Məhkəmə qərarları › İş №2(103)-6846/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6846/2022

13.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6846/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akta görə, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evində (abonent kodu: **********00004) sayğacın çıxış plastmas borusunun deşik olması aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır.

2. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə görə, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 9720 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.

3. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı və ******* saylı aktlara görə, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 25 və 83 nömrəli fərdi yaşayış evlərində qeyriqanuni olaraq sayğacdan kənar istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması qərara alınmışdır.

4. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə görə, həmin aktlar əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evinə 820,30 manat, 83 saylı yaşayış evinə 820,80 manat borc (itirilmiş qazın dəyəri) hesablanmışdır.

5. İddiaçı aid abonent saldosuna görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 83 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00083) itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 820,80 manat, sayğacın mənfiyə işləməsinə görə hesablanmış borcun məbləği 366,60 manat təşkil edir.

6. İddiaçı aid abonent saldosuna görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00004) itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 3250,30 manat təşkil edir və abonentin ümumilikdə 5598,55 manat borcu var.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 83 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00083) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 820,80 manat borcun, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00004) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 3250,30 manat borcun, yəni cəmi 4071,10 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 83 nömrəli və 25 nömrəli fərdi yaşayış evləri ona məxsusdur, əsasən ilin isti vaxtlarında bu ünvanlarda öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan xx.xx.2020-ci il tarixində sözügedən ünvanlara gəlmiş, guya ünvanlara baxış keçirtmiş, guya hər iki ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmiş, eyni vaxtda hər iki ünvana dair akt tərtib edərək itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə hər iki ünvana görə 820,80 manat məbləğində əsassız borc yazmışlar. Bundan başqa Birliyin əməkdaşları xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərində məlumatı olmadan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evi üçün quraşdırılmış qaz sayğacını əvəzləmiş, guya hər iki tarixdə sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşik olmasını aşkar etmişlər. Qeyd etdiyi ünvanlarda təbii qazdan qeyri-qanuni istifadəetmə halı olmadan Birliyin əməkdaşları məlumatsız aktlar tərtib etmiş, bu aktlar əsasında əsassız borc yazmışlar. Sözügedən aktlar iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkil isə həmin ünvanlara məxsus deyildir. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəylərdə guya ona məxsus ünvanlarda “PQ-4”, və “Kombi” qeyd olunmuşdur. PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 24 saat, “Kombinin” saatlıq qaz sərfıyyatı 3,0 kub metr, orta günlük iş rejimi 24 saat, hesabat müddəti hər iki ünvan üçün 90 gün götürülmüşdür. Sözügedən ünvanlarda əsasən bağ mövsümü ərəfəsində yaşadığı üçün “Kombi” istilik sisteminin quraşdırılması üçün zərurət olmamışdır. Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə “PQ-4” tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz mövcuddur. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihazlara görə sərfıyyat hesablamış və əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, birliyin əməkdaşları ünvana baxış keçirmədən aktlar tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişlər. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Komissiya tərəfindən aparılmış hesablama ilə də razı deyil. Belə ki, komissiya tərəfindən verilmiş rəylərin hamısında məişət qaz cihazlarının 24 saat fasiləsiz işləməsi qeyd edilmişdir ki, bu hal həqiqəti əks etdirmir. İstənilən məişət qaz cihazının 24 saat fasiləsiz işləməsi heç bir halda mümkün deyildir. Birlik tərəfindən göstərilən cihazların saatlıq sərfıyyatı ilə də razı deyil. Birlik tərəfindən aparılmış hesablamalarda yalnız “PQ-4” tipli qaz cihazına görə bir aylıq dövr üçün 86 manat ekvivalentində sərfıyyat hesablanmışdır ki, bu da ağlabatan deyildir. “PQ-4” tipli qaz plitəsinin aylıq sərfıyyatının 5 manat ekvivalentindən çox olmaması heç kimə sirr deyildir. Birlik sözügedən ünvanlara qaz sərfıyyalına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir.

9. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 4071,10 manat borcun 820,80 manatı dəymiş ziyan məbləği, 366,60 manatı sayğacın mənfiyə işləməsidir. Qalan borc isə istifadə etdiyi qaza görə hesablanmışdır.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 83 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00083) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 820,80 manat və sayğac mənfiyə işlədiyi üçün hesablanmış 366,60 manat borcun, yəni cəmi 1187,40 (bir min bir yüz səksən yeddi manat 40 qəpik) manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, iddianın qalah hissədə təmin edilməməsi, Cavabdehndən dövlət rüsumuna görə 31,90 (otuz bir manat 90 qəpik) manatın tutularaq dövlət büdcəsinin hesabına, ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manatın Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 83 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00083) öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə 820,80 manat və sayğac mənfiyə işlədiyi üçün 366,60 manat, cəmi 1187,40 manat pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulma faktının aşkar olunmadığı, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evinə hesablanmış (abonent kodu: **********00004) borcun təbii qazdan istifadə nəticəsində yaranması tam olaraq təsdiq edilmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilərək həmin borcun silinməsi cavabdehə həvalə edilməlidir.

12. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 18-ci və 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 6-cı və 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə istinad etmişdir.

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddiasının təmin edilməyən hissəsində - ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, ona məxsus 25 nömrəli evlə bağlı tərtib olunmuş aktlara qiymət vermədiyi və həmin ünvana borc kimi yazılmış 3250 manatın sayğac borcu olması barədə əsassız nəticəyə gəldiyi, sayğacın çıxış plastmas borusunun guya deşik olmasının məsuliyyətini daşımasının mümkün olmadığı arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

16. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

18. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

19. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

20. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

21. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə faktiki olaraq yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissə üzrə nəticəyə iş materiallarındakı sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır.

31. Belə ki, yuxarıda qeyd olunduğu kimi (§ 6) Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00004) itirilmiş qazın bərpası üçün aktlar əsasında ümumilikdə 3250,30 manat borc hesablanmışdır.

32. Cavabdeh təşkilat mübahisələndirmir ki, həmin evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; bu isə o deməkdir ki, sayğaca məhz onun tərəfindən müdaxilə edilmiş olunduğunu sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşıyan cavabdeh təşkilat sübuta yetirməlidir (§ 22-23).

33. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının həmin evindən kənarda quraşdırılmış sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edildiyini və onun qazdan qeyriqanuni istifadə etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evinə ümumilikdə 3250,30 manat borc hesablanmasına əsas təşkil edən aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur; buna görə də həmin məbləğ qanuni hesab edilə bilməz.

34. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, 25 nömrəli fərdi yaşayış evinə aktlar əsasında hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır.

35. Bununla belə kollegiya qeyd edir ki, iddiaçı ona məxsus ünvanlara hesablanmış ümumilikdə 4071,10 manat borcun silinməsini xahiş etmiş, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsi üzrə onun abonent hesabından 1187,40 manat borcun silinməli olduğu nəticəsinə gəlmişdir. Bu isə o deməkdir ki, qətnamənin hazırda yoxlanılan hissəsi üzrə nəticəyə gəlinərkən iddia tələbinin həcmi nəzərə alınmalıdır (§ 25).

36. Bu mənada kollegiyanın qənaətinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00004) itirilmiş qazın bərpası üçün aktlar əsasında hesablanmış 3250,30 manat borcun 2883,70 manat hissəsi müvafiq abonent hesabından silinməlidir (4071,10 – 1187,40 = 2883,70).

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1467/2022 saylı iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunsun. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Yeni massivdə yerləşən 25 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00004) itirilmiş qazın bərpası üçün aktlar əsasında hesablanmış 3250,30 manat borcun 2883,70 (iki min səkkiz yüz səksən üç manat 70 qəpik) manat hissəsi müvafiq abonent hesabından silinsin. Həmin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad olduğu rüsumun əvəzi qismində 30 (otuz) manat Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar