Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6808/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi və sair” tələbinə dair ilkin, Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aktın etibarsız hesab edilməsi və sair, zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı - Cavabdeh İB-nə qarşı «aktın ləğvi və cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın ləğv hesab edilməsi və həmin akt əsasında yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32-ci km-də yerləşən ev iddiaçıya məxsusdur. 27 oktyabr 2022-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilərək, iddiaçıya 6557,76 manat məbləğində borc yazılmışdır. Kənar xətt yenicə quraşdırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən aşkar edilərək kənarlaşdırılmış və sözügedən akt tərtib edilmişdir. Lakin akt üzrə itirilmiş qazın həcmi hesablanarkən hesabat həddən artıq şişirdilərək 6557,76 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur.
3. Eyni zamanda Cavabdeh İB cavabdeh İddiaçı qarşı “zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6557,76 manat zərərin, 1296 manat debitor bocunun və 98,54 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, küçə qaz xətlərinə baxış keçirilərkən Bakı şəhəri Səbail rayonu, Salyan şossesində qeydiyyatda olan cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi aşkar olunmuşdur. Cavabdehin bu hərəkəti nəticəsində iddiaçıya 6557,76 manat məbləğində zərər dəymişdir. Eyni zamanda cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1296 manat debitor borcu vardır.
5. Səbail Rayon Məhkəməsinin 2(009)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən fərdi yaşayış evində (abonent kodu **********03467) qaz xəttinə qanunsuz qoşulmaqla istifadə nəticəsində Cavabdeh İB-nə dəymiş zərərin əvəzi kimi 510,2 manat məbləğində pul vəsaiti, təbii qazdan istifadəyə görə yaranmış 1296 manat borc vəsaiti və qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 50 manat məbləğində hissəsi İddiaçı tutulub Cavabdeh hesabına köçürülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsinin Cavabdeh İB-dən, 50 manat hissəsi isə İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qərara alınmışdır.
6. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir.
9. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı qaz xəttinə qanunsuz kənar qoşulmaqla istifadə etməsi faktını işin mübahisəsiz halı kimi qiymət verdiyi halda, dəymiş zərərin tam yox qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir.
10. Rayon məhkəməsi qətnamədə ekspert rəyi ilə razılaşaraq Bakı şəhəri Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən evdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olmasını müəyyən etmişdir. Qeyd edilir ki, ekspert hesablama apardıqda təbii qazın qanuni şəkildə istifadə edilməsi zamanı sərf olunan təbii qazın miqdarını və buna adekvat olaraq da sərfiyyatın məbləğini müəyyən etmişdir. Axı məhkəmənin də müəyyən etdiyi kimi, danılmaz faktdır ki, İddiaçı qaz borusuna qanunsuz, kustar usulla qoşulduğundan, sərfiyyat ekspert rəyində qeyd olunan qanuni istifadə edilməsi nəticəsindən fərqli yanaşma tələb edir. Belə ki, iş materiallarında olan və ilkin iddiaçı tərəfindən mübahisələndirilən aktda və dəymiş zyanın bərpasına dair tələbnamədə belə qanunsuz qoşulma hallarında sərfiyyatın yəni itirilmiş təbii qazın miqdarının hesablanma qaydası qeyd edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə tələbnamədəki, hesablanmış ziyanın məbləğində böyük fərq vardır. Bu səbəbdən, qətnamənin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
11. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının başalanmasına səkkiz dəqiqə qalmış, yəni xx.xx.2023-cü il tarixdə, saat 09:12–də “Elektron məhkəmə” informasiya sistemində ərizə yükləyərək yaranmış zərurətlə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin həmin zərurətlə bağlı hər hansı sübut əlavə etməmişdir.
12. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
13. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4001 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən evdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olması müəyyən edilir.
14. Mülki iş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, cavabdehin faktiki istifadə edilmiş təbii qaza görə 1296 manat debitor borcu yaranmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu
17. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu
18. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
28. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, rayon məhkəməsi qətnamədə ekspert rəyi ilə razılaşaraq Bakı şəhəri Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən evdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olmasını müəyyən etmişdir. Qeyd edilir ki, ekspert hesablama apardıqda təbii qazın qanuni şəkildə istifadə edilməsi zamanı sərf olunan təbii qazın miqdarını və buna adekvat olaraq da sərfiyyatın məbləğini müəyyən etmişdir. Axı məhkəmənin də müəyyən etdiyi kimi, danılmaz faktdır ki, İddiaçı qaz borusuna qanunsuz, kustar usulla qoşulduğundan, sərfiyyat ekspert rəyində qeyd olunan qanuni istifadə edilməsi nəticəsindən fərqli yanaşma tələb edir. Belə ki, iş materiallarında olan və ilkin iddiaçı tərəfindən mübahisələndirilən aktda və dəymiş zyanın bərpasına dair tələbnamədə belə qanunsuz qoşulma hallarında sərfiyyatın yəni itirilmiş təbii qazın miqdarının hesablanma qaydası qeyd edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə tələbnamədəki, hesablanmış ziyanın məbləğində böyük fərq vardır.
33. Kolegiya qeyd edir ki, iddiaçı tərəfindən qaz borusuna qanunsuz qoşulma olsa da, həmin qoşulma nəticəsində cavabdehə dəymiş ziyanın məhz 6557,76 manat məbləğində olması hər hansı sübutla təsdiq olunmur.
34. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4001 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən evdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olması müəyyən edilir.
35. Cavabdeh tərəfindən həmin ekspert rəyini şübhə altına ala biləcək mötəbər və əsaslı sübutlar da məhkəməyə təqdim edilməmişdir.
36. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Beləliklə, cavabdeh tərəfindən qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın 6557,76 manat məbləğində olması ilə bağı əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən mötəbər sübutlar təqdim edilmədiyindən, müvafiq ekspert rəyi ilə isə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən evdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olması müəyyən edildiyindən, rayon məhkəməsi həmin hissədə qarşılıqlı iddia tələbini ekspert rəyinə uyğun olaraq qismən təmin etməkdə haqlı olmuşdur. Nəticə:
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, qarşılıqlı iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə həmin hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
42. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin 2(009)-204/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov