Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6835/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Talışınski Fuad Şəmsəddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Bakı şəhər X5 İK-nin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. Bakı şəhər X5 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarına əsasən, Ərizəçi Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılmış, Bakı şəhər X5 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarını almaq üçün o, Dövlət Arxivinin Bakı filialına müraciət etdi. Arxivdən aldığı Bakı şəhər X5 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarından arxiv çıxarışına nəzər saldıqda müəyyən etdi ki, həmin sənəddə onun adı səhvən “Gülsüm” kimi yazılmışdır. Sözügedən sənəddə olan səhvin düzəldilməsi üçün ərizəçi ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda təqdim edilən sənədlərin arxiv məlumatları əsasında yazıldığı qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti sözü gedən sənəddə olan səhvin düzəldilməsini təmin etməmişdir. Göründüyü kimi Bakı şəhər X5 İKnin 27 mart 1991-ci il tarixli, 3/318 saylı qərarında ərizəçinin adı səhvən “Gülsüm” kimi yazılıb. Bu səbəbdən də ona ayrılmış torpaq sahəsini sənədləşdirə bilmir. Baş vermiş yalnışlığın aradan qaldırılmasının başqa yolu olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Adilə Paşayeva) ilə ərizə təmin edilməmişdir.
4. Ərizəçi rayon məhkəməsinin qətnaməsi ilə razılaşmamış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Ərizəçi apellyasiya şikayətində rayon məhkəməsi tərəfindən işin hərtərəfli və tam araşdırılmamasına, maddi və prosessual hüquq normalarının pozulmasınıa istinad etmiş, bu səbəbdən, qətnamənin ləğv edilməsi və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Bakı şəhər X5 İK-nin 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarının surətindən görünür ki, X2 Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılmışdır.
9. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li orderin surətindən görünür ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən Ərizəçi Maştağa Bağlar sahəsində 50 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 341 № bağ ayrılıb.
10. Ərizəçi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış ərizədən məlum olur ki, o, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarında onun adında buraxılmış yanlışlığın düzəldilərək, “Gülüş” kimi yazılmasının təmin edilməsini xahiş etmişdir.
11. Həmin ərizəyə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, arxiv sənədlərinə düzəliş edilməsi barədə ərizəyə baxılmış, tərtib edilən sənədlərin arxiv məlumatlarına əsasən tərtib edilməsinin nəzərə alınması xahiş edilmişdir.
12. Tətbiq edilən maddi hüquq norması:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
15. 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:
19. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
20. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
21. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
22. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
24. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
25. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
26. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
27. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
30. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
31. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
32. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
33. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçinin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməlidir.
36. Ərizəçinin adı AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçidır. Ərizəçi qeyd edir ki, Bakı şəhər X5 İK-nin ona Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılması barədə 27 mart 1991 -ci il tarixli, 3/318 saylı qərarında onun adı, yanlışlıqla X1 göstərilmişdir. Məhkəməyə təqdim olunan bütün sənədlərdə, həmçinin Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li orderdə də Ərizəçi qeyd olunmuşdur. Ərizəçi Bakı şəhər X5 İK-nin 27 mart 1991-ci il tarixli, 3/318 saylı qərarının ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir.
37. Ərizəni təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçinin Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li orderdə qeyd edilmiş adı ilə şəxsiyyət vəsiqəsindəki adı eynilik təsdiq edir. Hansı ki, ərizəçinin ona ayrılmış torpaq sahəsini sənədləşdirə bilməyi üçün əsas olan sənəd həmin orderdir. Bakı şəhər X5 İK-nin 27 mart 1991-ci il tarixli, 3/318 saylı qərarının isə ərizəçiyə nə məqsəd üçün lazım olduğu, həmin sənəddə göstərilən əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq orqana müraciət etməsi, habelə ona lazım olan sənədi ala bilməməsinin mümkünsüzlüyünü təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda bu faktın təsdiqinin ərizə üçün hansı hüquqi nəticəni doğuracağı məhkəməyə məlum olmadığına görə iddia tələbi təmin ouna bilməz.
38. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. Ərizəçi Bakı şəhər X5 İK-nin 27 mart 1991-ci il tarixli, 3/318 saylı ona Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılması bağlı qərarda onun adının səhvən “Gülsüm” kimi yazıldığını, həmin sənəddə olan səhvin düzəldilməsi üçün ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda təqdim edilən sənədlərin arxiv məlumatları əsasında yazıldığı qeyd edilərək, Bakı şəhər İcra Hakimiyyətinin sözü gedən sənəddə olan səhvin düzəldilməsini təmin etmədiyini, bunun nəticəsində məhkəməyə müraciət etdiyini bildirmişdir.
39. MPM-in 307.2.5-ci maddəsinə görə, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
40. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li orderin surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən Ərizəçi Maştağa Bağlar sahəsində 50 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 341 № bağ ayrılıb.
41. Kollegiya qeyd edir ki, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li orderi məhz ərizəçiyə, yəni Ərizəçi torpaq sahəsi ayrılması barədə Bakı şəhər icraiyyə komitəsinin 27 mart 1991ci il tarixli 3/318 nömrəli qərarına əsasən verilmişdir, ki bu da qeyd edilən 27 mart 1991-ci il tarixli qərarda onun adının düz gəlmədiyi halda, yəni “X2” yazılmasına baxmayaraq, həmin qərarın məhz ona, yəni ərizəçiyə məxsus olduğunu göstərir.
42. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
43. Hazırkı işdə Plenumunun Qərarının 6-cı bəndində qeyd edilən birinci tələb yəni qərarda ərizəçinin adının düz gəlməməsi, (üst-üstə düşməməsi) mövcuddur.
44. Həmin Plenum qərarının hazırkı faktla bağlı işlərdə ikinci şərti həmin sənədlərin hüquqmüəyyənedici sənədlər, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı olması ilə əlaqədardır.
45. Hazırkı işdə də Bakı şəhər X4 İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarı ərizəçiyə onun adına ayrılmış bağ sahəsi ilə bağlı mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olan olan sənəd olmaqla, hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayır.
46. Ərizəni təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçinin Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li orderdə qeyd edilmiş adı ilə şəxsiyyət vəsiqəsindəki adı eynilik təsdiq edir. Hansı ki, ərizəçinin ona ayrılmış torpaq sahəsini sənədləşdirə bilməyi üçün əsas olan sənəd həmin orderdir.
47. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və bildirir ki, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş B/S №li order Bakı şəhər X4 İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən verilmişdir. Hazırkı halda Bakı şəhər X4 İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarı hüquqmüəyyənedici sənəddir və ərizəçi də həmin sənəddə onun adının düz gəlməməsi ilə bağlı olan həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə MPM-in 307.2.5-ci maddəsinə əsasən müraciət etməkdə haqlı olmuşdur.
48. Nəhayət, üçüncü şərt məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi ilə bağlıdır.
49. Hazırkı iş materiallarından məlum olur ki, ərizəçi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış ərizədən məlum olur ki, o, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarında onun adında buraxılmış yanlışlığın düzəldilərək, “Gülüş” kimi yazılmasının təmin edilməsini xahiş etmişdir (i/v 8).
50. Həmin ərizəyə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, arxiv sənədlərinə düzəliş edilməsi barədə ərizəyə baxılmış, tərtib edilən sənədlərin arxiv məlumatlarına əsasən tərtib edilməsinin nəzərə alınması xahiş edilmişdir (i/v 9).
51. Göründüyü kimi, ərizəçiyə düzəlişlə bağlı imtina olunmuşdur, demək ki, üçüncü şərt də mövcuddur.
52. Beləliklə, rayon məhkəməsi tərəfindən, yuxarıda qeyd edilən prossessual hüquq normaları pozulmaqla, o cümlədən maddi hüquq normaları yanlış təfsir olunmaqla qətnamə qəbul edildiyindən, qətnamə ləğv edilməli, ərizə təmin edilməlidir.
53. Ərizəçi Bakı şəhər X5 İK-nin 27 mart 1991-ci il tarixli, 3/318 saylı ona Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılması ilə bağlı qərarda onun adının səhvən “X2” yazılması nəticəsində, həmin qərarın ona məxsus olmasına başqa cür nail ola bilməmişdir, belə olan halda ərizə əsaslıdır və təmin edilməli, MPM-in 307.2.5-ci maddəsinə əsasən, Bakı şəhər X4 İcraiyyə komitəsinin “X2 Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılması barədə” 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
55. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə:
56. Yuxarıda qeyd olunanlara əsasən, ərizəçinin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, Bakı şəhər X4 İcraiyyə Komitəsinin “X2 Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılması barədə” 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
58. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.
59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Ərizəçi apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və ərizə təmin edilsin. Bakı şəhər X4 İcraiyyə Komitəsinin “X2 Maştağa bağlar sahəsi, 50 saylı BTK nəzdində torpaq sahəsi ayrılması barədə” 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır Ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Fuad Talışınski Elşən Kazımov