Məhkəmə qərarları › İş №2(103)-6815/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6815/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6815/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AL-1335 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2017-ci il tarixli, AL-1335 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2018-ci il tarixə 834,69 manat əsas, 239,03 manat mükafat və həmin günə hesablanmış 309,01 manat dəbbə pulu, 2.732 manat dəymiş zərər, cəmi 4.114,73 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1335 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Runna” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, (2013-cü il buraxılışlı, NAAU01FEXET035749 ban nömrəli, 160B0065997 mühərrik, boz rəngli) avtomobili Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Bağlanmış ödəniş qrafikinə əsasən 17% illik hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 340,54 manat, ümumilikdə isə 12258,97 manat məbləğində pulu Cavabdeh İddiaçı MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan “Runna” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, (2013-cü il buraxılışlı, NAAU01FEXET035749 ban nömrəli, 160B0065997 mühərrik, boz rəngli) avtomobil xx.xx.2018-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin Bakı şəhərində yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2732 manat ziyan dəymişdir. Lizinq alan Cavabdeh xx.xx.2017-ci il tarixli AL- 1335 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2018-ci il tarixə 834,69 manat əsas, 239,03 manat mükafat və həmin günə hesablanmış 309,01 manat dəbbə pulu olmaqla, cəmi 1382,73 manat borcu vardır. Cavabdeh tərəfindən lizinq şirkətinə son ödəniş xx.xx.2018-ci il tarixdə 400 manat olmuşdur. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AL-1335 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2017-ci il tarixli, AL-1335 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 834,69 (səkkiz yüz otuz doqquz manat 69 qəpik) manat əsas, 239,03 (iki yüz otuz doqquz manat 03 qəpik) manat mükafat və 20 (iyirmi) manat dəbbə pulu, 2113 (iki min yüz on üç) manat dəymiş zərərin, cəmi 3206,72 (üç min iki yüz altı manat 72 qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manatın Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasları barədə cavabdehin məlumatı olmamışdır. İddia tələbi ilə tanış olmamış və buna qarşı öz haqlı mövqeyini bldirmək imkanı olmamışdır. Məhkəmə iclasında iştirak etməməsi nəticəsində məhkəmələrdə mülki işlərə baxılmasının “tərəflərin bərabərliyi” və “çəkişmə” kimi mühüm prinsipləri pozulmuşdur. Belə ki, məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi sübutları araşdırmış, iş üçün əhəmiyyətli olan digər hallar isə diqqətdən kənarda qalmış və qətiyyən araşdırılmamışdır. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına da uyğun deyildir. İddiaçı lizinq predmeti olan “Runna” minik markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilin lizinq müqaviləsi bağlandıqdan sonra cavabdehə təhvil verməsi barədə aktı məhkəməyə təqdim edir. Yəni sübut etmək istəyir ki, avtomobil cavabdehə tam normal vəziyyətdə verilmişdir. Lakin burada çox mühüm məqam, xx.xx.2018-ci il tarixində cavabdehdən həmin avtomobil geri alınarkən də, bu barədə təhvil-təslim aktının olması və həmin aktda mütləq şəkildə avtomobilin həmin vaxta olan vəziyyəti barədə ən azı vizual qeydlər aparılmalı və avtomobilin vəziyyəti qiymətləndirilməli idi. Bu o deməkdir ki, avtomobilə vurulmuş zərərin əvəzinin cavabdehdən tələb edilməsi tələbinə baxılarkən bu hal, yəni zərərin kim tərəfindən vurulması məhkəmə tərəfindən araşdırılmalı idi. Cavabdeh iş üzrə aparılmış xx.xx.2019-cu il tarixli, 14825 saylı ekspert rəyi ilə razı deyil. Belə ki, avtomobilə vurulmuş zərər qiymətləndirilərkən, avtomobilə baxış keçirilməmiş, rəy digər “rəyin qiymətləndirilməsi” əsasında verilmişdir. Yəni, qəribə olan odur ki, burada ekspertiza tədqiqatının predmeti məhz avtomobil deyil, digər “rəy” - “Xəzər Avtoservis” Mərkəzinin qüsur aktı olmuşdur. Lizinq obyekti lizinq verənə geri qaytarılırsa, və avtomobildən istifadə və sahibliyə görə həmin vaxtadək şərtləşdirilmiş bütün lizinq ödənişləri lizinq alandan tələb olunursa, bu zaman daha əlavə 239.03 manat mükafatın və 20.0 manat dəbbə pulunun tutulması ədalətli deyil. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi C.Hüseynov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1335 saylı daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Runna” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, (2013-cü il buraxılışlı, NAAU01FEXET035749 ban nömrəli, 160B0065997 mühərrik, boz rəngli) avtomobil lizinq müqaviləsinə şərtlərinə uyğun olaraq 9550 manata lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş 1335 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, Cavabdeh lizinq müqaviləsi üzrə müəyyən olunmuş 12258,97 manat məbləği, illik 17% olmaqla, aylıq 340,54 manat olmaqla 36 ay müddətinə ödəməlidir. İş materiallarına əlavə olunmuş «Xəzər Avtoservis» şirkəti tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Runna” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün cəmi 2732 manat məbləğində pul vəsaiti tələb olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Runna” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıqlardan görünür ki, cavabdehə lizinq müqaviləsi üzrə öhdəliklərin tam ödənilməsi, əks təqdirdə lizinq müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi və yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2017-ci il tarixli AL-1335 nömrəli daxili lizinq müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 834,69 manat əsas, 239,03 manat mükafat və həmin günə hesablanmış 309,01 manat dəbbə pulu olmaqla, cəmi 1382,73 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 14825 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə və iş materiallarında olan «Xəzər Avtoservis» Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Runna” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 2113,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. İşin hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1335 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “Runna” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq 9550 manata lizinqə verilmiş, lizinq müqaviləsinə 3 saylı əlavəyə əsasən Cavabdeh lizinq müqaviləsi üzrə müəyyən olunmuş 12258,97 manat məbləği, illik 17%-lə, aylıq 340,54 manat olmaqla 36 ay müddətinə İddiaçı MMC-nə ödəməlidir. Cavabdeh lizinq müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2018ci il tarixdə 400 manat məbləğində etmiş, bundan sonra heç bir ödəniş etməyərək müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin müqavilə şərtlərini pozması nəticəsində onun xx.xx.2018-ci il tarixə İddiaçı MMC-nə 834,69 manat əsas, 239,03 manat mükafat və həmin günə hesablanmış 309,01 manat dəbbə pulu olmaqla, cəmi 1382,73 manat borcu yaranmışdır. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən 309.01 manat dəbbə pulunun tənasübsüz şəkildə yüksək olması səbəbindən azaldılaraq 20 manat müəyyən etməklə doğru nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya iş materiallarını araşdırıb, tərəfi dinləyib, həmçinin apellyasiya şikayətinin məzmununa əsasən hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən, 834,69 manat əsas, 239,03 manat mükafat və həmin günə hesablanmış 20 manat dəbbə pulunun tutulması hissəsində, qeyd olunan borcun ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən və iş materiallarında aşkar edilmədiyindən mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, lizinq obyektinə vurulmuş maddi zərərin aradan qaldırılması üçün təmir-bərpa işlərinə sərf olunmuş 2113 manat pulun cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı deyildir. Belə ki, lizinq obyektinin qaytarılması zamanı cavbdehin iştirakı ilə təhvil-təslim aktı tərtib edilmədiyindən sonradan ekspertizaya təqdim edildikdə lizinq obyektinə ziyan dəyməsi aşkar edilsə də, təhvil verilən zaman ziyanın vurulmuş olub-olmadığını aşkar etmək mümkün deyildir və lizinq obyektinə cavabdeh tərəfindən maddi ziyan vurulması sübut edilmiş hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəymiş zərərə görə 2113 manat pulun ödənilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəymiş zərərə görə 2113 manat pulun ödənilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar