruyucu qutusu dəyişdirilmirdi. Bununla bağlı o, öz şəxsi vəsaiti hesabına qaz sayğacının qoruyucu qutusunun alınması və quraşdırılması üçün müəyyən vəsait xərcləmiş, sayğaca hər hansı müdaxilə etməmişdir. 31.01.2019-cu il tarixdə istehlakçı kimi ona və ya ailə üzvlərinə məlumat verilməyərək, sayğac dəyişdirilmişdir. Cavabdehin əməkdaşları olan Hakim Bağırov və Şahin Əliyev isə əsassız olaraq aktda istehlakçının qeyd bölməsində imtina qeydini aprmışlar. Halbuki, bu barədə heç kimə müraciət etməmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(003)-1150/2021 saylı qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia qismən təmin olunmuş, Cavabdeh İB tərəfindən İddiaçının **********10070 saylı abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış 426,6 manat borcun silinməsi, itirilmiş təbii qazın bərpasına görə ödənilmiş 28 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən 20 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacının çıxarılması və dövlət yoxlanışından keçirilməsi üçün göndərilməsi, yoxlamanın rəyinə əsasən sayğaca müdaxilə olunmasının müəyyən olunması, bu səbəbdən də qaz itikisinə görə əlavə sərfiyyat hesablanması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və cavabdehin nümayəndəsinin izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 10.01.2019-cu il tarixli ******* saylı akta əsasən, iddiaçının evinə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2019-cu il tarixli ******* saylı aktda isə qeyd olunmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Həmin akta əsasən iddiaçının abunə hesabına cəmi 426,6 manat borc hesablanmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, hazırda zərərin hesablanmasına əsas olmuş akt tərtib edilərkən iddiaçı tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməmiş, abonentin aktı imzalamaqdan imtina etməsi formal olaraq göstərilməklə aktın bir surəti abonentə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən akt iki nüsxədən ibarət olmaqla tərtib edilməli və bir nüsxəsi barəsində akt tərtib edilən tərəfə təqdim edilməlidir. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, sayğacın daxilində yerləşən çıxış plastmas boruya iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 426,6 manat məbləğində borc silinməli, eyni zamanda ödənilmiş 28 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3.-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Belə olan halda isə, evdən kənarda quraşdırılmış sayğacın mühafizəsi bilavasitə qaz paylayıcısının üzərinə düşür. Cavabdeh isə sayğaca iddiaçı tərəfindən müdaxilə olunması və bunun nəticəsində sayğacda qeyd edilən müvafiq qüsurun yaranmasını sübut edə bilməmişdir. Həmçinin, lobarator baxış zamanı həmin qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Qeyd edilməlidir ki, qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(003)- 1150/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(003)- 1150/2021 saylı qətnaməsi apellyasiya şikayəyinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6798/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6798/2021
07.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver