Məhkəmə qərarları › İş №2(103)-6820/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6820/2021

18.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6820/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2016 saylı, iş üzrə 26 yanvar 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK DƏDRX-in Bakı şəhər Ərazi idarəsinə qarşı iddia qaldıraraq Cavabdeh2 ilə X19 arasında Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi) dair 06 yanvar 2012-ci il tarixdə bağlanmış “Daşınmaz Əmalkın Alqı-Satqı müqaviləsi”ni etibarsız hesab edərək, miras qoyan X8 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinin 1/z hissədən ibarət payına İddiaçı vərəsəlik və mülkiyyət hüququnun tanınması və buna müvafiq olaraq adına mülkiyyət hüquqları barədə müvafiq qeydiyyatının aparılmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə həvalə edilməsi, həmçinin, həmin qeyri-yaşayiş sahəsindən Cavabdeh1 və digər şəxslərin çıxarılması və boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddia qaldıraraq Cavabdeh2 ilə X19 arasında Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinə dair 06 yanvar 2012-ci il tarixdə bağlanmış “Daşınmaz Əmalkın Alqı-Satqı müqaviləsi”ni etibarsız hesab edərək, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edərək bölünməsi, həmin qeyri-yaşayış sahəsinin hissədən ibarət payına X5 mülkiyyət hüquqlarının tanınması və buna müvafiq olaraq adına mülkiyyət hüquqları barədə müvafiq qeydiyyatının aparılmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə həvalə edilməsi, həmçinin, həmin qeyri yaşayış sahəsindən Cavabdeh1 və digər şəxslərin çıxarılması və boşadılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2016 saylı, iş üzrə 26 yanvar 2016-cı il tarixli qətnaməsi ilə hər iki iddiaının qismən təmin olunması, Cavabdeh2 ilə X19 arasında Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi) dair 06 yanvar 2012-ci il tarixdə bağlanmış “Daşınmaz Əmalkın Alqı-Satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak hesab ediləərək bölünməsi və həmin qeyri-yaşayış sahəsinin ½ hissədən ibarət payına X5 mülkiyyət hüququnun tanınması və buna müvafiq olaraq adına mülkiyyət hüquqları barədə müvafiq qeydiyyatının aparılmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi, miras qoyan X8 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissədən ibarət payına İddiaçı vərəsəlik və mülkiyyət hüququnun tanınması və buna müvafiq olaraq adına mülkiyyət hüquqları barədə müvafiq qeydiyyatın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşadılması, qalan hissələrdə İddiaçı və X5 iddialarının təmin olunmaması, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş cəmi 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun həmin iddialar üzrə cavabdehlərə müştərək qaydada aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Cavabdeh3 ona maddi ziyan vurması hissəsində iddianın təmin edilməsi və onunla bağladığı 06.01.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı 7500 (yeddi min beş yüz manat) və əmlakından məhrum edilməyi nəticəsində vurduğu 50400 manat maddi ziyanın - cəmi 57900 (əlli yeddi min doqquz yüz ) manat pul vəsaitinin onun xeyrimə tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə onunla X19 arasında ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 15,8 m2 olan qeyri-yaşayış sahəsinə dair olan 06 yanvar 2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin daşınmaz əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək bölünmüş, 2/1 hissədən ibarət paya X5 mülkiyyət hüququ, 2/1 hissəyə isə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Məhkəmə iclaslarına çağırılmadığı üçün qətnamədən onun məlumatı olmamış, məlumat alandan sonra rəsmi ərizə ilə Yasamal Rayon Məhkəməsinə müracət edərək 26 noyabr 2020-ci il tarixdə qətnamə ona rəsmi olaraq təqdim edilmişdir. Qətnamə ilə razı deyil və aşağıdakı səbəblərə görə hesab edir ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarılmış və əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, həmin mülki işə baxılarkən o mübahisələndirilən daşınmaz əmlakın mülkiyyətçisi olmağına baxmayaraq, bir dəfə də olsun məhkəmə iclaslarına çağırılmamışdır və buna görə də həmin məhkəmə prosesindən heç bir məlumatı olmamışdır. O, 2014-cü ilin yanvar ayından etibarən fakti olaraq ünvan 3 ünvanda yaşayır və həmin ünvana 06.11.2014-cü il tarixdə rəsmi qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmin ünvana məhkəmə iclasının yeri və vaxtı barədə heç bir bildiriş və ya məktub göndərilməmişdir. Ola bilər ki, məhkəmə onun 2014-cü ilədək qeydiyyatda olduğu ünvan 4 ünvanına bildiiş və ya məktub göndərmiş, lakin həmin vaxt qeyd etdiyi kimi həmin ünvanda yox, Mətbuat prospekti məhələ 3141,ev 35A, mənzil 49 ünvanda yaşamışdır və bu işlə bağlı heç bir sənədi imzalamamışdır. Bildirir ki, 2016-cı ildə Yasamal Rayon Məhkəməsində işə baxılarəkən məhkəmə onun yaşayış ünvanını dəqiqləşdirməli və bundan sonra bildirişləri və ya digər sənədləri onun ünvaıma göndərməli idi. Digər tərəfdən, Cavabdeh3 və digər proses iştirakçılarında onun telefon əlaqələri olmuşdur. Bu barədə onlar məhkəməyə məlumat verə bilərdilər. Hesab edir ki, məhkəmə onun yaşayış ünvanını aydınlaşdırmağa borclu idi və yalnış ünvana məktub və bildirişlər göndərməli deyildi. Qeyd etdiyi kimi, bu hal qanun pozuntusu sayılır və nəticədə məlumatı olmadan mülkiyyət sənədi ləğv edilmiş, onun mülkiyyət hüququ pozulmuş və əmlakından məhrum olmuşdur. Qətnamədən görünür ki, (4-cü səhifə) Cavabdeh3 30.09.2009-cu ildə ölmüş atası X13 adından 3 ildən sonra, yəni 06.01.2012-ci il tarixdə saxta və qüvvəsi olmayan etibarnamə əsasında onunla ünvan 6 ünvanda yerləşən sahəsi 15,8 m2 olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlamışdır. İşə baxan hakim həmin müqaviləni bağlayan Cavabdeh3 müqavilə bağlamağa heç bir səlahiyyəti olmamasını qətnamədə qeyd etmiş, həmin əsasla müqaviləni ləğv etmiş, lakin Cavabdeh3 ona müqavilə bağlayarkən müqavilə dəyəri olan 7500 manat məbləğində ziyan vurmasını, əmlakından məhrum edilməsi nəticəsində dəymiş zərəri nəzərə almamış və bununla bağlı Cavabdeh3 əməlində cinayət tərkibinin olub-olmamasını araşdırmamışdır. Hesab edir ki, bu hissədə də işə baxan məhkəmə maddi normaların pozulması və digər pozuntulara yol vermişdir. Çünki, Azərbaycan Respublikası MM-nin əqdlərin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Ölmüş atasının adından saxta etibarnamə əsasında ona daşınmaz əmlak satan Cavabdeh3 ondan müqavilə əsasında hətta aldığı 7500 manat pul məbləğini belə ona məhkəmə qətnaməsi ilə qaytarılmamışdır. Bundan başqa, apellyasiya şikayətinə əlavə etdiyi «Əmlak Bazarı İştirakçılar» İctimai Birliyindən verilmiş qiymətləndirmə sənədindən görünür ki, qeyd edilən əmlakın icarəsindən əldə edilə bilən gəlir 2012-2013-cü illər üçün aylıq 1100 manat, 2014-2015-ci illər üçün 1000 manat, 2016- 2017- 2018-ci illər üçün 900 manat olmuşdur. Bununla da, Cavabdeh3 qeyri-yaşayış sahəsinin satışının qanunsuz olduğunu bilə-bilə həmin əmlakı satmaqla ona 7500 manat məbləğində ziyan vurmaqla yanaşı, 2012-ci ilin yanvar ayından ən azı 2016-cı ilin yanvar ayınadək (Yasamal Rayon Məhkəməsinin 06.01.2012-ci il tarixli müqavilənin ləğvinə dair məhkəmə qətnaməsi çıxarılan tarixədək) 4 il müddətində qanunsuz olaraq qeyri-yaşayış sahəsindən özü və ailə üzvləri çıxmamaqla ona böyük məbləğdə maddi ziyan vurmuşdur. Həmin müddətdə göstərilən səbəblərə görə o özünə məxsus olan qeyd edilən qeyriyaşayış sahəsindən faydalana bilməmiş, ondan istifadə edə və icarəyə verə bilməmişdir. Qiymətləndimə sənədinə görə 2012-2013-cü illərdə 24 ay üçün 26 400 manat (1100 AZN x 24 ay = 26400 AZN), 2014-2015-ci illər üçün 24 000 manat (1000 AZN x 24 ay = 24 000 AZN), ən azı cəmi 50 400 manat məbləğndə əlavə ziyan vurmuşdur. Notarial qaydada qanunsuz müqavilə bağlamaqla ondan aldığı 7500 manatla birlikdə Cavabdeh3 ona vurduğu maddi ziyanın məbləği cəmi 57 900 manat (7500+ 50400 = 57 900 AZN) təşkil edir. Bundan əlavə, Yasamal Rayon Məhkəməsində onun iştirakı olmadan həmin işə baxılarkən Cavabdeh3 əməlində cinayət əlamətlərinin olmasına baxmayaraq, onun əməlinə və 06.01.2012-ci il tarixli alıq-satqı müqaviləsini rəsmiləşdirmiş notarius Rəşadət Sadıqovun qanun pozuntularına yol verməsinə hüquqi qiymət verilməmiş, həmin şəxslərin barəsində xüsusi qərardadın çıxarılması zəruri olduğu halda, buna əhəmiyyət verilməmişdir. Hesab edir ki, qeyd edilən hallar məhkəmə baxışı zamanı tam şəkildə araşdırılmalı və təqsirkar şəxslərin əməllərinə düzgün və ədalətli hüquqi qiymət verilməli idi. Bir daha bildirir ki, Yasamal Rayon Məhkəməsində Cavabdeh3 tərəfindən ona maddi ziyanın vurulması aşkar edilmiş, lakin məhkəmə onun əmlakının cavabdehin qanunsuz əməlləri nəticəsində əldən çıxmasını nəzərə almamış, cavabdehin qanunsuz hərəkətləri nəticəsində şikayətdə qeyd edilmiş böyük məbləğdə ziyana düşməyini nəzə almamış, bununla da maddi və prosessual hüquq normalarının pozulmasına yol verməklə mahiyyət etibarı ilə düzgün olmayan qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili X17 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Buna görə də məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh mübahisələndirmişdir. İddiaçılar isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2016 saylı, iş üzrə 26 yanvar 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 19.09.2015-ci il tarixli bank qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 manat dövlət rüsumu ödənilmişdir; İş materiallarında olan 26.11.2015-ci il tarixli bank qəbzinə əsasən müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 manat dövlət rüsumu ödənilmişdir; İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 13.10.2009-cu ildə verilmiş AZ-İ seriyalı 381627 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X19 30.09.2009-cu il tarixdə ölmüşdür; İş materiallarında olan Lənkəran rayon WAQ şöbəsi tərəfindən 30.04.1954-cü ildə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən X19 10.10.1934-cü ildə Lənkəran şəhərində anadan olmuş, atası X14, anası X9r; İş materiallarında olan Astara rayon WAQ şöbəsi tərəfindən 20.12.1972-ci ildə verilmiş A3 Seriyalı 184394 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X19 12.08.1965-ci il tarixdə X12 ilə nikaha daxil olmuşlar; İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon WAQ şöbəsi tərəfindən 10.11.1966-cı ildə verilmiş A3 seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.1966-ci il tarixdə Bakı şəhərində anadan olmuş; İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon WAQ şöbəsi tərəfindən 10.11.1966-cı ildə verilmiş İ-X4F seriyalı 257847 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X26 10.08.1971 -ci il tarixdə Bakı şəhərində anadan olmuşdur; İş materiallarında olan Lənkəran rayon qeydiyyat şöbəsinin 07.10.2015-ci il tarixli arayışına əsasən X20 02.10.2001-ci ildə vəfat etmişdir; İş materiallarında olan Lənkəran rayon qeydiyyat şöbəsinin 07.10.2015-ci il tarixli arayışına əsasən Nəsirli Qəzənfər ibrahim oğlu 06.03.1991-ci ildə vəfat etmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinin 08.12.2015-ci il tarixli **********35 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən 15.8 kv.m qeyri- yaşayış sahəsi notarius R.Sadıqov tərəfindən bağlanmış 06.01.2012-ci il tarixli 4Ə- 1-02 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətlərindədir; İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu, X6 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan X27 notarial qaydada təsdiq edilmiş ərizəsində bildirmişdir ki, atası X10 30 sentyabr 2009-cu il tarixdə vəfatından sonra ondan qalmış miras əmlak paylarına miras qoyanın birinci növbə vərəsəsi və atasının anası ilə birgə hikahından olan qızı-bacısı İddiaçı tərəfindən faktiki qəbul edilib idarə edilmişdir. Eyni zamanda bildirmişdir ki, atası X8 qalmış miras əmlaka dair birinci növbə vərəsəsi kimi pay hüququnun yaranmış, miras əmlakdan bacısı İddiaçı xeyrinə imtina etmişdir və gələcəkdə həmin miras əmlaka dair iddia tələbi olmayacaqdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu, X6 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan X12 notarial qaydada tısdiq edilmiş ərizəsində bildirmişdir ki,əri X11 30 sentyabr 2009-cu il tarixdə vəfatından sonra ondan qalmış miras əmlaklara miras qoyanın birinci növbə vərəsəsi və birgə nikahlarından olan qızları İddiaçı tərəfindən faktiki qəbul edilib idarə edilmişdir. Eyni zamanda bildimişdir ki, əri X8 qalmış miras əmlaka dair birinci növbə vərəsəsi kimi pay yaranmamış, miras əmlakdan qızı X18 xeyrinə imtina edir və gələcəkdə həmin miras əmlaka dair iddia tələbi olmayacaqdır. İş materiallarında olan X19 adından etibarnaməyə əsasən Cavabdeh3 ilə Cavabdeh2 arasında 06.01.2012-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən 15.8 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh2 7500 manata satılmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən 15.8 kv.m qeyri-yaşayış sahəsi 08.12.2007-ci ildə X10 adına qeydə alınmışdır; İş materiallarında olan X19 16.11,2007-ci il tarixli etibarnaməyə əsasən X22 əmlaklarına dair idarə edilməsi, sərəncam verilməsi ilə bağlı və digər səlahiyyətlər nəzərdə tutan etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.2, 337.4 və 337.5-ci maddələrinə görə isə əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 365.1,7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir; 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2, 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər- arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:

1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması;

2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İş materialları ilə müəyyən edilmişdir ki, X19 30.09.2009-cu il tarixdə vəfat etmiş və buna görə də onun tərəfindən 16.11.2007-ci ildə oğlu Cavabdeh3 verilmiş etibarnamənin qüvvəsinə R.Nəsirovun ölməsi nəticəsində xitam verilmişdir. Beləliklə Cavabdeh3 atası X10 ölümündən sonra onun adından hərəkət etmək səlahiyyəti olmamış və Cavabdeh3 qüvvəsini itirmiş etibarnamə əsasında hərəkət edərək 06.01.2012-ci ildə X10 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən 15.8 kv.m qeyri- yaşayış sahəsi barəsində alqı-satqı müqaviləsi bağlamışdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakının vacibliyini nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh2 ilə X19 arasında Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi) dair 06 yanvar 2012-ci il tarixdə bağlanmış “Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsi birgə nikah dövründə ər- arvad olmuş X19 ilə X5 ümumi gəlirləri hesabına əldə edildiyindən hər birinin payı ½ olmaqla, X12 ilə X19 arasında bərabər bölünməli və mülkiyyət hüquqları tanınmalı və buna müvafiq olaraq X5 adına mülkiyyət hüquqları barədə müvafiq qeydiyyatının aparılmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə həvalə edilməlidir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinin miras qoyan X15 məxsus olmuş ½ hissəsi İddiaçı tərəfindən atasının 30.09.2009-cu il tarixdə vəfatından sonra faktiki qəbul olunmuş və idarə edilir. Bu faktı birinci növbə qanun üzrə vərəsələr təsdiq etmişlər. Buna görə də miras qoyan X8 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissədən ibarət payına İddiaçı vərəsəlik və mülkiyyət hüququnun tanınmalı və buna müvafiq olaraq adına mülkiyyət hüquqları barədə müvafiq qeydiyyatının aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə həvalə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanını məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna da əsaslanmaqla məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan yaşayış sahəsinin cavabdehin boşaltmaması, təhvil verməməsi iddiaçının həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri kimi X12 və İddiaçı həmin daşınmaz əmlakı öz istədiyi kimi sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə, habelə özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilərlər. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və yuxarıda sadalan qanunvericilik normalarına əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Zeynalova X4 Elza Bəşir qızı və İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlakı zəbt etməsi və zəbt etmə faktının qeyri- müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdeh1 qanunsuz müdaxiləsi nəticəsində X12 və İddiaçı mülkiyyətçilər kimi öz əmlakları üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşlar. Beləliklə məhkəmə, iş üzrə təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X1, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyri-yaşayış sahəsi X12 və İddiaçı qanuni mülkiyyətindədir. Eləcə də, həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 qanunsuz sahibliyindədir. Ona görə də qeyd olunan qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxarılmalı və qeyri-yaşayış sahəsi boşaldılaraq X12 və İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili odan ibarətdir ki, birinci instansiya məhkəməsi onun iştirakını təmin etməmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 ünvanına rəsmi bildiriş göndərilmiş və sonuncu xəbərnamə imza etməklə məhkəmə bildirişini qəbul etsə də, məhkəmə iclasında iştirak etməmişdir (səh.71). Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlili əsaslı sayıla və təmin edilə bilməz. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, Cavabdeh3 ondan müqavilə əsasında aldığı 7500 manat pul məbləği və əmlakından məhrum edilməyi nəticəsində vurduğu 50400 manat maddi ziyanı məhkəmə qətnaməsi ilə qaytarılmamışdır. Kollegiya apelyasiya şikayətinin qeyd olunan dəlililərinə münasibətdə qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri yeni iddia tələbinin əsasını təşkil edir. Qanunvericiliyin tələbi baxımından hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı halda isə cavabdehin Cavabdeh3 qarşı hər hansı iddiası olmamışdır. Apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5183/2020 saylı 03.11.20-ci il tarixli qərarından görünür ki, hazırkı iş üzrə Cavabdeh2 digər Cavabdeh3 qarşı pul və.d tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 iddiası təmin edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdir və yuxarıda qeyd edilənlərlə təkzib edilməklə həmin qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2016 saylı, iş üzrə 26 yanvar 2016cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh2 oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-604/2016 saylı, iş üzrə 26 yanvar 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar