Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-684/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi və binaya ümumi suyun verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3755/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçının fəaliyyət göstərdiyi ünvanda xx.xx.2023-cü il tarixdə sudan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğac işləmədiyi, binanın nasosxana hissəsində ağzı açıq xəttin mövcud olduğu aşkar edilmiş, həmin xəttən istifadə edilməsi ehtimalı qeyd edilmiş, bu barədə akt tərtib edilərək, dəymiş ziyanın məbləği hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMMC-yə əsassız olaraq hesablanmış 4.100 manat borcun silinməsi və binaya ümumi suyun verilməsinin dayandırılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, təxminən 1 ay bundan əvvəl "xxxx" ASC-nin Yasamal rayon şöbəsinin əməkdaşları (özlərini təqdim etməyiblər) "ünvan 1 ünvanda yerləşən Xarici İşlər Nazirliyinin işçiləri üçün tikilmiş binada yoxlama aparıblar. Yoxlama nəticəsində binanın su sayğacının işləmədiyini bildiriblər. Komendant onlardan nə etməli olduqlarını soruşduqda, cavab veriblər ki, sayğac çıxarılıb, laborator analizə göndərilmək üçün onlara veriləcək. Əgər sayğacın işləmədiyi təsdiq olunsa onlara hesab-faktura veriləcək və onun əsasında sayğacın pulunu ödəyəcəklər. Bundan sonra binaya yeni sayğac quraşdırılacaq. Bu günə kimi komendantın şöbə müdiri Məhərrəm müəllimin şəxsən qəbulunda olub müraciət etməsinə və bir neçə dəfə zəng etməsinə baxmayaraq bu günə qədər sayğac çıxarılıb onlara verilməyib. 2004-cü ildə bina istifadəyə verilən zaman qazanxanada su nasosları quraşdırılarkən, nasosun havasını çıxarmaq üçün vintil qoyulub. 20 ildir o vintil oradadır və heç vaxt istifadə edilməyib. "xxxx" əməkdaşları dəfələrlə binada yoxlamada olarkən heç vaxt onlara nöqsan kimi yazmayıblar. Lakin bu dəfə yoxlamaya gələn əməkdaşlar, vintilin işlək olmadığına əmin olsalar da, 4.100 manat cərimə yazıblar. Komendant şöbə müdiri Ramil Dövlətovun qəbulunda olub, bu haqda ona köməklik göstərməsi üçün müraciət edib. Lakin Ramil müəllim də heç bir köməklik göstərə bilməyəcəyini, cərimə ödəməli olduqlarını bildirib. Yoxlama iyun ayında həyata keçirilib. Lakin aktda tarix 1 ay qabağa, xx.xx.2023-cü il olaraq qeyd olunub. Bayram günlərində smart sayğacla olan su xəttini kəsiblər. Yayın bu qızmar günlərində 58 ailənin yaşadığı həyəti (Cəmiyyətin işçilərinin su ilə təminatı və həyətin suvarılması bu su xətti ilə həyata keçirilirdi) susuz qoyublar. İndi isə binanın ümumi su xəttini kəsməklə təhdid edirlər.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3755/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı MMMC-nin Cavabdeh ASC-yə olan 3.995 (üç min doqquz yüz doxsan beş) manat əsassız borcunun silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması və müvafiq əsassız borc məbləğinə görə ünvan 2 ünvanında yerləşən binaya ümumi suyun verilməsinin dayandırılmasının Cavabdeh ASC-yə qadağan edilməsi qət edilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca əgər hər hansı müdaxil edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması Cavabdeh ASC-nin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. Müəyyən edilir ki, İddiaçı MMMC-nin Cavabdeh ASC-yə xx.xx.2023-cü il tarixə olan qalıq borcu 4.100 manat deyil, 3995 (üç min doqquz yüz doxsan beş) manat təşkil edir. Bu səbəbdən, 3.995 (üç min doqquz yüz doxsan beş) manat borcun silinməsinin cavabdehin üzərinə qoyulması əsaslıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh ASC apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3755/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsinin təmin edilmiş hissəsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30,05 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən binanın nasosxana hissəsinə baxış keçirilən zaman sayğacın işlək vəziyyətdə olmaması və bir ədəd d=20 mm-lik ağzı açıq xətt vasitəsi aşkar edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli MXD602064 saylı akt tərtib edilmişdir. Akta əsasən 4100 manat dəymiş ziyan hesablanmışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar xətt vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 4.100 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67.1-ci maddəsi, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 72-ci maddəsi, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1096-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-cı maddəsi, “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndi, “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə istinad edərək qeyd etmişdir ki, iş üzrə qeyd olunan maddi hüquq normaları tətbiq edilməli halda tətbiq edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar xətt vasitəsi ilə qoşulma edərək sudan qeyriqanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 4.100 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Qeyd etmişdir ki, binada 2018-ci ildən işləyir, bina isə 2004-cü ildən tikilərək istifadəyə verilmişdir. Həmin bina Xarici İşlər Nazirliyinin balansındadır. O binada qazanxana vardır, həmin qazanxanaya aparat quraşdırıblar ki, su coddur deyə oraya yumşaldıcı maddələr, dərmanlar atılsın. Daha sonra 2010-cu ildə onu effektsiz olduğuna görə ləğv ediblər. Həmin aparat lazımsız aparat kimi orada qalmışdır. Binada 5 ildir, işləyir, dəfələrlə Cavabdehnun əməkdaşları oraya gələrək baxış keçiriblər. Həmin aparat işləmir, divara dirənmişdir. Həmin vintili heç daşla da açmaq mümkün deyildir. Bu vintilə 10-15 ildir əl vurulmayıb. Burada heç bir qanunsuzluq olmayıbdır, sadəcə 2023-cü ildə Cavabdehnun əməkdaşı yoxlanış keçirdi və akt tərtib etdi, həmin akta imza atmaqdan imtina etmiş, çünki burada heç bir qanunsuzluq yoxdur. Binada heç kim birbaşa su işlətmir, su sayğacdan hovuza gəlir, sayğac ümumidir. Daha sonra isə hovuzdan binaya vurulur, hər mənzilin özünün sayğacı vardır. Binanın xaricindəki sayğaca abonent cavabdeh deyildir. Aktda göstərilir ki, guya açıq xətt mövcuddur, həmin xəttin istifadə olunma ehtimalı vardır.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsinin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3755/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsinin məhz “silinmiş borc” hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bu hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 17.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
19.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
“Su təchizatı və tullantı suları haqqında” Qanunun
20.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. 21.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir. 22.30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. 23.31-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü iltarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın
24.2.1.5-ci, 2.1.7 və 2.1.8-ci bəndlərinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək, istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək və 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-nin vəzifəsidir. 25.3-cü bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək STKM-in hüquqlarına aid edilmişdir. 26.5.1.5-ci bəndinə görə verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarına aid edilmişdir. 27.7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 28.7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
29.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 30.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 31.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 32.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçının fəaliyyət göstərdiyi ünvanda xx.xx.2023-cü il tarixdə sudan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğac işləmədiyi, binanın nasosxana hissəsində ağzı açıq xəttin mövcud olduğu aşkar edilmiş, həmin xəttən istifadə edilməsi ehtimalı qeyd edilmiş, bu barədə akt tərtib edilərək, dəymiş ziyanın məbləği hesablanmışdır. 35.Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 36.İşdə olan sübutları araşdıraraq birinci instansiya məhkəməsi istehlakçının təqsirinin müəyyən edilmədiyinə əsaslanmışdır. Kollegiya məhkəmənin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, mübahisəli akt Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edildiyi üçün həmin sənəddə göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin mübahisəli aktda iddiaçıya aid ünvanda kənar xətt vasitəsilə sudan istifadə olunması qeyd olunsa da, buna dair hər hansı sübut (laboratoriya tədqiqatının nəticəsi, abonent saldosu və s.) məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Belə ki, qeyd edilən bu aktda iddiaçının su xəttindən qeyri-qanuni formada istifadə ediməsi də ehtimal ilə qeyd edilmiş, bu ehtimalın öz təsdiqini tapıb-tapmadığını isə işdə olan materiallarına əsasən müəyyən etmək mümkün olmamışdır. 37.Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. 38.Məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, yəni hesablanmış borcun silinməli olduğu qənaətinə gəlməklə haqlı olmuşdur. Belə ki, Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli 602064 saylı aktı etibarsız, həmin akta əsasən iddiaçının cavabdeh qarşısında əlavə öhdəliyin yaranması əsassız hesab olunmalıdır. 39.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 42.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3755/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova