Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-68/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8436/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində yerləşən 360727 saylı neft quyusunun və neft xəttinin mühafizə zolağı daxilində və Şirkətin Saziş ərazisi hüdudları daxilində (1. 396241, 333 4 475165, 091 2. 396226, 512 4 475139, 155, 3. 396182, 763 4 475165, 233, 4. 396197, 441, 4 475191, 454 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Hesab edilmişdir ki, cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, 29.09.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X7 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və 29.04.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8436/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, şikayətini mübahisəli torpaq sahəsinin Xocəsən Bələdiyyəsinə aid olduğu, torpaq sahəsinin bələdiyyənin 06.04.2004cü il tarixli qərarı ilə cavabdehə verildiyi və həmin torpaq sahəsinin iddiaçıya məxsus olmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər, kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işlə rihəyat keçirilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmişdir. İş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı 29.04.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 29/14 nömrəli, 01 noyabr 2007-ci il tarixli qərarından görünür ki, Xocəsən bələdiyyəsinin 47 saylı, 06 aprel 2004-cü il tarixli qərarla vətəndaş Cavabdeh istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsi və əlavə istifadə etdiyi 300 kv.m torpaq sahəsi (ümumi 900 kv.m torpaq sahəsi) alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Apellyasiya baxışı həmçinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş və ekspert qarşısında - 3 saylı mədənin 6-cı sahəsində yerləşən 360727 saylı neft quyusunun və neft xəttinin mühafizə zolağı daxilində Cavabdeh aid tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu və mənsubiyyəti (dövlət, bələdiyyə, yaxud xüsusi mülkiyyətdə olub-olmadığı) müəyyən edilməsi; həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş sənaye təyinatlı torpaqlara aiddirmi?; Yuxarıdakı suala müsbət cavab veriləcəyi təqdirdə, həmin torpaq sahəsinin neft qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən İddiaçı Əməliyyat Şirkətinin icarəsində olan kontrakt sahəsinin hüdudları daxilində olub-olmadığı müəyyən edilməsi sualları qoyulmuşdur. Lakin ekspertizaların keçirilməsi baş tutmamışdır. Buna baxmayaraq iş üzrə X3 və Ekspertiza Mərkəzi MMC-nin 28 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyi ilə 3 saylı mədənin 6-cı sahəsində yerləşən 360727 saylı neft quyusunun və neft xəttinin mühafizə zolağı daxilində Cavabdeh aid tikilinin yerləşdiyi torpaq sahəsinin Dövlət mülkiyyətinə aid olması müəyyən edilmiş, həmçinin həmin torpaq sahəsinin neft qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən İddiaçı Əməliyyat Şirkətinin icarəsində olan kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Bununla yanaşı iddiaçı Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 29/14 saylı, 01 noyabr 2007-ci il tarixli qərarının inzibati qaydada mübahisələndirmiş, işə baxılarkən isə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 02.06.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, 2-1(112)-3300/2020 saylı inzibati iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3300/2020 saylı, 05 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi rayonu Xocəsən bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh) “cavabdehin 29/14 saylı, 01 noyabr 2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə” iddiasının geri götürülmüş hesab edilməsi və bu əsasla iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi vətəndaş Cavabdeh istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsi və əlavə istifadə etdiyi 300 kv.m torpaq sahəsi (ümumi 900 kv.m torpaq sahəsi) alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 29/14 nömrəli, 01 noyabr 2007-ci il tarixli qərarı iddiaçı tərəfindən mübahisələndirilsə də nəticədə iddiasını geri götürmüş və həmin qərar hal-hazırda öz qüvvəsindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlətin obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət zolaqlarının, mühüm meliorasiya və su təsərrüfat obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə görə isə, Azərbaycan Respublikası torpaqlarının özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçrilir. Özbaşına tutulmuş torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçı şirkətin qanuni istifadəsinə verildiyini, cavabdehə həmin torpaq sahəsinin qanuni əsaslarla ayrıldığını, sonuncunun həmin torpaq sahəsində mübahisəli evi tikməsinə dövlət orqanları o cümlədən iddiaçı tərəfindən vaxtında etiraz edilmədiyini tərəflər mübahisələndirməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı" qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ’’mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15- dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Yuxarıda qeyd edilən hüquqi mövqelərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan tikili xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da hazırkı vəziyyətdə onu inşa etmiş şəxsin mülkiyyəti kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli ev neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərlidir. Bu baxımdan Kollegiya hesab edir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Hazırda isə iddiaçının belə bir təklifi olmamışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 29/14 saylı, 01 noyabr 2007-ci il tarixli qərarı qüvvədə olduğu halda İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Bundan başqa iddiaçı tərəf apellyasiya baxışı zamanı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə istinad etməklə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin qeyd olunan norma işə birinci instansiya məhkəməsində baxılarkən tətbiq edilə bildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ərizə təmin edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8436/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı şirkətinin Cavabdeh qarşı - cavabdehin 3 saylı mədənin 6-cı sahəsində yerləşən 360727 saylı neft quyusunun və neft xəttinin mühafizə zolağı daxilində və Şirkətin Saziş ərazisi hüdudları daxilində (1. 396241, 333 4 475165, 091 2. 396226, 512 4 475139, 155, 3. 396182, 763 4 475165, 233, 4. 396197, 441, 4 475191, 454 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə iddia tələbi təmin edilməsin. Mütəxəssis xərci 300 manat İddiaçı şirkətindən tutularaq “X3 və Ekspertiza Mərkəzi” MMC-nin xeyrinə verilsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı şirkəti tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı şirkətinə apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödəmiş olduğu rüsumunun məbləği isə onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-68/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-68/2022
20.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver