Məhkəmə qərarları › İş №2(103)-6806/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6806/2021

06.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6806/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1446/2021 saylı mülki iş üzrə qəbul etdiyi 14 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh «X1rşı “əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh «X4 tərəfindən ona (abonent kodu: **********04940) əsassız hesablanmış 2246,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus yaşadığı ünvan 1 ünvanına məxsus qaz sayğacı 2018-ci il tarixində oğurlanmışdır. O, bu barədə Azəriqaz İB və Polisə müraciət etmişdir. Həmin vaxtdan etibarən mənzilə yeni qaz sayğacı quraşdırılmamış və heç bir təbii qazdan istifadə olunmamışdır. Bütün bunlara baxmayaraq Azəriqaz İB tərəfindən ona 30 dekabr 2020-ci il tarixli ******* saylı akt tərtib edilməklə əsassız olaraq 2246,40 manat borc hesablanmışdır. Onun sözügedən aktdan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Qeyd edir ki, akt tərtib olunmuş mənzildə yaşayış olmamış və təbil qazdan istifadə olunmamışdır. Lakin bütün bunlara baxmayaraq əsasssız olaraq borc hesablanmış və ümumilikdə 2246,40 manat borc yazılmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı və heç vaxt belə bir niyyəti olmamışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq onun təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh «X4 tərəfindən ona (abonent kodu: **********04940) əsassız hesablanmış 1951,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(003)-1446/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, cavabdehin qanunsuz xətdən istifadəsi ilə bağlı fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Həmçinin İddiaçı 2019-2021-ci tarixlərində ödəniş etməməklə təbii qazdan istifadə etdiyini 1-ci instansiya məhkəməsi ümumiyyətlə araşdırmamışdır. Onlar tərəfindən istehlakçının təbii qazdan istifadə etməsini sübut edən foto şəkillər və aktların məhkəməyə təqdim edilməyinə baxmayaraq məhkəmə bunu sübut kimi qiymətlənməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Ə Hacıyev apellyasiya şikayətini müdafiə edərək, sayğaca müdaxilə olunduğuna görə itirilmiş qazın və sayğacın dəyərinin iddiaçı tərəfindən ödənilməli olduğunu və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-1205/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1446/2021 saylı mülki iş üzrə qəbul etdiyi 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, cavabdeh İddiaçı verilən qaz xətti üzrə abonent - kodu **********04940 sayla qeydiyyata alınmışdır və ona 2246,40 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının — pozulması haqqında aktların surətlərindən görünür ki, istehlakçı İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Aktların tərtibində istehlakçı İddiaçı aktları imzalamaqdan “imtina etmişdir” qeyd olunur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı qaz sayğacının oğurlanması ilə bağlı Xəzər RPİ-nə müraicət etmiş, Xəzər RPİ–nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Vasif Həsənov tərəfindən qəbul edilmiş 16.11.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ona məxsus yaşadığı ünvan 1 ünvanına məxsus qaz sayğacının 2018-ci il tarixində oğurlanması barədə ərizəsi əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən inzibati icraat açılması üçün sahə inspektoruna göndərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Lakin cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunmasının səbəbkarının məhz iddiaçı olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda isə itirilmiş qazın və sayğacın dəyəri iddiaçıdan tələb oluna bilməz. Cavabdehin dəlillərinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1446/2021 saylı mülki iş üzrə qəbul etdiyi 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar