Məhkəmə qərarları › İş №2(103)-6831/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6831/2023

05.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6831/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mahmud oğlunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qiymətləndirmə protokolunun və əmlakın hərracdan satılması barədə müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli qətnamədən İddiaçı Mahmud oğlunun verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məmmədov Seymur Əliyusif oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Mahmud oğlu cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə Eldar küçəsi, bina № 14-də yerləşən 8 №-li mənzilin qiymətləndirilməsinə dair cavabdeh Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli 264/22 nömrəli protokolunun və mənzilin həmin hərrac protokolu əsasında cavabdeh Hərrac Mərkəzi tərəfindən cavabdeh Banka satılmasına dair “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(006)-190/2018) əsasında verilmiş icra vərəqəsinə əsasən borclu (hazırki iş üzrə iddiaçı) İddiaçı cəmi 70.089,35 ABŞ dolları məbləğində pul tutularaq tələbkar (hazırki iş üzrə cavabdehlərdən biri olan) Banka ödənilməli, tələb ipoteka predmetinə - iddia ərizəsində qeyd edilən mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılaraq, satışdan əldə oluna biləcək pul vəsaiti qeyd edilən məbləğdə olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. İcra vərəqəsi icra edilməsi üçün Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdeh Hərrac Mərkəzi qeyd edilən icra vərəqəsinə əsasən mübahisəli mənzilin ilkin satış qiyməti 85.000 manat olmaqla, satış üçün açıq hərraca çıxarmış və son nəticədə mənzili 54.187,50 manata tələbkar olan Banka satmışdır. Bununla bağlı olaraq Hərrac Mərkəzi tərəfindən “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. İddiaçı hesab edir ki, ona məxsus mənzilin qiyməti 85.000 manatdan daha yüksək olmuş, lakin cavabdehlər bunu nəzərə almamışlar. Bu halın baş verməsi iddiaçının mülkiyyətçi kimi hüquqlarının kobud pozulması ilə nəticələnmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmetinin – iddiaçıya məxsus mənzilin açıq hərracdan satılması üçün əsas qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi olmuşdur. Həmin qətnamə ilə qət edilmişdir ki, açıq hərracdan satılması üçün mənzilin ilkin satış qiyməti 85.000 manat müəyyən edilsin. Bu səbəbdən də mənzil məhz həmin ilkin qiymətlə açıq hərraca çıxarılmışdır. Lakin mənzilin satılması ilə bağlı təyin edilmiş birinci hərrac baş tutmamış və mənzilin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən təkrar hərraca 15% aşağı qiymətə çıaxılmışdır. Buna baxmayaraq təkrara hərrac da baş tutmamış və mənzilin satış qiyməti qeyd edilən maddəyə əsasən 25 % aşağı salınmış və bununla da, mənzilin satış qiyməti 54.187,50 manat müəyyən edilmişdir. Keçirilən hərraclar baş tutmadığına görə mənzil “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən ipoteka saxlayan olan Banka həmin qiymətlə təklif edilmiş, Bank mənzili almış və bu zaman “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə əsasən, Bank, alış qiymətini ödəməkdən azad olunmuşdur. Hərrac “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin tələblərinə uyğun qaydada keçirilmişdir. İddianın təmin edilməsi üçün əsas yoxdur. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat

7. İddiaçı və cavabdeh Hərrac Mərkəzinin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

8. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(006)-190/2018) əsasında verilmiş icra vərəqəsindən görünür ki, borclu (hazırki iş üzrə iddiaçı) İddiaçı cəmi 70.089,35 ABŞ dolları məbləğində pul tutularaq tələbkar (hazırki iş üzrə cavabdehlərdən biri olan) Banka ödənilməli, tələb ipoteka predmetinə - iddia ərizəsində qeyd edilən mənzilə yönəldilməli, mənzil ilkin satış qiyməti 85.000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə oluna biləcək pul vəsaiti qeyd edilən məbləğdə olan kredit borcunun ödənilməsinə yönəldilməlidir.

11. İş materiallarından görünür ki, icra vərəqəsi icra edilməsi üçün Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir.

12. Hərracın keçirilməsinə dair cavabdeh Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli, 264/22 nömrəli bildirişdən görünür ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı hərrac xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Mənzilin ilkin satış qiyməti bildirişdə “85.000 manat” göstərilmişdir.

13. Surətli poçt daşıma xidmətini həyata keçirən "xxxx" Şirkətinin 089157 saylı qəbzindən görünür ki, Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli, 264/22 nömrəli bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim edilmişdir.

14. “Market” qəzetinin xx.xx.2022-ci il tarixli sayından görünür ki, Hərrac Mərkəzi, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı hərracın xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan vermişdir. Mənzilin ilkin satış qiyməti elanda “85.000 manat” göstərilmişdir.

15. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.

16. Hərracın keçirilməsinə dair cavabdeh Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli, 264/22 nömrəli bildirişdən görünür ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı ikinci hərrac xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Mənzilin satış qiyməti bildirişdə “72.250 manat” göstərilmişdir.

17. Surətli poçt daşıma xidmətini həyata keçirən "xxxx" Şirkətinin 089157 saylı qəbzindən görünür ki, Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli, 264/22 nömrəli bildirişin iddiaçıya təqdim edilməsi, ünvanda yaşayan şəxslərin evdə olmaması səbəbindən mümkün olmamışdır.

18. “Market” qəzetinin xx.xx.2022-ci il tarixli sayından görünür ki, Hərrac Mərkəzi, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı təkrar hərracın xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan vermişdir. Elanda həmçinin qeyd edilmişdir ki, mənzilin satılması ilə bağlı xx.xx.2022-ci il tarixdə təşkil edilmiş hərrac baş tutmamışdır. Mənzilin satış qiyməti elanda “72.250 manat” göstərilmişdir.

19. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.

20. “Market” qəzetinin xx.xx.2022-ci il tarixli sayından görünür ki, Hərrac Mərkəzi, xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş açıq hərracın baş tutmaması barədə elan vermişdir.

21. İş materiallarından görünür ki, mübahisəli mənzil açıq hərracdan satılmadığından Hərrac Mərkəzi mənzilin 54.187,50 manata alınmasını ipoteka saxlayan olan Banka təklif etmiş, Bank da bu təklifi qəbul etmişdir. Bununla bağlı olaraq xx.xx.2022ci il tarixdə Hərrac Mərkəzinin direktoru, Bankın nümayəndəsi və yuxarıda qeyd edilən icra vərəqəsi üzrə icra hərəkətlərini həyata keçirən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” protokol tərtib etmişlər.

22. Hərrac Mərkəzinin direktoru və Bankın nümayəndəsinin bağladıqları xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə” müqavilədən görünür ki, Bank, həmin mənzili 54.187,50 manata almışdır.

23. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı bildirir ki, ona məxsus mənzilin qiyməti 85.000 manatdan daha yüksək olmuş, lakin cavabdehlər bunu nəzərə almamışlar. Bu halın baş verməsi iddiaçının mülkiyyətçi kimi hüquqlarının kobud pozulması ilə nəticələnmişdir.

24. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, hazırki iddia ərizəsində qeyd edilən dəlillər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi icraatında olmuş 2(006)-190/2018 saylı mülki işin baxılması zamanı araşdırılmış və həmin dəlillərə qiymət verilmiş, bununla bağlı həmin məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixdə qətnamə qəbul edilmiş, həmin qətnamənin əsaslılığı yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmış, qətnamə dəyişdirilmədən saxlanılmış və bu səbəbdən qətnamə qanuni qüvvəsini almışdır.

25. Həmin qətnamədən görünür ki, iddiaçıya məxsus olan mübahisəli mənzilin ilkin satış qiyməti 85.000 manat müəyyən edilmişdir.

26. MPM-in tələblərinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.). Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (maddə 233.3.).

27. Göstərilən prosessual normaların tələbləri baxımından çıxış edən Məhkəmə bildirir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-190/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə hazırki iş üzrə preyudisial xarakter daşıyır və bu səbəbdən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü bu, yeni iddianın dəlilləri bir daha araşdırılmalı deyil. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

28. Daha sonra Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə görə, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

29. Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

30. İşin hallarından müəyyən edilir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 85.000 manat olmuşdur, lakin satılmadığı üçün mənzil təkrarən hərraca çıxarılmış, mənzilin təkrar hərracdakı qiyməti (15% azaldılmaqla) 72.250 manat olmuşdur. Təkrar hərracda da satılmadığı üçün sonra ipoteka saxlayana – Banka təkrar hərracdakı satış qiymətindən 25 % az olmayan qiymətə - 54.187,50 manata təklif olunmuşdur.

31. Məhkəmə hesab edir ki, əmlakın qiymətinin yuxarıda qeyd edilən qaydada hesablanaraq müəyyən edilməsi qanunun tələblərinə uyğun olmuş; iddiaçının mənzilin qiymətinin qanunsuz olaraq aşağı salınması barədə dəlilləri əsassızdır; Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur.

32. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı Mahmud oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar