Məhkəmə qərarları › İş №2(103)-684/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-684/2025

12.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-684/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7209/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Abonent saldosundan görünür ki, iddiaçıya 2018-ci il tarixə 1944 manat, 2022-ci il tarixə 1555,20 manat, 2023-cü il tarixə 5892,48 manat, 2024-cü il tarixə 1399,68 manat məbləğində borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın plastmas borusu deşilib, xətalar normadan artıqdır, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkarlanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın giriş hissəsindən dəmir süzgəc kəsilib, çıxış plastmas borusu deşilib, sayğacın istismara yararsız olduğu aşkarlanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki: 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu **********00000) ilə bağlı hesablanan 9000,9 manat əlavə borc məbləğinin, yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil; Cavabdeh İB tərəfindən təqdim olunan sənədlərdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şəfəq 9 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində (abonent kodu **********00090) aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: 1 ədəd PQ-4 tipli qa piltəsi, maksimal qaz sərfiyyatı 1.2 m3;1 ədəd dəmir sobamaksimal qaz sərfiyyatı 1.4 m3; 1 ədəd qənaətli su qızdırıcısı maksimal qaz sərfiyyatı 1.5 m3. Bu baxımdan tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfinin sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (Qazdan istifadə Qaydalarının 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayııcı şəbəkəyə baxış keçirməlidir) qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2m3 + 1.4m3 + 1.5m3)x12 saat x 30 gün= 1476 m3 Yay ayları üçün ayda (1.2m3 + 1.5m3)x12 saat x 30 gün= 972 m3 İtirilmiş qazın həcmi 2018 (1 akt üzrə) və 2022-ci ildə (2 akt üzrə) qaz sayğacına müdaxiləyə görə iddiaçıya hesablanmış borcun hüquqi əsası olmadığından (abonentin qaz sayğacına müdaxiləsini təsdiq edən heç bir sənəd təqdim edilməmişdir, yalnız müvafiq laboratoriya rəylərinə istinad edilərək abonentə əlavə borc hesablanmışdır) iddiaçıdan tələb edilməməlidir. 2023-cü ildə tərtib edilmiş 2 akt üzrə: 5 qış ayı x 1476 m3 = 7380 m3 2024-cü ildə tərtib edilmiş 1 akt üzrə: 1 qış ayı x 1476 m3 + 2 yay ayı x 972 m3= 3420m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" göstərilən illər üzrə müvafiq Qərarına əsasən əhali istehlakçılarını istehlak tariflərini nəzərə alsaq cavabdehə dəymiş ziyanın məbləği 2023-cü il üzrə 1200 x 0,12 + 1300 x 0,20 + 4800 x 0.25 = 1624 manat 2024-cü il üzrə 1200 x 0,12 + 1300 x 0,20 + 920 x 0.25 = 634 manat olmaqla cəmi 1624 + 634 = 2258 manat təşkil edə bilər. Abonentin qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, qazpaylayıcısına dəymiş zərərin məbləği 2258 manat ola bilər. Abonent saldosunun təhlili xx.xx.2024-cü il tarixə qədər bu borcdan (10791,36-9591,79=1199,36) 1199,57 manat ödənildiyini müəyyən etmişdir. Beləliklə, qazdan qanunsuz istifadə halında iddiaçının qazpaylayıcısına olan borcu 2258-1199,57=1058,43 manat təşkil edə bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı – ünvan 3 ünvanında yerləşən yaşayış evinə (abonent kodu:**********00090) 9591,79 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, məhkəmədən ünvan 3 ünvanında yerləşən yaşayış evinə (abonent kodu:**********00090) əsassız olaraq borc kimi yazılmış 10791,36 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi (abonent kodu **********00090) iddiaçının mülkiyyətindədir. Həmin evdə iddiaçı oğlu ilə bərabər yaşayır. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinin sayğacına baxış keçirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilmişdir. Həmin yaşayış evinin sayğacına baxış keçirilən və aktlar tərtib olunan zaman iddiaçının iştirakı olmamışdır. Həmin cərimə aktlarından xəbəri olmamışdır. Bir müddət əvvəl yaşayış evinin sayğacı Cavabdeh nümayəndələri tərəfindən çıxarılaraq aparılmışdır. Sayğac aparıldıqdan sonra iddiaçının həmin cərimələr və aktlardan xəbəri olmuşdur. Həmin evdə istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. İddiaçı bildirir ki, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7209/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00090 olan) hesablanmış 10324,80 (on min üç yüz iyirmi dörd manat, səksən qəpik) manat borc silinməsi, Cavabdehndən 120,98 (yüz iyirmi manat, doxsan səkkiz qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən bir il yarım, yəni 18 ay müddətində təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı aktlar tərtib edilmiş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 10791,36 manat məbləğində borc tələb edilmişdir. İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir. İşdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, halda, ödəniləcək məbləğin 10791,36 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir. Cavabdeh tərəfindən 2018-2024-cü illər ərzində qazdan istifadəyə görə ümumilikdə 10791,36 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını aşkar etdikdən sonra qazın verilməsini dayandırmaması, qanunsuz xətti qazpaylayıcı şəbəkədən ayırmaması və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal iddiaçıdan tələb etməməsi şəbəkəyə qanunsuz qoşulma barədə iddiaçının iştirakı olmadan tərtib olunmuş aktlarda göstərilənlərin işin hallarına uyğun olmadığını təsdiq edir. Belə ki, əgər ilk aktın tərtib edilməsindən sonra Cavabdeh İB həmin akta əsasən hesablanmış məbləğin tutulması üçün məhkəməyə müraciət etsəydi və abonentin mülkihüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 10791,36 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin Cavabdeh İB neçə il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Ona görə də hesabat müddəti 540 gün (yəni 18 ay) nəzərə alınmaqla dəymiş ziyanın həcmi müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, məhkəmənin iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində 4 gözlü qaz plitəsi olmuşdur. Aktlardan da göründüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirməmiş sayğacdan kənar, kənar xəttdən evin daxilində hansı qaz işlədicilərinin qidanlamasını araşdırmamışdır. Məhkəmə hesab etmişdir ki, analoji işlər üzrə PQ-4-nin maksimal saatlıq qaz sərfi 1.2 3 m /saat olduğundan, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 540 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.2 x 6 x 540= 3888 m3 müəyyən edilməlidir.xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə qazın hər m3 üçün qiymətinin 12 qəpik olduğunu nəzərə alaraq hesab edir ki, dəymiş ziyanın həcmi 466,56 manat (3888 x 0,12 = 466,56) müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin edilərək, ünvan 3 yerləşən fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00090 olan) hesablanmış 10324,80 (10791,36 – 466,56 =10324,80) manat borc silinməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.3, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.7, 13-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1, 119.2, 124.1, 217.4-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5, 9.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7209/2024 nömrəli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı bildirir ki, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək tərəfindən bir il yarım müddətində gündə bir saat olmaqla yemək bişirmək üçün təbii qazdan sayğacdan kənar isifadə etdiyini etiraf etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bildirilir ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış, bir nüsxəsi abonentə təqdim edilmiş və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirilir ki, cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmamış, təqdim etdilən sübutları nəzərə alınmamış və qətnamə qəbul edilərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı. Məhkəmə işin hərtərəfli araşdırlması üçün qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq prosessual hərəkətləri həyata keçirə bilərdi və bununla da qətnamə qanunvericliyin tələblərinə uyğun olmuş olardı. Belə ki, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Həmçinin, qeyd edilir ki, hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin Azəriqaz İB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydaları Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirsə də, qətnamənin əsaslılığı faktiki olaraq iddianın təmin olunan hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 8533,36 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktlara əsasən, cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar istifadə aşkar edilərək dəymiş ziyan hesablanmış və iddiaçıdan abonent saldosuna əsasən qalıq və aktlar üzrə borc tələb edilmişdir. İşdən daha sonra müəyyən olunur ki, birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı təbii qazdan sayğacdan kənar bir il yarım müddətində gündə bir saat yemək bişirmək üçün təbii qazdan istifadə etməsini etiraf etmişdir. İşdən eyni zamanda müəyyən olunur ki, iddiaçıya məxsus ünvana baxış keçirilərək müxtəlif vaxtlarda tərtib olunan aktlara görə abonentin saldosunda 1944 manat, 1555,20 manat, 5892,48 manat, 1399,68 manat olmaqla cəmi 10791,36 manat borc hesablanmışdır. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Bakı filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə abonentin qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, qazpaylayıcısına dəymiş zərərin məbləğinin 2258 manat ola bilməsi müəyyən edilmişdir. Belə ki, mütəxəsis abonent saldosunun təhlili ilə xx.xx.2024-cü il tarixə qədər bu borcdan (10791,36- 9591,79=1199,36) 1199,57 manat ödənildiyini müəyyən etmişdir. Beləliklə, qazdan qanunsuz istifadə halında iddiaçının qazpaylayıcısına olan borcu 2258-1199,57=1058,43 manat təşkil edə bilər. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, təbii qazdan iddiaçı tərəfindən sayğacdan kənar istifadə edilməsi faktı etiraf olunduğundan, mütəxəssis rəyi ilə sayğacdan kənar qoşulma halında iddiaçıdan 2258 manat borcun (1199,57 manat iddiaçı tərəfindən ödənilib) tələb edilməsinin mümkün olması müəyyən edildiyindən, (10791,36 manat – 2258 manat = 8533,36 manat) İddiaçı (abonent kodu **********00090) hesablanmış 8533,36 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Lakin birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, iddiaçıya hesablanmış borcun silinməsi barədə düzgün nəticəyə gəlsə də, silinməli olan borc məbləğini düzgün müəyyən etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7209/2024 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı (abonent kodu **********00090) hesablanmış 8533,36 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Cavabdehndən dövlət rüsumuna görə 105,33 manat dövlət nəfinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar