Məhkəmə qərarları › İş №2(103)-6828/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6828/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6828/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-411/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Əşyanın alqı-satqısı haqqında müqaviləyə asasən "xxxx" MMC ilə Cavabdeh1 Rafi oğlu arasında xx.xx.2011-ci il tarixdə müqavilə bağlamış, müqaviləyə görə cavabdehə 18 ay üçün, "Blacberyy 9800" markalı 1 ədəd mobil telefonu hər ay 43 manat və 02 iyun 2011-ci il tarixdə bağlamış müqaviləyə görə "Nokia 5530" markalı 1 ədəd mobil telefonu hər ay 45 manat ödəmək şərti ilə cavabdehin istifadəsinə vermişdir. «ABC Telecom MMC ilə Cavabdeh2 arasında 02 iyun 2011-ci il tarixdə “Nokia 5530" markalı 1 ədəd mobil telefonunun alınması ilə bağlı zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2013-cü il tarixli 2(004) 411/2013 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuşdur.Hazırda Cavabdeh2 qətnamə ilə ondan tutulan məbləği mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ nömrələri **********42775 və **********22117, olan “Nokia 5530” və “BB9800” markalı mobil telefonlar üçün ümumilikdə 1530 manat (68+724 manat ödənilməmiş hissə, 45 manat+693 manat dəbbə pulu) məbləğində pulun və 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi, əlavə olaraq Cavabdeh1 123 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi və müqavilənin vaxtından qabaq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər "xxxx" MMC ilə xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli müqavilələrinə əsasən **********42775 İMEİ nömrəli və **********22117 olan Nokia 5530 və BB 9800 markalı mobil telefonlar almışlar və nəticədə 1530 manat borc yaranmışdır. Bu günədək cavabdehlərə edilmiş müraciətlər bir nəticə verməmiş və ödənilməmiş borc yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2013-cü il tarixli 2(004) 411/2013 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli əşyaların alqı-satqı müqavilələrin ləğv edilməsi, Cavabdeh1 68 manat borc və 13,60 manat dəbbə pulu, cəmi 73,60 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 724 manat borc, 144,80 manat dəbbə pulu, cəmi 868,80 manat pulun müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı "xxxx" MMC tərəfindən ödənilən 20 manat dövlət rüsumunun 61 %-nin, yəni 12 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qalan 39%-nin, yəni 8 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 404.1, 442, 448.1, 448.2, 460.1, 464.1, 467, 470.1, 472.1, 600.4, 601.1 və 601.2-ci maddələrinə istinad edərək iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddianın zamin Cavabdeh2 münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, tərəfindən hər hansı bir zaminlik müqaviləsi bağlanmamışdır, müqavilədə olan imza ona məxsus deyildir. Məhkəmə Cavabdeh2 zaminlik müqaviləsini imzalayıb-imzalamamasını müəyyən etməmişdir, həmin müqavilə üzrə ondan müştərək qaydada borcun tutulması barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında olan xx.xx.2011-ci il tarixli zaminlik müqavilə üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməlidir. Bundan başqa cavabdeh kimi məhkəmə prosesində iştirakı təmin edilməmişdir, ümumiyyətlə belə bir iddianın məhkəmədə qaldırılmasından tam xəbərsiz olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilənlərə əsasən qeyd edir ki, qətnamə cavabdeh – zamin Cavabdeh2 münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləüv edilməsi üçün əsasdır. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələblərinə əsasən Cavabdeh1 "xxxx" MMC ilə xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən **********42775 İMEİ nömrəli olan Nokia 5530 markalı,xx.xx.2011-ci il tarixli müqaviləsinə əsasən **********22117 olan "Blacberyy 9800" markalı markalı mobil telefonlar almışdır. Əşyanın alqı-satqısı haqqında müqavilələrə asasən "xxxx" MMC ilə cavabdehə 18 ay üçün, "Blacberyy 9800" markalı 1 ədəd mobil telefonu hər ay 43 manat və 02 iyun 2011-ci il tarixdə bağlamış müqaviləyə görə "Nokia 5530" markalı 1 ədəd mobil telefonu hər ay 45 manat ödəmək şərti ilə cavabdehin istifadəsinə vermişdir. Həmçinin iş materiallarından görünür ki, «ABC Telecom MMC ilə Cavabdeh2 arasında "Nokia 5530" markalı 1 ədəd mobil telefonun alğı-satqı müqaviləsinin icrasını təmin etmək üçün 02 iyun 2011-ci il tarixdə zaminlik müqavilə bağlanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyator ümimiyyətlə müqavilə imzalamamasını şikayətində göstərsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında 02 iyun 2011-ci il tarixdə zaminlik müqaviləsinə baxış keçirilərkən müqavilədəki imzanın onun tərəfindən icra edilməsini etiraf etmiş və bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəliyi icra etməyə hazır olmasını göstərmişdir. İddiaçı tələbində qeyd olunan müqavilələr üzrə yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 724 manat borc, 144,80 manat dəbbə pulu, cəmi 868,80 manat pul müştərək qaydada tutulması nəticəsinə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 Rafi oğlu arasında xx.xx.2011-ci il tarixdə müqaviləsi "Blacberyy 9800" markalı telefonla əlaqədar olmuş və bununla bağlı «ABC Telecom MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmamışdır. İş materiallarında olan «ABC Telecom MMC ilə Cavabdeh2 arasında 02 iyun 2011-ci il tarixli zaminlik müqaviləsi "Nokia 5530" markalı telefonla bağlı “ABC Telecom" MMC ilə Cavabdeh1 Rafi oğlu arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin təminatı məqsədi ilə bağlanmışdır. Belə ki, "Blacberyy 9800" markalı və "Nokia 5530" markalı telefonla bağlı “ABC Telecom" MMC ilə bağlanmış müqavilələrin tarixləri fərqlidir və yalnız "Nokia 5530" markalı telefonla bağlı müqavilə bağlanan tarixdə “ABC Telecom" MMC ilə Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır ki, bu da sonuncunun məhz həmin telefonun alınması ilə əlaqədar yaranan öhdəliklərə zamin durmasını təsdiq edir. Belə olan halda isə "Blacberyy 9800" markalı telefonla bağlı Cavabdeh2 iddiaçı qarşısında mülki məsuliyyəti olmamışdır və iddia tələbi zamin qismində Cavabdeh2 yönəlsə də, qanunvericiliyin tələblərinə əsasən cavabdehlə zaminlik müqaviləsi bağlanmadığı üçün ona qarşı iddia bu hissədə rədd olunmalıdır. Lakin məhkəmə Cavabdeh2 "Nokia 5530" markalı telefonla bağlı zaminlik müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri ilə bağlı iddia tələbinə qiymət verərək hesab edir ki, iş materiallarında olan maliyyə cədvəlinə əsasən ödənilməmiş məbləğ olan 68 manat cavabdehlərdən müştərək tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, həmin telefonun ödənişi ilə bağlı 45 manat dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan Mülki Məcəllənin 467-ci maddəsinə əsasən kreditorun mənafeyi və işin digər halları nazara alınmaqla dəbbə pulunun məbləği 12 manatadək azaldılmaqla cavabdehlərdən 80 manat müştərək tutulmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi "Blacberyy 9800" markalı telefonla bağlı zaminə münasibətdə rədd edilməli, "Nokia 5530" markalı telefonla bağlı “ABC Telecom" MMC ilə Cavabdeh1 Rafi oğlu arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq "Nokia 5530" markalı telefonun alınmasında ödənilməmiş 68 manat və 12 manat dəbbə pulu, yəni, 80 manat cavabdehlərdən müştərək tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2013-cü il tarixli 2(004) 411/2013 saylı qətnaməsi mübahisələndirilən hissədə-Cavabdeh2 münasibətdə ləğv edilsin. İddia tələbi "Blacberyy 9800" markalı telefonla bağlı xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh2 münasibətdə rədd edilsin. İddia tələbi xx.xx.2011-ci il tarixli müqavilə üzrə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il tarixli müqavilə üzrə "Nokia 5530" markalı telefonla bağlı yaranmış 80 manat borc müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar