Məhkəmə qərarları › İş №2(103)-6831/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6831/2024

24.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6831/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7 Vähid qızına, Cavabdeh13 Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9, Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 qarşı iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamələrin, əqdlərin, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı1 və onun, eləcə də digər iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 və Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 24 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Əminə Nəcəfqulu qızı iddiaçıların və cavabdehlərin doğma nənəsidir. O, iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyn qızının doğma ataları Hüseyn Şahpələng oğlunun doğma anasıdır. Əminə Nəcəfqulu qızı xx.xx.1984-cü il tarixdə ölmüş, ondan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsi (bundan sonra – mübahisəli əmlak) miras qalmış, xx.xx.2019-cu il tarixdə iddiaçıların atası Hüseyn Şahpələng oğluna vərəsəlik şəhadətnaməsi verilmiş, sonuncu isə əmlakı İddiaçı1 bağışlamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 və digərlərinə miras əmlaka dair vərəsəlik şəhadətnamələri verilmişdir. Sonradan miras qoyan Əminə Nəcəfqulu qızının mirasdan pay almamış vərəsələrin iddia tələbləri əsasında Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin şəhadətnamə və bağışlama müqaviləsi etibarsız hesab edilərək, hər birinin payı 1/16 hissədən ibarət olmaqla ümumilikdə 16 vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh3 və digərlərinə miras əmlaka dair vərəsəlik şəhadətnamələri verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 287/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Konrotu tərəfindən Hüseyn Şahpələng oğluna verilmiş 25 may 2019-cu il tarixli, reyestrdə 2V-172 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, 14 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli, Hüseyn Şahpələng oğlunun adına verilmiş çıxarış etibarsız hesab edilmiş, 04 dekabr 2019-cu il tarixli, reyestrdə 4Ə- 411 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilmiş, 08 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli İddiaçı1 adına verilmiş çıxarışın etibarsız hesab edilmiş, bağ sahəsi (üzərindəki tikililər) - miras əmlakı iddiaçılar Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, X1, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2 qızı, Cavabdeh7, Cavabdeh13, Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı icra vərəqəsi ilə və sözü gedən qətnamə icra edilməsi üçün göndərilmiş və Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə, xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızının vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7, Cavabdeh13, Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh9 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(001)-287/2022 nömrəli icra vərəqəsinə əsasən miras əmlak olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinə onların hər biri 1/16 irs almış, bundan əlavə Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə xx.xx.1984-cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızının vərəsələri Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(001)-287/2022 nömrəli icra vərəqəsinə əsasən miras əmlak olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinə onların hər biri 1/48 hissədə pay almışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Novxanı bağ massivi, 223 saylı bağ sahəsi (0.25 ha) Cavabdeh3 1/16 hissə, Cavabdeh4 1/16 hissə, Cavabdeh8 1/16 hissə, Cavabdeh6 1/16 hissə, Cavabdeh16 1/16 hissə, Cavabdeh15 1/16 hissə, Cavabdeh2 1/16 hissə, Cavabdeh7 1/16 hissə, Cavabdeh13 1/16 hissə, Cavabdeh5 1/16 hissə, Cavabdeh12 1/16 hissə, Cavabdeh1 1/16 hissə, Cavabdeh10 1/16 hissə, Cavabdeh11 1/16 hissə və Cavabdeh9 1/16 hissə, Cavabdeh17 1/48 hissə, Cavabdeh14 1/48 hissə və Cavabdeh18 1/48 hissə xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi adlarına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6, Cavabdeh16, Cavabdeh15, Cavabdeh2, Cavabdeh7, Cavabdeh13 Cavabdeh5, Cavabdeh12, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh9 verilmiş 14 iyul 2023-cü il tarixdə 2V-175 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehlər Cavabdeh17, Cavabdeh14 və Cavabdeh18 verilmiş 14 iyul 2023-cü il tarixdə 2V-176 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 14 iyul 2023-cü il tarixdə 2V-175 və 2V-176 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdelərin adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixli reyestrdə 4Ə-125 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”, 4Ə126 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, 4Ə-127 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, 4Ə-128 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”, 4Ə-129 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və 4Ə-130 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.1984- cü il tarixdə vəfat etmiş Əminə Nəcəfqulu qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 223 saylı (keçmiş 299b) bağ sahəsində yerləşən 0,25 ha torpaq sahəsinə qanun üzrə vərəsə hüquqlarının tanınması və payların müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, paylı mülkiyyət üzrə hissələr düzgün müəyyən edilmədiyindən qeyd etdikləri cavabdehlər arasında bağlanmış alqı-satqı və bağışlama müqavilələri etibarsızdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4599/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin olunmamışdır.

6. Məhkəmənin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, İddiaçı1 birinci və apellyasiya instansiyalarında keçirilən məhkəmə iclaslarında iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsının Mülki kollegiyasının qərarından isə əlavə kassasiya şikayəti vermişdir. Butün bu hallar ona dəlalət edir ki, iddiaçılar mübahisəli şəhadətnamələrin verilməsinə əsas olmuş məhkəmə aktlarından və bundan sonra cavabdehlərə verilmiş 14 iyul 2023-cü il tarixli 2V -175 reyestr və 2V -176 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrdən məlumatlı olmuşlar. Bundan 7 ay sonra iddiaçılar xx.xx.2024-cü il tarixdə 18 saylı notariat ofisinə, 9 ay sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Aqentliyinə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnamələri və həmin sahəyə verilmiş daşınmaz əmlakın dövlət reyetrindən çıxarışla bağlı müraciətlər etmiş və onlara yuxarıda qeyd olunan cavablar verilmişdir. Məhkəmə Mülki Məcəllənin 1272-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə icra sənədi verildikdən sonra, iddiaçılar ən azından 16.02.24-cü ildə 18 saylı notarusa müraciət edərkən artıq mübahisəyə əsas verən şəhadətnamələrdən məlumatlı olmuş və bundan yalnız 5 ay sonra xx.xx.2024-cü ildə iddia qaldırmaqla qanunla müəyyən edilmiş müddəti ötürmüşlər.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5, 1134.1, 1159, 1243, 1248.1, 1255, 1272, 1273-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a. Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müddətin ötürülməsinin başqa məhkəmə qətnaməsi ilə əlaqələndirilməsi əsassızdır. Həmin qətnamədən görünür ki, mühabisə predmeti iddiaçıların nənəsindən miras qalmış pay huququ olmamışdır. Həmin mübahisənin predmeti İddiaçı1 mübahisəli əmlakın mülkiyyətçisi olması, mülkiyyət sənədinin ləğv edilməsi və hazırki iş üzrə cavabdehlərin əmlakın faktiki qəbul edilməsi barədə tələbləri olmuşdur. Yəni, İddiaçı1 nənəsi Əminə Nəcəfqulu qızının vərəsəsi olub-olmaması mübahisə predmeti olmamışdır. Bundan əlavə, məhkəmənin istinad etdiyi mübahisə hələ bitməmişdir. Belə ki, daha əvvəl Binəqədi Rayon Məhkəməsinin 2(001)-287/2022 saylı mülki işə görə Binəqədi rayon məhkəməsinin icraatında olan 2(001)-2482/2021-saylı mülki iş üzrə icraat dayandırılmış, daha sonra məhkəmə tərəfindən icraat təzələnmiş və onun baxılması xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. İddiaçılar İddiaçı1 həmin iş üzrə iddia tələblərini dəyişdirməklə nənəsi Əminə Nəcəfqulu qızından miras qalan Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən 0,25 ha ərazisində olan 223/299-b saylı bağ (torpaq) sahəsinə qanun üzrə vərəsə hüquqları tanınması və payların müəyyən edilməsi tələbləri irəli sürmüşdür. Lakin, sonradan, həmin işin icraatı baxılmamış saxlanılmış və iddiaçılar sübutları topladıqdan sonra hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin istinad etdiyi mülki iş üzrə qəbul edilmiş qərardan Avropa məhkəməsinə müraciət edilmişdir. Yəni, İddiaçı1 öz mülkiyyət hüquqlarının pozulması ilə bağlı mübahisəsini davam etdirdiyindən eyni zamanda vərəsə kimi mirasın qəbulu ilə bağlı müraciət edilməsi qeyri-mümkündür. İddiaçılar isə mirasdan imtina etməmişlər və miras əmlakla bağlı mübahisələrini davam etdirmişlər. Mirasın qəbul edilməsi məqsədilə notariusa müraciət etsələr də, notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən olunması və razılığının alınması istiqamətində iş düzgün aparılmamışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında şərh edilən göstərişlərə əməl etmədən və ümumiyyətlə nəzərə almadan, iddia tələblərini ətraflı araşdırmadan tələsik qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

12. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi.

13. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Madə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə iş üzrə iddiaçılar tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

19. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Mülki Məcəllənin 1272-ci maddəsinə istinad etmişdir.

20. Sözügedən maddəyə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 287/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci iİ tarixdə verilmiş 2/QG1K 287/2022 nömrəli icra vərəqəsinə əsasən Baki şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə dair müvafiq cavabdehlərin hər birinin miras əmlakdan 1/16 və 1/48 irs almalı olmalarına dair 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 14 iyul 2023-cü il tarixli 2V -175 reyestr və 2V -176 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir.

22. Göründüyü kimi, yuxarıda qeyd olunan mülki iş üzrə cavabdeh olmuş İddiaçı1 birinci və apellyasiya instansiyalarında keçirilən məhkəmə iclaslarında iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsının Mülki kollegiyasının qərarından isə əlavə kassasiya şikayəti vermişdir.

23. Butün bu hallar ona dəlalət edir ki, iddiaçılar mübahisəli şəhadətnamələrin verilməsinə əsas olmuş məhkəmə aktlarından və bundan sonra cavabdehlərə verilmiş 14 iyul 2023-cü il tarixli 2V-175 reyestr və 2V-176 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrindən məlumatlı olmuşlar. Bundan 7 ay sonra iddiaçılar xx.xx.2024-cü il tarixdə 18 saylı notariat ofisinə, 9 ay sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə, xx.xx.2024cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Aqentliyinə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnamələri və həmin sahəyə verilmiş daşınmaz əmlkaın dövlət reyetrindən çıxarışla bağlı müraciətlər etmişlər.

24. Məhkəmə Mülki Məcəllənin 1272-ci maddəsinin tələblərini nəzərə alaraq haqlı olaraq qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 287/2022 saylı qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə icra sənədi verildikdən sonra, iddiaçılar ən azından 16.02.24-cü ildə 18 saylı notariusa müraciət edərkən artıq mübahisəyə əsas verən şəhadətnamələrdən məlumatlı olmuş və bundan yalnız 5 ay sonra xx.xx.2024-cü ildə iddia qaldırmaqla qanunla müəyyən edilmiş müddəti ötürmüşlər.

25. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi iddiaçılar tərəfindən vərəsəlik şəhadətnamələrinin mübahisələndirilməsi müddəti keçməmiş olsaydı belə, yenə də təmin edilə bilməzdi.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-287/2022 saylı qətnaməsinin çıxarıldığı iş üzrə məhkəmə baxışının predmeti İddiaçı1 adına verilmiş mülkiyyət sənədinin ləğv edilməsi olsa da, sözügedən mülkiyyət sənədinin verilməsinə əsas bağışlama müqaviləsi olmuşdur. Bağışlama müqaviləsi isə İddiaçı1 atasınının adına verilmiş vərəsəlik şəhadətnaməsi əsasında bağlanmışdır. Dolayısı ilə İddiaçı1 adına verilmiş çıxarış etibarsız hesab olunarkən, həmçinin həmin iş üzrə iddiaçıların mirası qəbul etməsi məhkəmə qaydasında müəyyən edilərkən İddiaçı1 hüququnun pozulduğunu bilirdi.

28. Digər tərəfdən, qanuni qüvvəyə minmiş həmin qətnamə ilə iddiaçıların atası Hüseyn Şahpələng oğlunun öz anasına münasibətdə mirası qəbul etmədiyi müəyyən olunmuşdur. İddiaçılar hazırkı işdə mərhum nənələrindən miras qalmış əmlakdan vərəsəlik qaydasında onlara pay verilməsini tələb edirlər. Halbuki, onlar birbaşa nənələrindən miras qalmış əmlakdan pay ala bilməzlər. Onların bu hüquqları atalarının mirasdan pay alıbalmamasından asılı olmaqla törəmə hüquqdur. Atalarının mirası qəbul edib-etməməsi isə yuxarıda qeyd olunduğu kimi, başqa bir mülki işdə araşdırılmış və həmin məsələyə qiymət verilmişdir. İşdən göründüyü kimi, iddiaçıların atası Hüseyn Şahpələng oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir.

29. MPM-in 82.3-cü maddəsinə görə isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Hazırkı iş üzrə iddiaçı olan İddiaçı1 həmin mülki işdə mübahisə tərəfi olduğundan adı çəkilən məhkəmə qətnaməsi ən azı ona münasibətdə preyudisiallıq keyfiyyəti daşıyır.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarının hazırkı mübahisəyə tətbiq olunmaması ilə bağlı dəlilə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə miras qoyan 1984cü ildə vəfat etdiyindən birinci instansiya məhkəməsi bu qərara istinad etməməkdə haqlı olmuşdur.

32. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas vermir.

33. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar