Məhkəmə qərarları › İş №2(103)-6814/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6814/2021

30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6814/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Ərizəçi Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-379/2019 saylı, 12 mart 2020-ci il tarixli qərardadından ərizəçi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mənzil Tikinti Kooperativinə və Bakı şəhəri Cavabdeh4nə (19 saylı Dövlət Notariat Kontoru iş üzrə 3-cü şəxs qismində olan) qarşı «müqavilənin etibarsız hesab edilməsi, alınmanın təsirinə məruz qalan şəxs hesab edilmə və kompensasiya almaq hüququnun tanınması, pul vəsaitindən ibarət kompensasiya məbləğinin alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddianın təmin tədbirinə dair ərizəsi Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-3710/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qərardadı ilə təmin edilərək Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 1254 saylı bağ evinin və Quba rayonu, Qeçrəş kəndində yerləşən 0,128 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoylumuş və həmin əmlaklara dair hər hansı rəsmiyyətin aparılması qadağan edilmişdir. Cavabdeh1 həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni saylı, 09 dekabr 2018-ci il tarixli qərardadı ilə təmin edilməyək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1971/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, rayon məhkəməsinin qərardadı ləğv edilmiş və iddianın təmin tədbirinə dair ərizə qismən təmin edilərək Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 1254 saylı bağ evinin və Quba rayonu, Qeçrəş kəndində yerləşən 0,128 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin özgəninkiləşdirilməsi cavabdeh və digər şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadı qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. Bundan sonra, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-379/2019 saylı, 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9575/2019 saylı, 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edildiyindən, Apellyasiya Məhkəməsinin onun mülkiyyətində olan əmlakların özgəninkiləşdirilməsinin cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair 23 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-379/2019 saylı, 12 mart 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək 23 yanvar 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 1254 saylı bağ evinin və Quba rayonu, Qeçrəş kəndində yerləşən 0,128 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinin üzərinə qoyulan həbs ləğv edilmişdir. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət məhkəmənin eyni saylı, 08 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti onun əmlaklarına həbsin Apellyasiya Məhkəməsi tərəfindən qoyulduğu üçün, həbsin götürülməsinin həmin Məhkəmənin qərardadına əsasən həyata keçirilməli olduğunu əsas gətirərək icradan yayınır, bu səbəbdən şiayətin təmin edilərək rayon məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Hazırkı məsələyə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası ərizəçinin izahatını dinləyib, şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, qərardaddan ərizəçi Cavabdeh1 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, işin hallarından görünür ki, Cavabdeh1 həbsin götürülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-379/2019 saylı, 12 mart 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, ərizəçi həmin qərardaddan şikayət verərək, Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərardadı ilə qoyulan həbsin həmin Məhkəmə tərəfindən götürülməli olduğu əsası ilə rayon məhkəməsinin 12 mart 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Halbuki, rayon məhkəməsi ərizəçinin hüquqlarını tam qoruyan, “onun xeyrinə” qərardad qəbul etmişdir. Kollegiya qeyd edir ki, baxmayaraq ki, iddianı təmini tədbirinin apellyasiya instansiya məhkəməsi tətbiq etmişdir, həmin tədbirin birinci instansiya məhkəməsi tərəfindən ləğv edilməsi üçün prosessual qanunvericilikdə hər hansı qadağa yoxdur. Yəni əmlak üzərinə həbs müvəqqəti xarakter daşımaqla iddianı təmini tədbiri qaydasında qoyulduğu üçün, həmin tədbir birinci instansiya məhkəməsi tərəfindən də ləğv edilə bilər. Beləliklə müəyyən olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cavabdeh1 ərizəsini onun qeyd etdiyi əsasla icra etməkdən yayınması qanunsuz olmuşdur. Belə olan halda aydın olur ki, ərizəçinin 12 mart 2020-ci il tarixli qərardaddan şikayət verməsi yolverilməzdir. Kollegiya həmçinin də qeyd edir ki, hər hansı işdə tərəfin “öz xeyrinə” olan məhkəmə aktından şikayət verməsi öz-özlüyündə hüququn hamılıqla qəbul olunmuş ümumi prinsiplərinə də uyğun deyildir. MPM-in tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.1, 366.2, 366.3.). İstinad olunan normanın mahiyyətindən də bəlli olur ki, hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və iş materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Kollegiya qeyd edir ki, hazırkı halda isə ərizəçi şikayətində qərardadı düzgün hesab etmədiyi əsasları göstərməlidir. Bu halda isə həmin əsaslar mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, ərizəçi Cavabdeh1 rayon məhkəməsinin 12 mart 2020-ci il tarixli qərardadınan verdiyi şikayət qeyri-mümkün hesab edilməlidir. Eləcə də ərizəçiyə rayon məhkəməsinin 12 mart 2020-ci il tarixli qərardadının icra edilməsi üçün müvafiq icra qurumuna, imtina aldığı təqdirdə isə qurumun hərəkət və ya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Cavabdeh1 tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 379/2019 saylı, 12 mart 2020-ci il tarixli qərardadından verilmiş şikayəti qeyri-mümkün hesab edilsin. Ərizəçiyə 12 mart 2020-ci il tarixli qərardadın icra edilməsi üçün müvafiq icra qurumuna, imtina aldığı təqdirdə isə qurumun hərəkət və ya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar