Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6809/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birgə iddiaçılar cavabdehə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddia ərizəsi əsasında icraatı başlanmış mülki işə Yasamal Rayon Məhkəməsi tərəfindən baxılarkən cavabdeh vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Rayon Məhkəməsi cavabdehin vəsatətinə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə vəsatəti təmin etməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətinin təmin edilməməsini, yəni iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 267-ci maddəsinin mənasına görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan şikayət verilə bilər, lakin bu zaman nəzərə alınmalıdır ki, şikayətin verilməsi halları MPM-də nəzərdə tutulmuş olsun. MPM-nin 395-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından o halda şikayət verə bilərlər ki, şikayətin verilməsi MPM-də nəzərdə tutulsun və ya qərardad işin sonrakı hərəkətinə mane olsun. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. MPM-nin 262.5-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göründüyü kimi, “iş üzrə icraata xitam verilməməsi və işin baxışının davam etdirilməsi barədə” qərardaddan şikayətin verilməsi MPM-də nəzərdə tutulmamışdır, çünki sözügedən qərardad işin sonrakı hərəkətinə mane olmur. Belə olan halda qeyd edilən qərardaddan şikayət verilə bilməz, verilsə də həmin şikayət üzrə icraat qeyri-mümkündür. Buna baxmayaraq Rayon Məhkəməsi şikayətə qiymət vermiş, onu təmin etməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6809/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6809/2020
14.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver