Məhkəmə qərarları › İş №2(103)-6808/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6808/2022

10.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6808/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-10192/2017 saylı qərardadından Cavabdeh1 Mahmudağa qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Mahmudağa qızı, Cavabdeh2 MMC və "xxxx" MTK-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10192/2017 saylı 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mahmudağa qızına, Cavabdeh2 MMC-nə və "xxxx" MTK-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin sahibliyə verilməsi” tələbi barədə iddiası təmin edilmişdir. Cavabdeh1 Mahmudağa qızı həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)- 10192/2017 saylı qərardadı ilə Cavabdeh1 Mahmudağa qızının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10192/2017 saylı 20 dekabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Cavabdeh1 Mahmudağa qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-10192/2017 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10192/2017 saylı 20 dekabr 2017-ci il tarixli qətnaməsi rəsmi qaydada ona təqdim edilməmişdir. Yalnız onun məhkəməyə müraciətindən sonra həmin qətnamənin 18 may 2022-ci il tarixdə almış və 14 iyun 2022-ci il tarixdə apelyasiya şikayəti, eləcə də buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-10192/2017 saylı qərardadı ləğv edilməklə, Cavabdeh1 Mahmudağa qızı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməlidir. Belə ki, kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 10192/2017 saylı 20 dekabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 Mahmudağa qızını çatdırılmamış, yalnız onun məhkəməyə müraciətindən sonra həmin qətnamə 18 may 2022-ci il tarixdə Cavabdeh1 Mahmudağa qızına təqdim edilmiş və o, 14 iyun 2022-ci il tarixdə apelyasiya şikayəti, eləcə də buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququ İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur. Həmin Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X3 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-10192/2017 saylı qərardadı ləğv edilməklə, Cavabdeh1 Mahmudağa qızı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 Mahmudağa qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)- 10192/2017 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10192/2017 saylı 20 dekabr 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh1 Mahmudağa qızı tərəfindən verilmiş ərizə təmin edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar